4 abituriyent 700 bal yığıb

4 abituriyent 700 bal yığıb
  16 İyul 2013    Oxunub:2172
III ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri məlumdur.
TQDK-dan AzVision.az-a verilən məlumata görə, 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə iyulun 14-də keçirilmiş qəbul imtahanının nəticələri bu gün axşam saatlarında açıqlanıb.

Hər bir abituriyent TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola biləcəklər.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər.

III ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 28944 abituriyentdən 1125 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 27819 abituriyentdən 25 nəfəri imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilib.

III ixtisas qrupu üzrə ixtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər:

- Ümumi balı 250 - dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayanlar.
- Dövlət sifarişli ixtisasların müsabiqəsində ümumi balı 350-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
- Xüsusi qabiliyyət tələb edən ixtisasların bəzi istiqamətləri üzrə müsabiqə şərtlərində dəyişiklik edilmişdir. Buna dair cədvəl TQDK-nın internet saytında yerləşdiriləcək.

10153 abituriyent müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılıblar. 4 nəfər maksimal nəticə - 700 bal toplayıb.

Müsabiqədə iştirak etmək üçün qoyulan tələbləri ödəyən abituriyentlər avqustun 6-dan avqustun 15-dək "Abituriyentin elektron ərizəsi"ndə qəbul olmaq istədikləri ixtisasları seçib təsdiq etməlidirlər.

Sevinc İLTİFATQIZI


Teqlər:  





Xəbər lenti