Həbs olunuş şairənin övladlarından prezidentə müraciət

Həbs olunuş şairənin övladlarından prezidentə müraciət
  05 May 2013    Oxunub:1844
Övladları analarının qonşu ölkənin siyasi təxribatının qurbanı olmasından narahatdırlar.
Aprelin 30-da Təbrizdə həbs edilən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunun elmi işçisi, Şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalidin övladları Azərbaycan prezidenti İlham Əliyevə müraciət ediblər. Bu barədə APA-ya X. Xalidin oğlu Xalid Məmmədli məlumat verib.

Onun sözlərinə görə, müraciətdə əsas məqsədləri anaları Xalidə Xalidin və onun köməkçisi Şamxal Hüseynovun tezliklə azadlığa buraxılması üçün dəstək göstərilməsini xahiş etməkdir.

Müraciətdə o da qeyd olunub ki, Xalidə Xalid İrana elmi ezamiyyətə gedib və övladları onun qonşu ölkənin siyasi təxribatının qurbanı olmasından narahatdırlar.

Qeyd edək ki, AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi, şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid və Şamxal Hüseynov aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub.

Bundan başqa, daha 4 azərbaycanlı fəalın da həbsə alındığı bildirilir. Onlar Oxtay Rəşidinin anasının doğum günü və İranda Analar Günü münasibətilə onun ata evinə toplaşıblar. Ancaq ETTELAAT əməkdaşları evə basqın edib, azərbaycanlı fəala məxsus kitabları, kompüteri və bir sıra şəxsi əşyaları müsadirə ediblər, onların özlərini isə tutaraq naməlum istiqamətə aparıblar. Hazırda onların harada saxlanıldıqları məlum deyil.

Digər həbs edilənlər azərbaycanlı mədəni fəallar - Aşıq İsaq Qaraxanlı (yazıçı), Əmir Hadiyan (Təbriz Azad Universitetinin tələbəsi) və Fərhadi soyadlı yazıçıdır.

Azərbaycanın Təbrizdəki Baş Konsulluğu İran tərəfinə Azərbaycan vətəndaşların saxlanılması ilə bağlı nota təqdim edib. Hələlik İran tərəfindən notaya rəsmi cavab verilməyib.

Bu gün isə İranın İSNA agentliyi bu ölkənin Xarici İşlər Nazirliyinin rəsmisinə istinadən həbs edilən Azərbaycan vətəndaşlarının İrana turist qismində səfər etdikləri bildirib: “Onlar qeyri-qanuni işlər görməkdə və əlaqələr qurmaqda təqsirləndirilirlər. Bu şəxslərə qarşı irəli sürülən ittihamlar hazırda İran Məhkəmə Sistemi tərəfindən araşdırılır”.



Teqlər:





Xəbər lenti