Nə içdiyinizə diqqət edin

Nə içdiyinizə diqqət edin
  23 İyul 2013    Oxunub:2132
Artıq 16 ildir ki, “Coca-Cola” və onunla eyni tərkibə malik digər içkilər haqqında təcrübələr aparılır və insanlar xəbərdar edilir
Yay fəsli gələr-gəlməz sərinləşdirici qazlı suların “bəxti” açılır. Biz də qısa müddətli sərinliyə şirniklənərək həmin suları bəh-bəhlə içirik. Cibimizə və ən əsası da sağlamlığımıza ziyanını bilə-bilə. Məsələn, mənası “xoşbəxtlik ağzında” olan məşhur “ Coca-Cola”, əksinə dolayı yolla xoşbəxtliyimizə mane olur.

Qazlı içkini ilk dəfə kəşf edən alim Cozef Pristli bu içkilərin insan üçün faydalı olduğunu bildirib. O, qazdan ibarət bu içkilərin insanda ruh yüksəkliyi yaratdığını, şənləndirici effekt verdiyini bildirsə də, onun zərərləri haqqında heç nə deməyib.

Britaniyalı alimlərin apardığı araşdırmalar göstərir ki, qazlı içkilər insanda erkən ürək-damar xəstəliyi və insult yaradır. Hədsiz qazlı içki aludəçisi olan insanlarda ürək döyüntüləri digər insanlarla müqayisədə 2 dəfə çox olur. Statistikaya görə ,bir nəfər gündə ən azı 2 stəkan belə su içərsə, onda hipertoniya, sümüklərdə qırılmaya meyillilik, şəkərli diabet , piylənmə, ağ ciyərlərin obstruktiv xəstəlikləri, hətta insult yarana bilər. Bəs görəsən yerli mütəxəssilərimiz nə fikirdədirlər?

Bu suala cavab tapmaq üçün bir neçə mütəxəssisə müraciət etdik.

Tibb elmləri doktoru Adil Qeybullanın sözlərinə görə, əsas problem bu suların saxlanma şəraiti ilə bağlıdır. Həmçinin suların köhnə olub -olmadığına diqqət yetirmək lazımdır:

“İçkilərin istehsal olunduğu yer bəzən düzgün göstərilmir. Bəziləri standartlara cavab verməyən sexlərdə hazırlanır. Plastik qablarda olan içkilərin uzunmüddətli saxlanılması məsləhət deyil, soyuq yerlərdə saxlanılmalıdırlar. Müəyyən edilib ki, plastik qablarda müəyyən dövrdən sonra diaktiv adlanan zəhərli maddənin sərinləşdirici içkilərə hopması zəhərlənmələrə səbəb olur.

Həkim müxtəlif köşklərdə günəş şüalarının birbaşa düşdüyü yerlərdə, yol kənarında satılan, xüsusilə də qabları deformasiyaya uğramış içkiləri almamağı məsləhət görür.



Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə AzVision.az-a bildirdi ki, Azərbaycanda sözügedən içkilərin saxlanması və tərkibi ilə bağlı müntəzəm yoxlamalar aparılır.

“Komitə yanında Texniki Tənzimlənmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti bütün növ məhsulların keyfiyyət və təhlükəsizlik göstəricilərin müəyyən edilmiş tələblərə uyğunluğunu araşdırır, neqativ faktlarla bağlı qanunvericlik çərçivəsində işlər görür .

Yay mövsümündə tələblər artdıqca, təkliflər də artır. Təklif artdıqca da, bazarda neqativ halların sayı artır. Bu yaxınlarda Sumqayıt şəhərində, Ceyranbatan su anbarının ətrafında qablaşdırılmış içməli su istehsalı adı ilə heç bir filtrasiyadan keçməyən suların satışı aşkar olundu, qarşısı alındı. Bakı şəhərində, Gədəbəydə və bir sıra bölgələrdə də nöqsanlar aşkar edilib və qarşısı alınıb.

Bəzən çox keyfiyyətli məhsullar ticarət mərkəzində saxlanma rejiminə riayət edilmədiyinə görə, üzərində göstərilmiş istehlak müddətindən tez xarab olur”.

F. Talıblı qeyd etdi ki, hər hansı bir qazlı suyun standarta cavab verib-vermədiyini bilmək üçün bir sıra məqamlara diqqət yetirmək lazımdır:

“Plastik qablar bir dəfəlik istifadə olunan qablardır. Qabın etiketinin necə yapışdırıldığına, qapağının kip bağlandığına, butulkanın təmizliyinə, deformasiyaya uğramadığına diqqət yetirin.

Suyun dibində çöküntülər olmamalıdır, su şəffaf olmalıdır.

Həmçinin hər bir məhsulun, əsasən də ərzaq məhsullarının satışa çıxmazdan qabaq akredatisiya olunmuş sertifikatlaşdırılma orqanları tərəfindən verilmiş uyğunluq sertifikatı olmalıdır.

Setifikatı varsa, deməli, məhsul standartlara uyğundur, yoxdursa şübhələnməyə əsas var.

Sertifikat almaqdan yayınan sahibkarlar məhsullarının keyfiyyətsiz olduğunu bilib, qeyri-qanuni satış həyata keçirirlər. Bu fakt aşkar olunanda inzibati xətalar məcəlləsinin tələblərinə əsasən fiziki şəxslərə 1500-2000 manat, hüquqi şəxslərə 4000-5000 manat cərimə təbiq edilir.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə qazlı içkilərin qiymətləri ilə bağlı danışdı.

“Qazlı içkilərin qiymət siyasətində böyük pozğunluqlar var. Qabın üzərinə istehsalçı firma tərəfindən konkret qiymət yazılsa da bir çox dükanlarda sular baha qiymətə satılır. Düşünürəm ki, “Coca-Cola”nın özü bu işlərdə maraqlıdır”.

O ki qaldı, konkret olaraq Coca-Cola məhsullarına E. Hüseynov deyir ki, Azad İstehsalçılar Birliyi uşaq baxçalarında, məktəb bufetlərində, bu içkilərin təklif olunmasına qarşı işlər aparır : “30 rayon şöbəsi ilə maariflləndirici iş aparırıq ki, azyaşlı uşaqlar “Coca-Cola”dan az istifadə etsinlər.



Nəzərinizə çatdıraq ki, qazlı içkilərin sənaye istehsalına 1783-cü ildə başlanılıb. “Coca-cola”nın istehsalına gəlincə, onun adı Amerikada bitən Koka adlı bitkidən götürülüb. Bu bitki kokain narkotik vasitəsinin ilkin mənbəyi hesab edilir. Kokain narkotik növü isə dünyada ən təhlükəli növlərdəndir.



Nihadə Eyyubova
Səbinə Həsənova



Teqlər:  





Xəbər lenti