ATƏT-in Bakı ofisinin rəhbəri Elmar Vəliyevlə görüşüb

ATƏT-in Bakı ofisinin rəhbəri Elmar Vəliyevlə görüşüb
  15 May 2013    Oxunub:1241
Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Bakı ofisinin rəhbəri Koray Tarqay Gəncə şəhərinə işgüzar səfərə gəlib
Gəncə Şəhər İcra Hakimiyyətindən AzVisiona.z-a verilən məlumata görə, səfər çərçivəsində Koray Tarqay Gəncə şəhərində bir sıra əhəmiyyətli görüşlər keçirəcək. Görüşün ilk mərhələsi isə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə olub. Səfiri qəbul edən İcra Hakimiyyətinin başçısına məlumat verilib ki, ilk olaraq ATƏT-in Bakı Ofisi tərəfindən dəstəklənən Hüquq Resurs Mərkəzinin fəaliyyəti nəzərdən keçiriləcək.

Qarşılıqlı dialoq şəklində baş tutan görüşdə ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay səfərinin məqsədlərindən geniş bəhs edib. Görüşdə bildirilib ki, bu il Hüquq Resurs Mərkəzinə 603 vətəndaş tərəfindən müraciət edilib. Vətəndaşlar əsasən ailədə hüquqların pozulması, məhkəmə qərarlarının düzgün verilməməsi və alqı-satqı məsələlərində aldadılma ilə bağlı müraciətlər ediblər. Onlardan da 237-müraciət kişilər, qalanları isə qadınlar tərəfindən ünvanlanıb. Müzakirələrdə qərara alınıb ki, şikayətlər yerli İcra Hakimiyyətinin məsul şəxsləri ilə birgə araşdırılsın.

Koray Tarqay ATƏT-in Bakı ofisinin rəhbəri bildirib ki, Gəncə ikinci böyük şəhər olduğu üçün ATƏT hər zaman burada seminarlar təşkil edir, müxtəlif tədbirlərin keçirilməsinə maraq göstərir. “Gəncədə Hüquq Resurs Mərkəzimiz var və insanlar da bu mərkəzin fəaliyyətindən yararlanmağa çalışır. Görüşümüzun məqsədlərindən biri də bir neçə gün öncə Gəncədə fəaliyyətə başlayan, zorakılığın və insan alverinin qurbanı olan insanlar üçün sığnacağın fəaliyyətinə təkanın verilməsidir. Bu mərkəzin fəaliyyətinin təmin olunmasına da birlikdə dəstək verəcəyimizə əminəm”

ATƏT-in Bakı ofisi rəhbərinin Türkiyə Respublikasının Gəncədəki Baş konsulu Haluk Ağca və QHT-lərlə görüşü də səfərə daxildir. Koray Tarqay və ATƏT-in ”Qanunun aliliyi” layihəsinin rəhbəri Covanni Qalzignatonun Gəncə şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanovla görüşü, yerli polis idarəsində yerləşən müvəqqəti saxlanma təcridxanasına baxış da nəzərdə tutulub.Səfir bu il Azərbaycanda keçiriləcək Prezident seçkisi öncəsi Gəncədə gənclərlə görüşlərin keçirilməsindən də danışıb. Koray Tarqay bu tədbirlərin ATƏT-in Bakı ofisi tərəfindən keçiriləcəyini də açıqlayıb.

Koray Tarqay ATƏT-in Bakı ofisinin rəhbəri: “ Gənclərlə görüşdə, seçkilərin beynəlxalq səviyyədə keçirilməsinin təmin olunması, şəffaflığın və demokratik seçkilərin baş tutması istiqamətində atılan lazımı addımlar haqda məlumatlara yer ayrılacaq. Bu görüşlərin gənclərin bu sahədə məlumatlanmasına və inkişafına yardım edəcəyinə ümidvaram. “

Bildirək ki, səfir Koray Tarqay və rəhbərlik etdiyi nümayəndə heyəti Gəncə şəhərində iki gün işgüzar səfərdə olacaq.


Teqlər:





Xəbər lenti