“İstəyirik ki, Gülər Əhmədovanı buraxsınlar”

“İstəyirik ki, Gülər Əhmədovanı buraxsınlar”
  20 Fevral 2013    Oxunub:1547
“Belə kateqoriyalı işlərdə appelyasiya şikayətini təmin etmək bir az problemli məsələdir. Lakin nəzərə almalıydılar ki, o, qadındır, azyaşlı uşağı var, özü də, əri də xəstədir. Ancaq bu səbəblərin heç birini nəzərə almadılar”
Bu sözləri AzVision.az-a sabiq deputat Gülər Əhmədovanın vəkili Eldar Qədimi deyib. Onun sözlərinə görə, müvəkkilinin səhhətində bəzi problemlər olduğunu təsdiqləsələr də, şikayətinin konkret olaraq nədən ibarət olduğunu açıqlamayıblar: “Gülər Əhmədova Ombudsmanın göstərişi ilə Ədliyyə komissiyası tərəfindən tibbi müayinədən keçirilib. O, özü də mənimlə danışanda vəziyyətinin yaxşı olmadığını bildirir. Ancaq hazırda necə olduğunu deyə bilmərəm, bu gün məhkəməyə gətirib, apardılar. Həbs-qətimkan tədbirinə baxılıb və şikayət təmin olunmayıb. Bu, dövlət məsələsidir, bizim müdaxilə etmək və ya hər hansı fikir yürütmək haqqımız yoxdur. Ancaq biz istəyirik ki, buraxsınlar, buraxmırlar”.

Qeyd edək ki, dünən İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında (BİT) təqsirləndirilən şəxs qismində saxlanılan sabiq deputat Gülər Əhmədova ilə görüşüblər.

Ombudsmanın nümayəndələri Gülər Əhmədovanın saxlanma şəraiti, ona qarşı rəftarla maraqlanıblar. Tibb hissəsinin rəisi ilkin rəyə görə sabiq deputatın səhhətində hər hansı bir ciddi problemin olmadığını, hazırda müayinələrin davam etdirildiyini bildirib.

Sevinc


Teqlər:  





Xəbər lenti