Polat Alemdarın Azərbaycan sərgüzəştləri

Polat Alemdarın Azərbaycan sərgüzəştləri
  28 İyun 2013    Oxunub:1655
Emin Piri

Türkiyədə ərsəyə gələn seriallar qardaş ölkədə olduğu kimi Azərbaycanda da böyük marağa səbəb olur. Bu sıradan Kurtlar Vadisi xüsusilə diqqət çəkir. Filmdə daha çox ölməzlik simvolu olan Polat isə sanki Axillesdi. Başına nə gəlir-gəlsin, bu adamın dabanını tapmaq olmur ki, olmur. Gah o dünyadan dirilib gəlir, gah da ki, tankı sıradan çıxaran qumbaraatanlar bu adama dəyir, amma sadəcə dəyir...
Söhbəti serial ətrafında yürütmək istəmirəm. Zatən bu haqda qonorar naminə bir xeyli yazılıb. Hətta Türkiyədə də yox, ölkəmizdə ona roman da həsr olunub. Mən məsələni başqa yöndə davam etdirmək istəyirəm.
Polat Alemdarın Azərbaycandakı sərgüzəştləriylə əlaqəli.

Bu adam seriala çəkilməkdən yoruldu, sadə camaat isə baxmaqdan yorulmadı ki, yorulmadı. Bəndəniz də hələ ilkin variantın azarkeşi idi. Bütün seriallarını izləyirdim. Təbii ki, o zaman mən yeniyetmə oğlan idim. O vaxtdan xeyli illər ötüb. O qədər aludə olmuşdum ki, Türkiyədən Çakırın təsbehinin bənzərini gətizdirmişdim. Bir dəfə yaşlı bir müəllimim bu təsbehi gördü və ona bağışlamağımı istədi. Təbii ki, imtina etdim. Canına döndüyüm bu müəllim isə öz fənnindən məni kəsdi. Nə and-aman elədim, qiymət yazmadı ki, yazmadı. Dedim a başına dönüm, axı neyləyim ki, qiymət yazasan. Dedi heç zad istəmirəm, bircə o təsbehi mənə bağışla, sənə qiymət yazım. Məndə qiymət aldım...

Hələ bu, harasıdır ki? Kəndə təsadüfən Polatın vurulduğu vaxtda getmişdim. Qohumlardan birinin qapısına yaxınlaşmışdım. İçəridən ağlaşma səsi gəldi. Bir şüvən, saç yoldu düşdü ki, “anan ölsün, yerinə mən öləydim” kimi ağılar səslənirdi. Əlim-qolum qurudu. Dedim, yasa gəlib çıxmışam. Ağlıma nələr gəlmədi. Həmin qohumun oğlu əsgərlikdə idi, dedim yəqin, ona nəsə olub. Özümə gəlib içəri girdim. Gördüm hamı oturub televizorun qabağında. Mən nə bilim ki, bu ağlaşma Polat üçün imiş. Xalalardan biri məni görüb bağrına basıb xeyli ağladı da: “Emin, Polat vurulub...“

Heç bu da son olmadı. Poladı xəstəxanaya çatdırar-çatdırmaz, film bitdi. Əmim əlinə bıçaq götürüb, tez bayıra qaçdı. Dedim sən öl, əmim Poladın vurulmasından bərk əsəbləşib, kimisə qanına qəltan edəcək. Arxasıyca yüyürdük, gördük tövlədən bir quzunu ayağına altına salıb Polad sağalsın deyə, qurban kəsir...

Kəndin arvadları da səhəri gün pirlərə nəzir-niyaz apardı ki, Polad ölməsin. Düzdür, O, ölmədi. Bilmirəm bu nəzir-niyazların, duaların, qurbanların filmdəki hadisələri necə təsiri var. Hər halda, hamı inandı ki, Poladı sağ saxlayan onların duaları və qurbanlarıdır. Onlardan fərqli olaraq, mən sevinmişdim. Qurban kəsən tək əmim deyildi ki, həmin gecə çox quzunun qanı axmışdı kənddə. Şəhərə qayıdana kimi bir xeyli kabab yeməkdən kökəlmişdim. Ürəyimdəsə deyirdim, Poladı vuranın Allah köməyi olsun. Ağzımıza ət dəydi, kaş tez-tez vurulaydı.

Əsl həngamə Memati öləndə oldu. Ehsan verən kim, 3-nü,7-sini keçirən kim...

Bu serial o qədər uzun çəkdi ki, Poladı düşünən qızlar artıq evdə qarıyıb. Qocalar dünyasını dəyişib, cavanlar indi uşaqlarıyla baxır. Bilirəm, inanmadınız. Mən də şahidi olmadan kimsə söyləsəydi, inanmazdım...


Teqlər:





Xəbər lenti