İcra başçısı: “O da qeyrətsizlik edir”

İcra başçısı: “O da qeyrətsizlik edir”
  24 Fevral 2013    Oxunub:1803
İcra başçısı ilə nazirlik işçisi arasında qarşıdurma yaranıb.
İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev hazırda İqtisadi İnkişaf Nazirliyinin Gəncə Regional Mərkəzində işləyən kiçik qardaşı Eldar Hacıyevə kələk gəlib. Belə ki, V.Hacıyev Göygöl rayon icra hakimiyyətinin başçısı işlədiyi dövrdə «Kapitalbank»ın Göygöl rayon filialının müdiri olan qardaşı Eldar Hacıyevə öz vəsaiti hesabına abadlıq işi gördürüb, amma bu günədək pulunu verməyib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən Eldar Hacıyev qardaşı Vilyam Hacıyevin təhriki ilə apardığı abadlıq işlərindən sonra üzləşdiyi çoxsaylı problemlərdən söz açıb: «Bildiyiniz kimi, hazırda İmişli rayonunun icra başçısı olan qardaşım Vilyam Hacıyev 2004-2006-cı illərdə Göygöl rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb. O, rayona gəldiyi ilk dövrlərdə abadlıq işlərinə başlamışdı. O zaman mən «Kapitalbank»ın Göygöl rayon filialının müdiri idim. Vilyam Hacıyev rayonda bir sıra işlər görmək üçün müvafiq göstərişlər verirdi. Məni də yanı çağırıb, dedi ki, rayon mərkəzi parkında və stadionda təmir, tikinti və abadlıq işləri aparım. Dedi ki, pul tap. Xərclədiyin vəsait rayona ayırılacaq puldan geri ödənəcək. Mən də qardaş kimi, ona dəstək olmaq üçün təklifi qəbul elədim və hər iki ərazidə abadlıq, təmir işləri apardım. Bu iş təxminən 32 min manata başa gəldi. O da bildirdi ki, hazırda pulum yoxdur, prezident rayonun sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, infrastrukturun yenilənməsi və abadlaşdırma ilə bağlı pul ayıranda, sənin vəsaitini qaytaracam. Düzü, mənim o qədər pulum yox idi. Sadəcə, qardaşımın sözünü yerə salmamaq üçün borc götürüb, həmin işləri həyata keçirdim. Ancaq sonradan borc sahibinə pulu qaytara bilmədim. Məcbur qalaraq, «Kapitalbank»dan kredit götürdüm. Ancaq qardaşım Vilyam Hacıyev pulumu qaytarmadı. Bu günə qədər həmin krediti ödəyə bilmirəm».

E.Hacıyev bildirib ki, hazırda bütün əmlakı girovdadır. Onun sözlərinə görə, bank borc məsələsi ilə bağlı məhkəməyə müraciət edib: «Bank kredit borcuna görə məni məhkəməyə verdi. Əsas borcum 37 min manatdır, faizlə bir yerdə isə 49 min manatı ödəyə bilmədiyim üçün məhkəmənin qərarı gəlib əmlakımı qiymətləndirdilər. Mənə məxsus sexi 150 min manata qiymətləndirib, 95 min manata hərraca çıxarıblar. Bir sözlə, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin qərarı artıq icra olunmaq ərəfəsindədir. Bəli, qardaşımın günahı səbəbindən bu gün Bakıdakı sexim girovdadır, evimin üzərinə həbs qoyulub. Belə getsə, ailə-uşağımı çölə tökəcəklər, pis vəziyyətdə qalacağıq. Çıxılmaz vəziyyətdəyəm, nə edəcəyimi bilmirəm».

İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev qardaşının iddialarına cavab verib. Mia.az-a açıqlama verən icra başçısı deyib ki, qətiyyən belə bir şey olmayıb. V.Hacıyevin sözlərinə görə, Eldar Hacıyev onun ögey qardaşıdır: «Bütün bunların hamısı şər-böhtandır. 15 ilə yaxındır ki, mənim onunla heç bir münasibətim yoxdur. O, orta məktəbi bitirəndə attestat qiymətləri üç olduğu üçün dörd dəfə instituta sənəd verdi, amma hamısında da «2» aldı, əsgərliyə getdi. Sonra Özbəkistana üz tutdu. Orda hansısa fırıldaq yollarla institut oxudu. Onun biliyi sıfırdır. Ancaq savadsız, qabiliyyətsiz adam belə danışa bilər. Qeyrətli, namuslu, vicdanlı adam belə şeyə əl atmaz. Əgər o, mənə qardaşdırsa, olmayan şeylərə görə mənə şər atmaz. O, görür ki, son dövrlər mənə qarşı düşmən mövqeyində duran insanlar şər-böhtan atır, bu da onlara qoşulub və onlar kimi qeyrətsizlik edir. Bu səbəbdən də mənim başqa sözüm yoxdur».

V.Hacıyev bildirib ki, E.Hacıyevin hansı yollarla bank müdiri, indi isə İqtisadi İnkişaf Nazirliyinin Gəncə Regional Mərkəzində işləməsi barədə məlumatı yoxdur. «Kim onu ora təyin edibsə, kim ona arxa durursa, ondan soruşmaq lazımdır ki, belə bir savadsız adamı vəzifəyə necə qoymusan. Ona bircə kəlmə sual versəniz ki, sadə kəsr kəsrin üstünə necə gəlir, ona cavab versə, sizin əlinizi sıxaram», - deyən V.Hacıyevin sözlərinə görə, belə bir səviyyədə olan adamla heç vaxt üz-üzə oturub, nəsə müzakirə eləməz.

İcra başçısının sözlərinə görə, onun E.Hacıyev kimi bir adama ehtiyacı olmayıb: «Abadlıq, quruculuq işləri ilə bağlı rayonda təhkim olunan kurator olub, bütün işləri də o, aparıb. Əgər ona müraciət olunubsa, 50 idarə-təşkilat olub, onlardan birinə də deyilərdi ki, filan işi gör. Necə olur ki, buna göstəriş verilir? Bunların hamısı şər-böhtandır, xahiş edirəm, məsələyə düzgün yanaşasınız. Özümdən asılı olmayaraq, əsəbiləşirəm ki, belə bir vəziyyət yaranıb. Əgər o, mənim qardaşım olsaydı, birinci belə şeylər etməzdi. Qardaş qardaşı haqqında bu cür informasiya verməz. Nə qədər düşmən də olsa, qardaş qardaşa belə şər atmaz. O, mənim qardaşım olsaydı, çağırıb ona kömək edərdim, öyüd-nəsihət verərdim. Onunla ata bir, ana ayrı qardaşıq. Düzü, onun harada, necə böyüdüyündən mənim xəbəri yoxdur. İndi onun problemləri yaranıbsa, kimisə şərləmək çıxış yolu deyil. Şər-böhtan Allaha da xoş getmir. İmam Əli deyir ki, Allah-təala iki adamdan üz döndərir, biri şər-böhtan ataraq başqasına ləkə yaxanlardan, o biri də ara qarışdırıb insanlar arasında fitnə-fəsad törədənlərdən. Bu da şər-böhtan atmaqla məşğuldur».



Teqlər:





Xəbər lenti