Üç dəfə bizi udan `Cırtdan` bu gün nə edəcək?– TƏHLİL

Üç dəfə bizi udan `Cırtdan` bu gün nə edəcək?– TƏHLİL
  14 Avqust 2013    Oxunub:1503
Bu gün futbol üzrə Azərbaycan milli komandası beynəlxalq yoldaşlıq görüşü çərçivəsində “Bakcell Arena”da Malta seçmə komandası ilə qarşılaşacaq. FİFA hakimi Aleksandr Əliyevin başçılıq etdiyi qazaxıstanlı hakimlər briqadası idarə edəcəyi qarşılaşma saat 21:00-da start götürəcək.

İlin 7-ci oyunu

Bakıda keçirilən son rəsmi oyunda Lüksemburq qarşısında qələbə qazana bilməməklə (1:1) tənqid hədəfinə çevirilən milli komandamız azakeşlərin qəzəbindən yayınmaq üçün Malta yığmasını mütləq məğlub etməlidir. Sözügedən qarşılaşma həm də 2013-cü ildə millimizin evdə keçirəcəyi birinci və sonuncu yoldaşlıq matçı olduğundan doğma publika qarşısında qazanılacaq qələbənin dəyərinin bir qədər də artıq olduğunu deyə bilərik.

Onu da qeyd edək ki, bugünkü matç yığmamızın cari ildəki ümumilikdə 7-ci qarşılaşması olacaq. Xatırladaq ki, geridə qalan dönəmdə 6 oyun keçirən Azərbaycan milli komandasının aktivində cəmi bir qələbə var. Qələbə sayı qədər də məğlubiyyətlə üzləşən Berti Foqtsun “drujinası” digər 4 görüşdə isə heç-heçə oynayıb.

103-cü yoxlama matçı

Bugünkü Malta qarşılaşması əsas yığmamızın tarixində 103-cü hazırlıq oyunu olacaq. Belə ki, müxtəlif yoldaşlıq xarakterli turnirlərdəki oyunları da saymaq şərti ilə seçmə komandamız indiyə qədər 102 görüşdə qüvvəsini sınayıb. Bu qarşılaşmalardan 27-də qələbə qazanan Azərbaycan millisi 35 görüşdə meydandan “sülh”lə ayrıldığı halda, 40 oyunda isə məğlubiyyətlə üzləşib. Rəsmi oyunları da nəzərə alsaq isə Malta millisi ilə matç yığmamızın tarixində 198-ci qarşılaşma olacaq. Geridə qalan 197 görüşdə 35 qələbə qazanan millimizin 52 oyunda isə qalib müəyyənləşməyib. Bu oyunlarda əsas millimizin məğlubiyyət sayı isə 110-a bərabərdir.

12 qələbə, 18 heç-heçə və 28 məğlubiyyət

Malta qarşılaşması son altı ildə yığmamıza başçılıq edən almaniyalı Berti Foqtsun milli komandamızdakı 32-ci yoldaşlıq oyunu olacaq. Bu qarşılaşmaların 9-da qələbə qazanan seçmə komandamız 11 oyunda heç-heçə oynayıb. Elə millimizin hazırlıq görüşlərindəki məğlubiyyət sayı da bu qədərdir. Rəsmi oyunları da nəzərə alsaq, bugünkü matç milli komandamızın Berti Foqtsun rəhbərliyi altında çıxacağı 59-cu matç olacaq. Qeyd edək ki, geridə qalan 58 qarşılaşmada 12 qələbə qazanan Berti Foqtslu yığma 18 oyunu bərabərliklə başa vurduğu halda, 28 dəfə məğlubiyyət acısı yaşayıb.

Qələbə heç nə qazandırmayacaq

Azərbaycan – Malta qarşılaşması ilə bağlı daha bir maraqlı məqam isə beynəlxalq yoldaşlıq matçının nəticəsinin komandamızın FİFA-nın reytinq cədvəlindəki yerinə necə təsir edəcəyi məsələsidir. Məlumat üçün bildirək ki, hazırda aktivində 298 xalı olan yığmamız dünyanın 115-ci komandasıdır. Hesabında 52 xal olan Malta isə 134-cü yerdədir. Komandamızın özündən geridə olan kollektivlə üzləşməsi qələbə qazanacağımız təqdirdə də aktivimizdəki xalın azalması demək olacaq. Heç-heçə isə millimizə daha ağır başa gələ bilər. Cəmi 66 əmsal gətirəcək bərabərlik reytinqdəki xallarımızı 273-ə qədər azaldacaq. Mümkün məğlubiyyətə gəlincə, bu nəticə heç bir xal gətirmədiyindən vəziyyətimiz daha da pisləşə bilər. Belə ki, yığmamız uduzmaqla xal hesabının 265-ə düşməsinə üzüləcək.

Yığmamız həmişə uduzduğu rəqibə qarşı

Bugünkü oyun Malta millisi ilə ümumilikdə dördüncü qarşılaşmamız olacaq. Digər tərəfdən, hər iki ölkə təmsilçilərinin klub səviyyəsində də bir dəfə qarşılaşdığını vurğulamalıyıq. Deməli, yaxın keçmişə ekskurs etməyə və iki ölkənin futbol sahəsindəki bağlılığına diqqət yetirməyə dəyər.

İki ölkənin yığmaları indiyə qədər cəmi üç dəfə qarşılaşıb ki, bunlardan da ikisi yoldaşlıq oyunu, biri isə beynəlxalq turnir səviyyəsində baş tutub. Maraqlıdır ki, Malta ilə keçirilən hər üç oyun bu ölkənin paytaxtı Ta Qalidə baş tutub. İlk dəfə 1994-cü ilin 19 aprelində Malta ilə qarşılaşan yığmamız matçdan 5:0 hesablı yenilgi ilə ayrılıb. Bundan altı il sonra, konkret desək, 2000-ci ilin 6 fevralında bu dəfə beynəlxalq turnirdə üz-üzə gələn yığmaların matçı isə 3:0 hesabı ilə rəqibin xeyirinə başa çatıb.

Əsas milli səviyyəsində sonuncu qarşılaşma isə 2002-ci il aprelin 17-nə təsadüf etmişdi və digər iki qarşılaşmada olduğu kimi, bu dəfə də qələbəyə sevinən tərəf Malta yığması olmuşdu. Fərq yalnız bunda idi ki, sonuncu qarşılaşmada minimal hesab qeydə alınmışdı. İki ölkənin yığma səviyyəsindəki qarşılaşmaları ilə bağlı diqqət çəkən məqamlardan biri də yığmamızın rəqib qapısına yol tapmamasıdir.

Klublar səviyyəsindəki qarşılaşmaya gəlincə, bu baxımdan yalnız bir oyunu qeyd etmək olar. Sözügedən oyunu xatırlamaq üçün isə heç də uzaq keçmişə səyahət etmək lazım deyil. Belə ki, təxminən bir ay öncə iki ölkə klublarının beynəlxalq səviyyədə duelini izləmişdik. Söhbət “Xəzər Lənkəran”la “Slima”nın Avropa Liqasının ilkin təsnifat mərhələsindəki oyunundan gedir. Xatırladaq ki, həmin cütün qalibi səfərdən heç-heçə ilə (1:1) döndükdən sonra evdə minimal hesablı qələbə qazanan təmsilçimiz olmuşdu.

Tural Məmmədov


Teqlər:





Xəbər lenti