28 may Strasburqda qeyd olunub

28 may Strasburqda qeyd olunub
  29 May 2013    Oxunub:1354
28 may- Respublika Günü münasibətilə Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyi tərəfindən Strasburqda rəsmi ziyafət təşkil edilib.
Ziyafətdə Avropa Şurasının Baş katibi Torbyorn Yaqland, Baş katibin müavini Qabriella Battaini-Draqoni, təşkilatın yüksək rütbəli şəxsləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin üzvləri və numayəndələri, AŞ yanında və Strasburqda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, Fransa parlamentinin üzvləri, dövlət və yerli qurumlarının təmsilçiləri, Strasburqdakı akademik dairələrinin, eləcə də Azərbaycan və türk diasporunun təmsilçiləri iştirak edib.

Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi, səfir E.Eyyubov 28 may - Respublika Gününün yaranması tarixi və əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verərək, 95 illiyi qeyd edilən Azərbaycan Demokratik Respublikasının müsəlman Şərqində ilk dünyəvi demokratik parlament respublikası olduğunu qeyd edib. O, mürəkkəb siyasi vəziyyətə və qısa zaman ərzində mövcudluğuna baxmayaraq, Azərbaycan Demokratik Respublikasının bərabərliyə, hüququn aliliyi, insan haqlarının qorunması və təşviqinə əsaslanan demokratik, müasir və dünyəvi dövlət sisteminin formalaşdırılması sahəsində mühüm addımlar atdığını, mütərəqqi islahatlar həyata keçirdiyini, eləcə də qadınlara ilk dəfə seçki hüquqi verdiyini xüsusi vurğulayıb.

Sonra Səfir Azərbaycanda sovet hakimiyyətinin qurulmasından və 1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqilliyinin bərpasından söhbət açmış, xalqımızın tarix boyu öz müstəqilliyi üçün böyük qurbanlar verdiyini vurğulayıb.



Səfir müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın ağır sınaqlardan keçməsinə baxmayaraq, siyasi, iqtisadi, hüquqi və sosial sahələrdə böyük islahatatların həyata keçirildiyini diqqətə çatdırıb. O, demokratiya ənənələrinə sadiq olan Azərbaycanın 25 yanvar 2001-ci ildə Avropa Şurasına üzv olduğunu və bunun cəmiyyətin demokratikləşməsi və hüquqi dövlətin formalaşması istiqamətində əhəmiyyətini qeyd edib. Bu məqsədlərin həyata keçirilməsində ölkəmizin böyük yol qət etdiyini bildirən Səfir Azərbaycanın Avropa Şurası ilə dialoq və əməkdaşlığa həmişə hazır olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Milli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bərpa olunub qorunmasında və beynəlxalq arenada mövqeyinin möhkəmləndirilməsində son dərəcə mühüm rolu olduğunu bildirən Səfir, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bütün sahələrdə müvəffəqiyyətlə həyata keçirilən islahatlar nəticəsində bu gün öz vətəndaşlarına xidmət edən iqtisadi cəhətdən güclü, demokratik baxımdan inkişaf etmiş, sosial sahədə rifahın formalaşdığı güclü Azərbaycan dövlətinin mövcud olduğunu vurğulayıb.

Bununla yanaşı, tədbirdə Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbyacan Demokratik Respublikasının yaradıcılarından biri olan Ə. Topçubaşovun həyat və fəaliyyəti haqqında mərasim iştirakçılarına məlumat verilib və slaydlar nümayiş etdirilib. Topçubaşovun Azərbaycan Demokratik Respublikasnın süqutundan sonra Parisdə yaşadığı, bütün həyatını doğma vətəninin dövlət müstəqilliyinin bərpasına həsr etdiyi diqqətə çatdırılıb. Qeyd edilib ki, 8 noyabr 1934-cü ildə dünyasını dəyişmiş Ə.Topçubaşov Parisin Sən-Klu (Saint-Cloud) qəbiristanlığında dəfn olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti