2017-ci il büdcəmizdə neftin qiyməti neçə götürülməli idi? – TƏHLİL

2017-ci il büdcəmizdə neftin qiyməti neçə götürülməli idi? – TƏHLİL
  19 Sentyabr 2016    Oxunub:10311
Gələn ilin, o cümlədən, növbəti 3 ilin dövlət büdcəsinə dair proqnozlar və sosial-iqtisadi inkişaf konsepsiyası layihəsi artıq Nazirlər Kabinetindədir. Şübhəsiz ki, neftin dövlət büdcəsində qiyməti məsələsi bu dəfə də aktualdır və bundan sonra hələ bir neçə il də belə olaraq qalacaq. Sadəcə, əvvəlki illərdən fərqli olaraq son 2 ildir dünya bazarlarında vəziyyətlə bağlı, bu məsələnin həlli xüsusi diqqət və ciddi ehtiyat tələb edir.

Əldə olunan məlumata əsasən isə 2017-ci il üçün dövlət büdcəsi layihəsində qiymət 1 barrelə görə 40 ABŞ dolları məbləğində götürülüb. Lakin, 1 barrel neftin 35 və 45 dollar qiymətləri nəzərə alınmaqla da senarilərin hazırlandığı deyilir.

Ötən həftə energetika naziri Natiq Əliyev bildirmişdi ki, növbəti ilin dövlət büdcəsi layihəsində neftin 1 barelinin baza qiymətini 40 dollardan hesablamaq gərəkdir. Bu da onu göstərir ki, 40 dollar qiymət deyəsən, bütün strukturlar ilə razılaşdırılıb. Nazir sözlərini məhz onunla əsaslandırmışdı ki, neft hasilatçısı olan bir sıra ölkələr, o cümlədən bizim qonşularımız da gələn ilin dövlət büdcəsində neftin 1 barrelinin baza qiymətini qeyd olunan səviyyədə götürüb.

Bəs, əslində necə olmalıdır? Ümumiyyətlə, növbəti il üçün neftin dünya bazarlarında orta illik qiymətinə dair proqnozlar necədir? 40 dollar labüd qiymətdirmi?

Məsələ bundadır ki, neftin dünya bazarlarında qiyməti 2014-cü ilin iyun ayından düşməyə başladı. Lakin bu proses bir çoxlarına qısamüddətli göründüyündən, bir sıra ölkələr, o cümlədən, Azərbaycan hökuməti də 2015-ci ilin dövlət büdcəsində onun qiymətinə qeyri-səhih yanaşdı. Belə ki, qiymət 90 ABŞ dolları məbləğində götürüldü. Halbuki, keçən il üçün neftin dünya bazar qiymətləri üzrə orta illik proqnoz göstəriciləri maksimum 50-60 dollardan yuxarı söylənilmirdi. Həqiqətən də, sözügedən ilin əvvəlindən neftin dünya bazar qiyməti büdcədə proqnozlaşdırılandan 2 dəfə aşağı səviyyədə qeydə alınmağa başlandı. Ancaq bu dərs oldumu? Təəssüf ki, yox...

2015-ci il ərzində proses davamlı olduğunu göstərdikdən sonra isə bu dəfə hökumətimiz cari ilin büdcəsində qiyməti yenə də səhv olaraq 50 ABŞ dolları səviyyəsində götürdü. Doğrudur, maliyyə naziri Samir Şərifov hökumətin bunun baza qiyməti olaraq götürüldüyünü elan etmişdi. Belə ki, eyni zamanda pessimist və optimist ssenarilər də nəzərə alınmalı idi. Necə ki, yenə də gələn il üçün 1 barrel neftin 35 və 45 dollar qiyməti nəzərə alınmaqla da ssenarilərin hazırlandığı deyilirdi.

Yəni, nazir qeyd etmişdi ki, 50 dollardan həyata keçirilən hesablamalara görə hər şey 2016-cı ilin dövlət büdcəsi layihəsinə əsasən ortada olsa da, qiymət 60 dollar olduqda ehtiyatlar artacaq, 40 dollar olduqda isə azalacağı nəzərə alınıb.

Ancaq bu zaman söhbət icmal büdcədən gedirdi. Yəni, Neft Fondu (ARDNF) da daxil olmaqla hazırlanan ümumi büdcədən... Yeri gəlmişkən, bütün şərhlərimizdə qeyd etmişik ki, neftin qiymətinin proqnoz ediləndən aşağı və yaxud yuxarı həddə olması dövlət büdcəsinə əslində bilavasitə təsir göstərmir. Yəni, ARDNF “bufer” rolunu yerinə yetirir ki, valyuta ehtiyatlarımız əsasən sözügedən Fondda toplandığından bu qurum dövlət büdcəsi üçün “yastıq” əhəmiyyəti kəsb edir. Bununla belə, təkrar edirik, neftin qiyməti istənilən halda həlledici xarakter daşıyır.

Cari il başlayan kimi dünya bazarlarında qiymət 40 dolları da "dəlib", aşağıya getdi. Və odur ki, heç bir vaxt baş vermədiyi halda, məhz fevral ayında dövlətin əsas maliyyə sənədinə dəyişiklik etmək məcburiyyəti yarandı. Neftin 1 barelinin qiyməti 25 dollara salındı. Halbuki, bunu əvvəldən belə müəyyən etmək lazım idi.

Odur ki, əvvəlki səhvlərdən nəticə çıxartmaq lazımdır. Düzdür, hökuməti də qınamaq olmur. Çünki bu sahədə proqnoz vermək çətindir. Məsələn, heç bir xarici mənbə də güman etmirdi ki, neftin qiyməti müvəqqəti də olsa, 40 dollardan aşağı düşsün... Ancaq qeyd etdiyim kimi, ilin əvvəlində bu, baş verdi...

Ona görə də, hesab edirəm, növbəti il üçün də kifayət qədər ehtiyatlı olmaq lazımdır. Bir sıra proqnozlara əsasən, gələn il neftin dünya bazarlarında orta qiyməti 47 dollardan çox olmalıdır. Mən də güman edirəm ki, qiymət 50 dollardan çox da aşağı düşməyəcək. Hətta, bir müddət 55-60 dollar arasına da qalxa bilər.

Ancaq bunlar ehtimaldır. Yaxşı olardı ki, hər cür riskdən uzaq olmaq və bütövlükdə ili tam rahat başa vurmaq üçün 2017-ci ilin dövlət büdcəmizdə qiymət 40 dollardan aşağı götürülsün. Hər halda, büdcəyə builki kimi "tələm-tələsik" dəyişiklik etmək məcburiyyəti qarşısında qalmaq istəmiriksə, bu, daha düzgün və sığortalı variant hesab olunur. Nəzərə almaq lazımdır ki, manat da möhkəm dayaqlar üzərində dayanmayıb. Növbəti ildə də təzyiqlər davam edəcək. Odur ki, builki 25 dollarda fərqli olaraq, 30 dollar daha məqbul variant sayıla bilərdi...


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti