“RoyalBank”ın taladığı adamlar

“RoyalBank”ın taladığı adamlar
  21 Fevral 2013    Oxunub:1643
Baş Prokurorluq yeni korrupsiya faktı aşkarlayıb.
Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumatda bildirilir ki, “RoyalBank” Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Vergilər Nazirliyindən daxil olmuş cinayət işinin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində davam etdirilir.

Müəyyən edilib ki, ASC-nin “Tovuz” filialının müdiri Müseyibov Ədalət Nurəddin oğlu cəmiyyətin Müşahidə Şurasının sədri Cam Əli Mohammad Hassan oğlu və qeyriləri ilə qabaqcadan əlbir olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən kənd təsərrüfatı təyinatlı kreditlərin verilməsi məqsədilə bankın hesabına köçürülmüş külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə kənd təsərrüfatı krediti almaq üçün filiala müraciət etmiş Tovuz rayon sakinləri Nizami Qarayev, Seyfəddin Abbasov və İsbəndiyar Müseyibovun adına müxtəlif məbləğlərdə kreditlər rəsmiləşdirməklə ödəniş sənədlərini vətəndaşların özlərinə imzalatdıraraq pulu vətəndaşlara verməyib kassadan qanunsuz olaraq götürməklə 400.0 min manat məbləğində pulu mənimsəyərək talayıblar.

İstintaqla həmçinin müəyyən edilib ki, ASC-nin “Gəncə” filialının müdiri Tağıyev Anar Qalib oğlu cəmiyyətin Müşahidə Şurasının sədri Əli Cam və qeyriləri ilə qabaqcadan əlbir olaraq qeyd edilən Dövlət Agentliyindən kənd təsərrüfatı təyinatlı kreditlərin verilməsi məqsədilə bankın hesabına köçürülmüş külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə kredit almaq üçün filiala müraciət etmiş ayrı-ayrı şəxslərin adlarına ümumilikdə 1 milyon 120.0 min manat məbləğində kredit rəsmiləşdirib. Bundan sonra ödəniş sənədlərini vətəndaşların özlərinə imzalatdırmaqla həmin vəsaitdən cəmi 67.0 min manatını vətəndaşlara verməklə, qalan məbləğləri isə kassadan qanunsuz olaraq götürməklə ümumilikdə 1 milyon 53 min manat məbləğində pulu mənimsəyərək talayıblar.

Ədalət Müseyibov və Anar Tağıyev Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda qeyd edilən cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla, vurulmuş ziyanın ödətdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Teqlər:  





Xəbər lenti