Valyuta `qara bazar`ı necə ləğv oluna bilər? – TƏHLİL

Valyuta `qara bazar`ı necə ləğv oluna bilər? – TƏHLİL
  25 Noyabr 2016    Oxunub:6551
Ölkənin valyuta bazarında gərginlik davam edir. Mərkəzi Bankın (AMB) keçirdiyi hərraclarda müşahidə olunan xarici valyuta çatışmazlığı problemi səngimək bilmir. Xatırladım ki, buna bənzər vəziyyət bu ilin iyul və avqust aylarında da yaranmışdı. Sonradan Dövlət Neft Fondu (ARDNF) və AMB-in daha çox valyuta çıxartması müqabilində məsələ həll olundu.

Hazırda ölkədə fəaliyyət göstərən sayca 32 bankdan xarici valyuta satanların sayı azalır. Bank mütəxəssisləri qeyd edirlər ki, buna səbəb banklar tərəfindən əhaliyə yalnız valyuta hərraclarında əldə olunan, habelə ixrac əməliyyatları həyata keçirən müştərilərdən alınan dollarların satılması təşkil edir. Yəni, bundan əlavə digər mənbələr üzrə dollar təklif etmək imkanları yoxdur. Odur ki, adı çəkilən valyuta növü üzrə qıtlıq müşahidə edilir. Bəzi banklar kifayət qədər xarici valyutaya sahib olmadıqlarından isə onu satmaqdan ümumiyyətlə, imtina edir. Bu isə avtomatik olaraq məhz “qara bazara” yol açır.

Məsələ ondadır ki, “qara bazar” da dolayı yolla sonradan rəsmi kursa təsir edir. Düzdür, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və hüquq mühafizə orqanları xarici valyutaların alqı-satqısı üzrə qeyri-rəsmi bazara qarşı mübarizə aparırlar. Lakin bu, yetərlidirmi? Təəssüf ki, yox.

Belə ki, AMB-in keçirdiyi hərracların nəticəsilərinə uyğun olaraq hər dəfə açıqladığı məzənnəyə rəğmən, demək olar, hər gün bütün saytlar yazırlar ki, filan xarici valyutanın qeyri-rəsmi alqı-satqı qiymətləri bu qədərdir və yaxud da məhz bundan ibarətdir. Bu da ondan irəli gəlir ki, bankların əksəriyyəti valyuta satışını dayandırdıqlarına görə, dollar axtaran vətəndaşlar, xüsusən də iş adamları istər-istəməz “qara bazar”a üz tuturlar. Burada da ABŞ valyutası hazırda az qala 2 manata alınıb, satılır. Halbuki, bəlli olduğu kimi xarici valyuta rəsmi olaraq AMB-in elan etdiyi kursdan aşağı-yuxarı 4% fərqlə alınıb-satıla bilər.

Bəs, “qara bazara” qarşı necə mübarizə aparmalı? Ölkədə valyuta bazarında hökm sürən gərginliyi bir az da dərinləşdirməyə xidmət edən qanunsuz bu alqı-satqı əməliyyatlarına son qoymaq mümkün deyilmi?

İş ondadır ki, əgər, söhbət bilavasitə daxili valyuta bazarında dollar-manat təklifindən və tələbindən gedirsə, burada əslində, hansı əməliyyatların qanunsuz olduğu, başqa sözlə desəm, konkret olaraq məhz nəyi qanundan kənar hesab etdiyimiz dəqiqləşdirilməlidir. “Qara bazar” deyilən şey adətən, nədəsə tələb təklifi ödəmədiyi halda təşəkkül tapır və inkişaf edir. Yəni, defisit hökm sürdükdə... Odur ki, ilk növbədə bu məsələ həllini tapmalıdır.

Sual yaranır, dollar 0,78 qəpik olanda valyuta mübadiləsi üzrə niyə “qara bazar” mövcud deyildi?! Çünki o zaman, xarici valyuta təklifi üzrə defisit mövcud deyildi. Neftdən dollarlar gəlirdi. Və ölkəyə daxil olan dollar kütləsi camaatın əlindəki manat həcmindən çox təşkil edirdi. İndi isə vəziyyət əksinədir. Ölkədə valyuta - dollar qıtlığı yaranıb.

Yuxarıda da qeyd etdik: bank mütəxəssisləri də qeyd edirlər ki, banklar tərəfindən əhaliyə yalnız valyuta hərraclarında əldə olunan, habelə ixrac əməliyyatları həyata keçirən müştərilərdən alınan dollarlar satılır.

Ona görə də kommersiya bankları tələbi ödəyə bilmirlər. Belə şəraitdə isə sadə vətəndaşlar müraciət üçün başqa yerlər axtarmaq məcburiyyəti qarşısında qalırlar. Nəticədə isə məzənnə bir az da qalxmalı olur. Və avtomatik olaraq, banklar da vətəndaşların tələblərini ödəmək üçün digər, yəni məhz bu kimi məkanlar axtarmağa başlayırlar. Və beləliklə də, “qara bazar” deyilən qeyri-rəsmi alış-veriş məkanı formalaşmalı olur ki, bunun da qarşısını almaq üçün məhz, inzibati metodlara əl atmaq məcburiyyəti yaranır.

Təbii ki, MBNP tərəfindən bu kimi halların qarşısını almaq üçün irəli sürülən təşəbbüslər alqışlanmalıdır. Ancaq, bu, sonadək effekt yarada bilməz. Belə ki, valyuta bazarında gərginlik qaldıqca, xarici valyuta mübadiləsi üçün qara bazar deyilən, alternativ imkanların axtarışı daima qüvvədə qalacaq. Başqa sözlə, bunun tam olaraq kökünü kəsmək əsla mümkün olmayacaq.

Bununla belə, mən də bu sahədə ciddi cəza tədbirlərinin görülməsinin və tədbiqinin tərəfdarıyam. Belə ki, qara bazarın formalaşması elə bir prosesdir ki, nəzarətə götürülməsə və dərhal qarşısı alınmasa sonda bütün sistemi zədələyə bilər. Unutmaq lazım deyil ki, valyuta bazarında vəziyyət makroiqtisadi sabitlik üçün əsas şərtdir. Və odur ki, bu sahədə prosesin rəsmi müstəvidən kənara çıxması ciddi fəsadlar törədə bilər.

Yeri gəlmişkən, məlumdur ki, keçən il, yəni 2015-ci il ərzində AMB tərəfindən birincisi 34 %, ikincisi isə 47 % səviyyəsində olmaqla 2 dəfə sərt devalvasiya həyata keçirildi. İkinci devalvasiyaya həyata keçirilərkən, yəni 2015-ci ilin dekabrın 21-də 1 dollar 1,55 manata bərabər edilərkən “üzən məzənnə” rejiminə keçildiyi bəyan olundu ki, manatın məzənnəsinin 2015-ci ilin dekabrın 21-dən valyuta bazarında tələb və təklifin nisbəti altında müəyyən ediləcəyi və AMB-nin isə buna uyğun intervensiya həyata keçirəcəyi bildirildi.

Gələn ay 2-ci devalvasiyanın 1 ili tamam olacaq. Hazırda sonuncu hərraca əsasən, AMB-in açıqladığı məzənnə 1 $=1,7196 azn təşkil edir. Bu isə o deməkdir, 2-ci devalvasiyadan indiyədək manat dollar qarşısında 11%, 1-ci devalvasiyadan keçən müddət ərzində 64%, devalvasiyalardan əvvəlki dövrlə (1$=0,78 qəpik olan) müqayisədə isə 120 %-dən çox ucuzlaşıb.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti