Məmmədyarov əfqan həmkarı ilə görüşüb

Məmmədyarov əfqan həmkarı ilə görüşüb
  28 Sentyabr 2015    Oxunub:1740
Xarici işlər naziri Nazir Elmar Məmmədyarov 27 sentyabr 2015-ci il tarixində BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Səlahəddin Rəbbani ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyindən AzVision.az-a verilən məlumatda bildirilir

Görüş zamanı tərəflər Azərbaycan ilə Əfqanıstan arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu qeyd etdilər. Azərbaycanın ikitərəfli və çoxtərəfli əsasda Əfqanıstana göstərdiyi dəstək yüksək qiymətləndirildi və iki ölkə arasında nəqliyyat, enerji, təhsil və digər sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğu bildirildi.

Azərbaycanın BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində keçirilən Davamlı İnkişaf Məqsədləri üzrə Zirvə toplantısının işində fəal iştirakı, Minilliyin İnkişaf Məqsədlərinin həyata keçirilməsində əldə etdiyi nailiyyətləri xüsusilə qeyd olunaraq, ölkəmizin uğurlu siyasi, iqtisadi və sosial inkişaf modelinin Əfqanıstan üçün maraqlı bir nümunə olduğu bildirildi.

Nazir Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri haqqında məlumat verərək, bu layihələrin bütün region boyunca BMT tərəfindən müəyyən edilən davamlı inkişaf hədəflərinə, regional əməkdaşlığa xidmət etdiyini və regionun nəqliyyat və enerji mənzərəsini əsaslı şəkildə dəyişdiyini diqqətə çatdırdı. Bakı-Tbilisi-Qars layihəsinin tezliklə fəaliyyətə başlayacağını qeyd edən nazir bu nəqliyyat infrastrukturunun yük daşımalarının, ticari-iqtisadi əlaqələrin və insanlararası təmasların artmasına xidmət edəcəyini və gələcək perspektivdə regional nəqliyyat qovşağı vasitəsilə Əfqanıstanın da onun imkanlarından istifadə edə biləcəyini diqqətə çatdırdı.

Səlahəddin Rəbbani ölkəsinin Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan ərazisindən keçəcək (TAPİ) qaz boru kəmərinin təməl qoyma mərasimin bu ilin sonunda həyata keçirilməsinin nəzərdə tutulduğu və Türkmənistan-Əfqanıstan-Tacikistan dəmir yolu xəttinin tikintisinin davam etdiyi barəsində məlumat verərək, davamlı regional inkişaf baxımdan nəqliyyat infrastrukturlarının əhəmiyyətini qeyd etdi.

Elmar Məmmədyarov bir-birini tamamlayan və regional nəqliyyat qovşağının yaranmasına xidmət edən bu layihələrin həyata keçirilməsi ilə əlaqədar sərhəd tənzimlənməsi, təhlükəsizliyin təminatı, yolların tikintisi və sair bu kimi məsələlərin müzakirəsinin mühüm olduğunu qeyd edərək, bu məqsədlə region dövlətlərinin iştirakı ilə beynəlxalq konfransın keçirilməsinin zəruri olduğunu diqqətə çatdırdı.

Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti