Nizaminin mistikası – ARAŞDIRMA

Nizaminin mistikası – ARAŞDIRMA
  20 Fevral 2013    Oxunub:7882
Tarix boyunca Azərbaycan, azərbaycanlılar Rusiya ilə, ruslarla dövlət səviyyəsində demək olar ki, (olar!) heç vaxt vuruşmayıblar… Ancaq bir azərbaycanlı çox-çox əvvəllər onlarla vuruşub.
Vuruşub… Özü də haçan…-XII əsrdə… Kimdir bu şəxs? Kim? Nizami Gəncəvi! O, özünün «İsgəndərnamə»sində makedoniyalı İsgəndərin cildinə girərək ruslarla nə az, nə çox - düz üç dəfə döyüşə girir. Üç dəfə! Nə üçün, hansı səbəblə? Bunun sirrini biz hələ də dərk etməmişik.
Halbuki bütün tarixi bilgilərə görə, makedoniyalı İsgəndər heç vaxt ruslarla savaşmayıb.
Bəlkə… Bəlkə bu, bizə ünvanlanmış tarixi bir xəbərdarlıqdı, hə? Ola bilər… Nəzərə alsaq ki, 1806-cı ildə Cavad xan, 1828-ci ildə Qacar şahzadəsi Abbas Mirzə ruslara qarşı apardığı tarixi Gəncə döyüşü zamanı öz hərbi qərargahını Nizaminin qəbri üzərində qurmuşdu, hə, onda biz tariximizin bu sirrini az-maz dərk edərik. Nizaminin ruslarla apardığı üç virtual, xəyali döyüşün həyatımızdakı ilk gerçək inikası, sözsüz ki, həmin döyüşdür - Nizaminin qəbri üzərində baş vermiş tarixi döyüş… Nizami onu hamıdan əvvəl aparıb, hələ XII yüzildə… 1990-cı il hadisələrini mən həmin döyüşlərin ikincisi olduğunu vurğulayardım. İrəlidə hələ bir döyüş də var…
1806-cı ildə Gəncəni alıb Nizaminin qəbrini dağıdan rus generalı Sisiyanovun aqibəti sonradan çox pis olub. Həmin tarixi hadisəni, Gəncəni alıb Bakıya gələn Sisiyanovun öldürülməsini Məhəmməd Əsəd bəy özünün məşhur «Əli və Nino» əsərində bu cür təsvir edir:
«Düz evimizin qarşısında knyaz Sisiyani darvazası ucalırdı (Qoşa qala qapısı.-red). Bu darvaza yanında da bir zamanlar nəcib insanların qanı axmışdı. Tökülən qanımızın üzərindən uzun illər keçib. O zaman Bakıda Hüseynqulu xan hökmranlıq edirdi. Çar ordusunda general olan gürcü prinsi Sisiyanov bir gün gəlib şəhərimizi mühasirəyə aldı. Hüseynqulu xan bunun üzərinə Böyük Bəyaz Çara təslim olacağını söyləyərək şəhərin qapısını açmış və knyaz Sisiyanovu içəri dəvət etmişdi. Knyaz sadəcə bir neçə atlı zabitin müşayiəti ilə şəhərə girmişdi. Şəhər darvazasının arxasındakı meydanda knyazın şərəfinə böyük ziyafət hazırlanmışdı. Ətrafda tonqallar yanır, şişlərdə böyük inəklər fırladılıb qızardılırdı. Ziyafətdə knyaz həddən artıq içmişdi. Ziyafətin sonunda knyazın yorğun başı yanındakı Hüseynqulu xanın köksünə düşür.
O zaman ulu babam İbrahim xan Şirvanşir belindəki köhnə xəncərini çıxarıb Hüseynqulu xana verir. Xan xəncəri alır və knyazın boğazını bədənindən üzür. Knyazın xirtdəyindən ətrafa və xanın üst-başına qan sıçrayır. Ancaq o, yorulmadan knyazın başı ovcunun içinə düşənəcən kəsməkdə davam edir. Sonra kəsik baş içi duzla dolu bir torbaya qoyulmuş, ulu babam torbanı alıb Tehrandakı şahənşaha göndərmişdi.
Lakin çox keçmədən ruslar bu cinayətin intiqamını almaq qərarına gəlir, Bakı üzərinə daha bir ordu göndərirlər. Rus ordusu şəhəri yenidən mühasirəyə alır. Hüseynqulu xan sarayına çəkilir və sarayın qapılarını kilidləyir. Gününü ibadətə, yaxınlaşan sabahkı günü barədə düşüncələrə həsr edir. Çarın əsgərləri nəhayət, qala divarlarını aşıb şəhərə girdkləri zaman Hüseynqulu xan yeraltı keçiddən qaçaraq əvvəl dəniz qırağına, ordan da İrana qaçır. Lakin sarayından yeraltı keçidə girməzdən əvvəl giriş qapısı üzərinə ağıllı bir cümlə yazıb qoyur: «Sabahı düşünən adam heç vaxt igid ola bilməz».

* * *

Bakının qanlı tarixinin yaddaşını özündə qoruyan «Əli və Nino»dan bu sətirləri təsadüfən gətirmədik. Çar generalı Sisiyanov Gəncəni alıb Nizaminin məzarı üzərində öz bayrağını ucaltdıqdan sonra onun başına bu fəlakət gəlməliydi. Fələyin qırmancı onun sifətində öz dərin çapığını qoymalıydı. Gəncəni də almaq olar, Bakını da, ancaq Nizamini…
Bir daha deyirik, Nizaminin «İsgəndərnamə»sindəki ruslarla 3 döyüş səhnəsi bəlkə bizim keçmişimizə yox, gələcəyimizə ünvanlanmış xəbərdarlıqdı. Knyaz Sisiyanovun kəsilmiş başı içinə duz tökülmüş çuvalda Bakı xanı Hüseynqulu tərəfindən Tehrana qanlı bir töhfə kimi göndərilir. Onun cəsədini isə sonradan götürüb Qoşa qala qapısı tərəflərdə, «Azərnəşr»in binası olan ərazidə torpağa tapşırırlar. Sonradan orda bir bağ salınıb üzərinə Sisiyanovun abidəsini də ucaldırlar. Adını da qoyurlar «Sisyanovskiy skver».
Amma bu da çox çəkmir. İndi həmin bağı xatırlayanlar demək olar ki, yoxdur, olsa-olsa bəlkə Bakı tarixinin yorulmaz tədqiqatçısı Fuad Axundov xatırlayar.
Həmin yerin hazırkı adı Nizami parkıdır. Parkın düz ortasında dahi Nizaminin heykəli ucalır. Abidə onun adını daşıyan muzeylə üz-üzə dayanıb.

* * *

Həə…
Nizaminin qəbrini dağıdan, Gəncəni alan qanlı çarizmə öz generallarının adını Bakıda əbədiləşdirməyə kim mane oldu? Bizmi? Mir Cəfərmi? Bəlkə Stalin? Yox. Məhz Nizami, onun ölməz ruhu!

* * *

Boynumuza alaq ki, ölməz şairimizə qarşı çox zaman diqqətsiz davranmışıq. Elmlər Akademiyasının alimləri arasında gəzən bir şayiəni də indi sizə çatdırsaq, dəhşətə gələrsiniz. Söhbət Nizaminin itmiş kəllə sümüyündən gedir. Sisiyanovun kəlləsi hardasa uzaqlarda - Tehran zibilliyində çürüyür. Nizaminin kəllə sümüyü də deyilənlərə görə, heç də öz məzarlığında deyil, hardasa Kremldədir. Kriminal bir romanın mövzusuna çevrilə biləcək bir süjeti diqqətinizə çatdırırıq.

İtmiş kəllə

Nizami adına Ədəbiyyat İnstitutunun ağsaç alimləri arasında həmişə bir pıçhapıç gəzirdi - Nizami Gəncəvinin kəlləsi 1938-ci ildə Moskvaya məşhur antropoloq M.Gerasimova göndərilib ki, o, şairin simasını bərpa etsin. Böyük Teymurləngin, şair Rudəkinin, rus sərkərdəsi Yaroslav Mudrının kəllə sümükləri əsasında elmi araşdırmalar aparan, onların ilkin görünüşünü bərpa edən Gerasimov deyilənə görə, Nizaminin kəlləsini də tədqiq etməliymiş. Şairin kəllə sümüyü Bakı-Moskva qatarı ilə gizli bir şəkildə, qiymətli bir əmanət kimi Moskvaya göndərilməyinə göndərilir, Gerasimova da çatdırılır. Ancaq tezliklə baş verən Böyük Vətən Müharibəsi araşdırmaları sona çatdırmağa imkan vermir. Nəticədə dünya ictimaiyyəti Nizaminin simasını indiyəcən görməyib.
Bu, işin hələ yarısıdır. Sən demə, Nizaminin kəllə sümüyü Moskvadan Bakıya qaytarılmayıb. Qalıb hardasa oralarda, elmi laboratoriyaların tozlu taxçalarında.
Bəli, Azərbaycan ədəbiyyatşünasları bu söhbətləri edəndə bərk ehtiyatlanır, başlarından ikiəlli yapışıb öz kəllələrini də itirəcəklərindən qorxurdular. Belə söhbətlərdən birinin şahidi də mən olmuşam. Rəhmətlik Əbülfəz Hüseyni, Qafar Kəndli, elmi araşdırmalarını indi də davam etdirən memar Cəfər Qiyasi bunu bir faciə kimi qeyd edirdilər.
Bu işi öyrənmək üçün biz Tarix və Etnoqrafiya İnstitutuna yollandıq. Mülahizəmizi onlara bildirəndə alimlərin sifətində bir çaşqınlıq hiss etdik. Kimsə yavaşcana məsləhət verdi ki, sənədləri arxivdə axtara bilərsiniz. Ora da getdik. Amma arxivin özündə bir arxeoloji qazıntı aparmaq gərək idi. Bir sözlə, faktı nə təsdiq, nə də inkar edən bir sənəd tapılmadı. Məsələ dirəndi kor dalana. Gəlin sadəlövh olmayaq, Nizaminin kəlləsinin Moskvaya göndərilməsi faktı sözsüz ki, sənədləşdirilib. Ən azı ortada təhvil-təslim aktları olmalıydı. Onları isə ortaya çıxarıb bu söz-söhbətə nöqtə qoymaq istəyən bir kimsə tapılmır.
Bu işin əhəmiyyətini çatdırmaq üçün kiçik bir haşiyə çıxaq. Buna bənzər hadisə Teymurləngin kəlləsi ilə də baş vermişdi. Stalinin əmri ilə onun məzarı açıldıqdan sonra dəhşətli bir hadisə - II dünya müharibəsi başlamışdı. Bir çoxları burada mistik bir əlaqənin olduğuna şübhə etmirlər. Axı Teymurləngin vəsiyyətlərində də deyilir ki, hər kim onun qəbrini açıb ruhunu narahat etsə, dəhşətli bir fəlakətin başlanmasına rəvac verəcək. Bu vəsiyyətdən xəbər tutan və bundan vahimələnən Stalin 1944-cü ildə kəlləni geriyə qaytarıb təzədən dəfn olunmasını əmr edir. Beləliklə, bütün ayinləri icra edilməklə, fəxri qarovulun müşayiəti ilə Teymurləngin kəllə sümüyü məzara qoyulur. Göyə yaylım atəşi açılır, «Fatihə» oxunur, bir sözlə, məsələyə çox ciddi yanaşılır. Deyilənə görə, məhz bundan sonra müharibənin gedişində ciddi dönüş yaranır. Avropada Hitlerə qarşı ikinci cəbhə açılır, hamıya aydın olur ki, müharibə faşizmin məğlubiyyəti ilə bitəcək.

* * *

Qayıdaq öz faciəmizə, Nizaminin kəllə sümüyü barədə şəkk-şübhələrimizə. Bu şübhələr yalnız şayiə olaraq qalardı. Əgər kəllənin yerində olduğunu təsdiq edən bircə sənəd belə tapılsaydı. Belə çıxır ki, biz onu itirmişik, harda olduğundan asılı olmayaraq, Moskvadadır, ya Gəncədəki məqbərədə, fərq etməz, əsas odur ki, biz onun məhz harda olduğunu bilmirik. Bəlkə elə Azərbaycan faciəsinin kökləri burdadır? Əgər məşhur sərkərdə Teymurləngin ruhu narahat olanda müharibələr başlayırsa, dahi mütəfəkkirin ruhu narahat olanda hansı faciələr baş verə bilər?
Sualın cavabını verməkçün bugünkü gerçəkliyimizə Nizami dəyərləri ilə baxmaq lazımdır.

Nizami təfəkkürünün dili

Xaqani Şirvani, Nizami Gəncəvi barədə danışarkən ilk olaraq bir məsələ hamının diqqət mərkəzində olmalıdır. Onlara qədərki Şərq, o cümlədən Azərbaycan ədəbiyyatı mücərrəd mövzuların əlində qalıb, gerçək həyat həqiqətlərindən çox-çox uzaqlarda idi. Bu cür simvolistik ədəbiyyata XII əsrdə «Xorasan xanəgah» ədəbiyyatı adını vermişdilər. Nizami ilə Xaqani həmin simvolistik dekadans ədəbiyyata qarşı ədəbi mübarizə yoluna qalxdılar, əsərlərinə gerçək insan surətləri gətirdilər. Mücərrəd kədəri deyil, olmuş faciəli hadisələri qələmə aldılar. Şeirdə simvolizmin belini qırıb realizmin əsaslarını yaratdılar. O realizmin ki, Avropada yalnız XIX əsrin əvvəlində ədəbiyyatın aparıcı xəttinə çevriləcək.
Xaqani ilə Nizaminin orta əsr Şərq şeirinə gətirdiyi bu üslub və düşüncə yeniliyinə həmin vaxtlar «torkəne-soxən», yəni «türk sözü», «türkəsaya tərz» adını vermişdilər. Şirvanşah Axsitanın «Leyli və Məcnun» poeması ilə bağlı Nizamiyə verdiyi tövsiyə isə tam başqa məna daşıyır: «Türk dilində yazma» yox, «torkane - türkəsaya tərzdə yazma». Yəni əsər xanəgah ədəbiyyatı ənənələrinə sadiq qalan simvolistik, rəmzi mənalar daşıyan bir əsər olsun. Şükürlər ki, Nizami şahların dediyi bu sifarişləri eyninə almayıb əsəri istədiyi kimi qələmə aldı. Beləliklə də onun əsərləri fars dilində yazılsa da, üslub və yanaşma, mövzunun həlli baxımından qətiyyən fars ədəbiyyatı nümunəsi sayıla bilməz. Çünki onun semiotik dili türkcədir!

...Halbuki, günümüzdə xanəgah ədəbiyyatı ənənələrini dirçəldən Ramiz Rövşən, Salam Sarvan, Zirəddin Qafarlı, Vaqif Bayatlı Önər şeirlərinin türkcə yazılmasına baxmayaraq daha çox fars ədəbiyyatına aid olması da sizi eyni dərəcədə narahat edərdi. Bu «sufi» şairlərin bol-bol müraciət etdikləri «qəbir, başdaşı, aşiq-məşuq, şam, pərvanə, ay işığı, kədər, ayrılıq, mələk, şeytan» və s. kimi mücərrəd mövzular hələ orta əsrlər zamanı Xaqani, Nizami tərəfindən qətiyyətlə rədd edilmişdi. Dahi şairlərimiz mücərrədliyi gerçək həyat mənzərələri, insan surətləri ilə əvəz etmiş, bu mənada realizmin bayrağını hələ XII əsrdə qoca Şərqin damına sancmışdılar.
Beləliklə, bu gün biz qəribə bir paradoksla üz-üzə qalmışıq - çağdaş şairlərimiz türkcə yazsalar da, mövzu dairələri «farsca»dır. Nizami, Xaqani şeiri farsca olsa da, ürəklərə dəyib orda «türkcə» səslənir. Bu parodoksu həll etmək bacarığı sözsüz ki, ən yeni, çağdaş ədəbi qüvvələrin üzərinə düşəcək. Bu işdə onlara uğurlar diləyək.

Həmid Herisçi
2007


Teqlər:  





Xəbər lenti