Əhaliyə istilik vaxtında veriləcəkmi? – TƏHLİL

Əhaliyə istilik vaxtında veriləcəkmi? – TƏHLİL
  19 Oktyabr 2016    Oxunub:10342
Hər il qış mövsümü qapını kəsəndə Bakıda əhalinin istilik, qaz və işıqla təminatı müzakirə obyektinə çevrilir. Bu da təsadüfi olmur. O səbəbdən ki, cavabdeh qurumlar hər dəfə qışa hələ 2-3 ay qalmış bütün zəruri hazırlıq işlərinə başladıqlarını bəyan etsələr də, soyuqlar düşən və yağıntılar başlayan kimi yenə problemlər ortaya çıxır.

Məsələn, hələ qış ayları başlamayıb, mənzillərdə qazın təzyiqindən yenə narazılıqlar var. Belə ki, “Azəriqaz” İstehsalat Birliyindən (İB) bildirirlər ki, hər şey əvvəlki qaydasındadır, amma mavi yanacaq istehlakçılarısa təzyiqin az olduğundan şikayət edirlər. Eyni vəziyyət keçən il bu vaxt da müşahidə olunmuşdu. Məsələ bundadır ki, hər dəfə də müvafiq qurumlardan rəsmi olaraq açıqlama verilərək izah olunur ki, filan məsələ məhz bu cürdür və filan tarixdə tələb olunduğu kimi həll ediləcək. Məsələn, SOCAR rəhbərliyi hər il bu vaxt ölkədə əhalinin qazla təchizatında qış rejiminə keçidin noyabrın 1-i tarixdən etibarən həyata keçirildiyi haqda açıqlama verməyə məcbur olur.

Təsadüfi deyil ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev bir neçə gündür ölkə ərazisində qazın təzyiqi ilə bağlı yaranan problemə münasibətdə də bu günlərdə bəyan etdi ki, Azərbaycanda qış rejiminə keçid noyabrın 1-də baş verir. “Yayda isə qazın təzyiqi aşağı salınır. Hər il qış rejiminə keçiddə təzyiq 3 dəfə artırılır. İndi bir neçə gündən sonra hava istiləşəcək, temperatur qalxsa da, insanların qaza olan təlabatı qış rejimindəki kimi qalır”,– deyə, R. Abdullayev bildirdi. SOCAR rəhbəri onu əlavə də etdi ki, 15 gündür “Azəriqaz” qış rejiminə keçidlə bağlı məsələlərə başlayıb.

Yaxşı, tutaq ki, noyabrın 1-dən qazın təzyiqi artırıldı. Bəs, əhalinin qış mövsümündə istiliklə təchizatına cavabdeh olan "Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin (ASÇ) "Azəriqaz" İB-yə olan borcu noyabrın 15-dək ödəniləcəkmi?!



Qeyd edək ki, cari ilin ötən 9 ayı ərzində “Azəristiliktəchizat” ASC-nin “Azəriqaz” İB qarşısında əlavə olaraq 8 milyon 416 min manat həcmində debitor borcu yarandığı deyilir ki, keçən il də bu qurumlar biri-birlərini ittiham edirdilər. Belə ki, noyabrın 15-dən ölkə üzrə istilik təchizatının verilməsinə başlanmalı olsa da Bakının bir çox yerlərində binalar və dövlət müəssisələrinə istilik verilmədi. Və buna münasibətdə “Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətinin rəisi açıqlamasında bildirdi ki, buna görə məsuliyyəti “Azəriqaz” daşıyır.

“Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən isə “Azəristiliktəchizat” ASC-nin ittihamlarına cavab verərək bildirdilər ki, mənzillərə istiliyin verilməməsinə görə məhz qarşı tərəf məsuliyyət daşıyır. Belə ki, qeyd olundu ki, qazanxanalara təbii qazın verilişi üzrə bütün öhdəliklər yerinə yetirilir və mövsüm başlayandan hansı qazanxana haqqında aidiyyatlı qurum tərəfdən “Azəriqaz”a müraciət daxil olubsa, təbii qazla təmin olunub.

Problem isə onda idi ki, “Azəristiliktəchizat”ın “Azəriqaz”a borcu var idi və buna görə də bir neçə qazanxanaya qaz verilişi dayandırılmışdı. İndi də deyilir ki, debitor borcu olan qazanxanalara təbii qaz verilməyəcək. Ümumiyyətlə, “Azəristiliktəchizat”ın sərf etdiyi qaz üzrə maksimum 35-38% səviyyəsində ödəniş edildiyi bildirilir ki, payız-qış mövsümü başlayan zaman ilk növbədə debitor borcu olmayan qazanxanalara təbii qaz veriləcək. Borcla ilə bağlı məsələdə isə dəfələrlə “Azəristiliktəchizat” ASC-yə yazılı müraciət olunsa da, ortaq məxrəcə gəlinməyib. Bəs, vəziyyət necə olacaq?

Məsələ bundadır ki, biz, ümumiyyətlə, büdcə təşkilatlarının istər biri-birlərinə olan debitor, istərsə də dövlət xəzinəsinə olan vergi borclarına dair mövzusunda vaxtı ilə yazdığımız şərhimizdə də vurğulamışdıq ki, necə olur ki, adi vətəndaşların borcu yarandığı halda dərhal bəyan edilir və müvafiq qurumlar hərəkətə keçir, amma büdcə təşkilatları üzrə isə yox?

Vəziyyət bir daha sübut edir ki, bizdə bu sahədə ciddi problemlər hökm sürür və illər keçdikcə, vəziyyət nəyinki düzəlir, əksinə pisləşir. Çünki büdcə təşkilatlarının işlətdikləri enerji resurslarına görə pulu ödəməmələrindən əlavə, bu sahədə düz-əməlli uçot və statistka da yoxdur.

Ümumiyyətlə, Azərbaycanda daxili borclarla əlaqədar iki problem mövcuddur. Hansı ki, bir-birinə çulğalaşaraq zəncirvari xarakter alır. Birincisi, deditor borclardır ki, ölkəmizdə bu problem neçə illərdir nəinki həllini tapmır, sistemdaxili borcların durmadan artması ilə müşahidə olunur. İkincisi isə iri büdcə tədiyyəçilərinin borclarıdır ki, bunun da bir hissəsi obyektiv səbəblərdən yaranırsa da, xeyli hissəsi sünü yollla formalaşır.

Xatırladım ki, “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Prezidentin 08 iyun 2005-ci il tarixli 847 saylı sərəncamına əsasən yaradılan “Azəristiliktəchizat” ASC-nin vəzifəsi istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satışı və servis xidmətlərinin yerinə yetirilməsi funksiyalarını həyata keçirməklə Bakı şəhərində və respublikanın regionlarında yaşayış evlərinin və binalarının, təhsil, səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin istilik təchizatını təmin etməkdən ibarətdir.

Dövlət başçısı da demişdi ki, “Azəristiliktəchizat”-ı ona görə yaratdıq ki, Bakının və bütün ölkənin istilik problemini aradan qaldıraq. Yeri gəlmişkən, adı çəkilən qurumun ölkə üzrə cəmi 535 qazanxanası mövcud olsa da, bunlardan 510-nu aktivdir.

Fikrimcə, “Dövlət maliyyə nəzarəti haqda” qanun qəbul edilməsə və uyğun olaraq da qeyd olunan nəzarətin işlək mexanizmi hazırlanıb həyata keçirilməsə, vəziyyət düzəlməyəcək.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti