İxracı necə genişləndirmək olar? - TƏHLİL

İxracı necə genişləndirmək olar? - TƏHLİL
  14 Oktyabr 2016    Oxunub:6894
Qeyri-neft sektorunda inkişafa və artıma nail olmaq məqsədilə ilin əvvəlindən bəri ixracı dəstəkləmək üçün bir sıra addımların atıldığı məlumdur. Bura təşviqat, subsidiya verilməsi, güzəştlərin tətbiqi və sair daxildir.

Prezidentin oktyabrın 5-də imzaladığı xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə dair fərmanını da qeyd etmək yerinə düşər. Lakin rəsmilər də etiraf etdikləri kimi, bir gün ərzində ixracı dəfələrlə qaldırmaq əsla mümkün deyil. Bu mexanizmə kompleks tədbirlərin bir hissəsi kimi yanaşmaq lazımdır. Çünki ixrac kifayət qədər mürəkkəb prosesdir. Bura istehsal, daxili bazarın ehtiyaclarının ödənilməsi, keyfiyyət, kəmiyyət kimi məsələlər daxildir. Eyni zamanda xarici bazarlarda iqtisadi durum, müştərilərin alıcılıq qabiliyyəti, tələbatın dəyişməsi kimi amillər də nəzərə alınmalıdır.

Daxili bazar demişkən, ümumiyyətlə, bütün bu məsələlər haqda mülahizələrim belədir: istehsal müəssisələrini yaradıb, sonra bazar haqda düşünmürlər - bazarı nəzərə alıb, istehsal sahələrini yaradırlar... Bunun üçün isə marketinq deyilən bir sahə var. Hesab edirəm, Azərbaycanda əgər, qeyri-neft sektorunu inkişaf etdirmək istəyiriksə öncə, marketinq sahəsinə diqqət yetirmək vacibdir. Belə ki, müxtəlif istiqamətlər üzrə təcili olaraq marketinq ixtisası üzrə mütəxəssislər yetişdirmək lazımdır. Bu, məsələnin birinci tərəfidir.

Digər tərəfdən, istənilən halda bazar amili mühüm şərtdir. Belə ki, bu mənada, şərhlərimdə həmişə ilk növbədə daxili bazarın qayğısına qalmaq lazım gəldiyini vurğulamışam və yenə bu fikirdəyəm. İlk növbədə yerli bazarı idxal məhsullarının asılılğından qutarmalıyıq ki, ixracımızı genişləndirə bilək. Bəli, elə məhsullar vardır ki, dünya bazarlarında onlara böyük ehtiyac var. Ancaq, bunlar hamısı xammal məhsullarıdır.

Belə ki, inkişaf etmiş ölkələr demək olar, hansı növ emal məhsulları varsa və buna ehtiyac duyurlarsa, özləri istehsal edirlər. Odur ki, emal məhsulları ilə bizim dünya bazarlarına çıxmağımız nəinki yaxın, hətta orta perspektivdə də real görünmür. Bunun üçün gərək, yüksək rəqabətqabiliyyətli məhsullar istehsal edək. Bu isə asan deyil. O mənada ki, əvvəla gərək, yüksək texnologiya olsun, ikincisi də kadr potensialı. Tutaq ki, texnologiyanı və sairəni pulla alıb gətirdik, yəni ki, müvafiq investisiya yolu ilə bunları təmin etdik. Bəs, yüksək ixtisaslı kadrları yetişdirmək və mütəxəssislər əldə etmək məgər, bir günün, ayın və yaxud ilin işidirmi?! Sözsüz ki, yox. İstənilən sahədə yüksək səviyyəli kadr yetişdirmək azı 5-10 il vaxt tələb edir...

Odur ki, hesab edirəm, ixracımız hələ ki, sırf xammal məhsulları üzərində qurula bilər. Ancaq daxili bazarı isə bacardıqca öz məhsullarımızla təmin etməliyik. Bunun üçün idxalı mütləq məhdudlaşdırmalıyıq. Əvvəla, buna inzibati yolla nail olmaq lazımdır. Yəni, yerli istehsal himayə olunmalıdır. Demirəm ki, tələbatımızı 40-45%-ni ödəyə bildiyimiz məhsulların da xaricdən gətirilməsinə qadağan qoyaq. Ancaq hansı məhsul növü üzrəsə daxili tələbatı 75-80%-dən çox ödəyə biliriksə, həmin növ məhsulların kənardan gətirilməsi məhdudlaşdırılmalıdır.

Ümumiyyətlə, nəzərə almaq vacibdir ki, istənilən məhsul növü üzrə alıcı kütləsi əslində hər yerdə var. Sadəcə olaraq, hər şey tədiyyə (alıcılıq) qabiliyyətinə bağlıdır. Ölkəmizin vətəndaşları maddi cəhətdən imkan əldə etdikcə, təbii ki, daha çox keyfiyyətli və geniş çeşiddə mallara tələbat nümayiş etdirəcəklər. Bu isə avtomatik olaraq istehsalı həm kəmiyyətcə, həm də keyfiyyətcə daima yüksəltməyi zərurətə çevirəcək. Bu, elə bir prosesdir ki, sonda istər-istəməz rəqabətqabiliyyətli məhsul istehsalı ilə nəticələnəcək. Artıq, bu mərhələdə ixrac da reallığa çevriləcək və o da genişlənəcək.

“Hazırda ixrac missiyalarının təşkil olunacağı xarici ölkələr, ölkə stendinin təqdim olunacağı beynəlxalq sərgi və yarmarkalar müəyyənləşdirilir, “Made in Azerbaijan” brendinin təbliğ olunacağı məhsullara və həmin məhsulların təqdim ediləcəyi mağazalar şəbəkəsinə dair araşdırmalar aparılır. Bu sahədə müvafiq qaydalar və meyarlar hazırlanır.” – deyə, iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Nazirin sözlərincə, ilkin olaraq İstanbul, Moskva, Frankfurt, Dubay və digər iri hava limanlarındakı “Duty Free” mağazalarında, Rusiyanın tanınmış mağazalar şəbəkələrində “Made in Azerbaijan” rəflərinin yaradılması və Azərbaycan şərablarının, mürəbbə, bal, xalça, kəlağayı və s. kimi məhsulların təqdim olunması təklif edilir. Başlanğıc pis deyil.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti