`Qarabağ Qafqaz Albaniyası dövründə` kitabı təqdim olundu - Fotolar

`Qarabağ Qafqaz Albaniyası dövründə` kitabı təqdim olundu - Fotolar
  22 İyul 2016    Oxunub:4331
Bu gün Prezident Kitabxanasında "Erməni iddiaları işığında Qarabağın etnosiyasi və mədəni tarixi" adlı üç cildliyin l cildi "Qarabağ Qafqaz Albaniyası dövründə” əsərinin təqdimat mərasimi keçirilib.
AzVision.az-ın xəbərinə görə, tədqiqatçı-alim, Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər və ölkəşünaslıq kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Əmirov və ukraynalı tədqiqatçı, Ukrayna Milli Yaddaş İnstitutunun əməkdaşı Maksim Mayorovun birgə müəllifi olduqları "Qarabağ Qafqaz Albaniyası dövründə" əsərində Qarabağın islamaqədərki tarixi yeni elmi faktlarla araşdırılıb.

Kitabda arxiv materiallarından, ilkin mənbələrdən, tanınmış azərbaycanlı, erməni, rus, gürcü, türk və Qərb alimlərinin tədqiqatlarından geniş istifadə edilib. Əsərdə Qafqaz Albaniyası dövründə Qarabağın siyasi həyatı, mədəniyyəti, etnik mənzərəsi canlandırılıb, bu dövrə aid erməni iddiaları bir-bir nəzərdən keçirilib.

Müəlliflər kitabda erməni mənbələrinin geniş müqayisəli təhlilini verib, erməni iddialarını və təhriflərini elə erməni müəlliflərinin öz dili ilə ifşa edib, onlar arasında ziddiyyətləri, tarixi uyğunsuzluqları açıb göstəriblər.

I cild ön söz və 4 fəsildən ibarətdir. I cildin ilk fəslində Qarabağın zəngin arxeoloji irsinə, bölgənin tarixi toponimikası ilə bağlı məqamlara toxunulub, əcnəbi oxucuları çaşdıran məqamlara aydınlıq gətirilib. İkinci fəsil özündə Qafqaz Albaniyası, alban etnosu və mədəniyyəti haqqında müxtəsər tarixi məlumatları ehtiva edir. Tədqiqatın üçüncü fəslində Qarabağ bölgəsinin Qafqaz Albaniyasının siyasi, dini və mədəni tarixində oynadığı mühüm rol oxucuların diqqətinə çatdırılıb. IV fəsildə isə Alban kilsəsinin tarixi taleyi və Qarabağın kilsə tarixindəki yerinə diqqət ayrılıb, ermənilərin bu məsələdə dünya ictimaiyyətini həqiqətlərdən yayındırmaq üçün irəli sürdükləri arqumentlərin əsassızlığı mənbələrin müqayisəli təhlili əsasında işıqlandırılıb.

Kitab Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə “Şuşa qrantı” çərçivəsində nəşr olunub. Kitabın elmi redaktoru Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər və ölkəşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə elmlər doktoru, professor Məmməd Əliyevdir.

Elvin Abulqədirov
FOTO: Elvin Abdulla

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti