"Ginnesin Rekordlar Kitabı"na düşən Bakı metrosu
AzVision.az Bakı metropoliteninin keçdiyi yola qısa nəzər salıb
Hazırda Bakı metropoliteni ümumi uzunluğu 34,6 km olan 2 xəttdən, 23 işləyən və üç tikilən stansiyadan ibarətdir, həmin stansiyaların 23 vestibülü var. Stansiyaların yeddisi böyük dərinlikdə yerləşir. Metropolitendə pilləkan zolağının ümumi uzunluğu 4000 metrdən artıq olan beş tipli 39 eskalator işə salınıb. Tunel tikililərinin ümumi uzunluğu 17,1 kilometrdən artıqdır. Bakı metropoliteninin nadirliyi bundan ibarətdir ki, onun xətləri təpəlik ərazidə yerləşən şəhərin bir-biri ilə kəsişən relyefi üzrə salınıb, burada 60% və 40%-minlik mailliklər və kiçik radiuslu çoxlu əyrilər mövcuddur. Bakı Metropoliteni daşınan sərnişinlərin sayına görə dünyada 41-ci yerdədir.
İlk istifadəyə verilən stansiyalar
1967-ci il noyabrın 6-da Bakı şəhərində metropolitenin 5 stansiyası - Bakı Soveti (İçərişəhər), 26 Bakı Komissarı (Sahil), 28 Aprel (28 may), Gənclik və Nəriman Nərimanov stansiyaları və 9,2 km-lik yeraltı xətləri olan Ι növbəsi istismara verilir, həmin stansiyalardan 4-ü böyük dərinlikdə idi ki, bunlardan da birisi Qara şəhər adlanan ərazidə yerləşən "Xətai" stansiyası idi. İlk qatarı maşinist Salman Ələkbərov və maşinist köməkçisi Akif Mirzəyev idarə edirdi. 25 noyabr 1967-ci ildən metropolitenin daimi istismarı və qatarların müntəzəm hərəkəti başlandı. Birinci sahədən sonra 2,3 km-lik ikinci sahə işə salındı. Sonra isə 6,4 km-lik üçüncü sahə istismara verildi ki, bu da iri "8-ci kilometr" yaşayış sahəsini və sənaye zonasını şəhərin mərkəzinə birləşdirdi. 9,1 km-lik ikinci növbə isə Bakı yaylasının şimal-qərb hissəsindən keçdi və həmin sahə beş stansiyanın inşası ilə birlikdə 1985-ci ildə başa çatdırıldı, buradakı stansiyalardan ikisi böyük dərinlikdə yerləşir.
Jetonun ləğvi, kart sisteminin yaradılması
28 May stansiyasına keçid kimi tikilmiş Cəfər Cabbarlı stansiyası 1993-cü ildə istismara verilib. 2002-ci ildə istismara verilən Həzi Aslanov adına stansiyanın başa çatdırılması üçün Avropa Birliyi 4.1 milyon avro ayırılıb. 2006-cı ildən etibarən köhnə jeton ödəmə sisteminin əvəzinə yeni RFİD kartlar tətbiq edilməyə başlanılıb. 2007-ci ildə tam olaraq bu kartlara keçilib. 2008-ci il oktyabrın 9-da Nəsimi stansiyası istifadəyə verilib. 2009-cu il dekabrın 30-da Azadlıq prospekti stansiyası istifadəyə verilmişdir. 2011-ci il iyunun 29-da Dərnəgül stansiyası istifadəyə verilib. 2011-ci il dekabrın 30-da "Məşədi Əzizbəyov" stansiyası yenidənqurmadan sonra "Koroğlu" adı ilə istifadəyə verilib.
Gələcəkdə stansiyaların sayı 76-da çatdırılacaq
Gələcəkdə Bakı metropoliteni xətlərinin uzunluğu 119 kilometrə, stansiyaların sayı isə 76-ya çatdırılması planlaşdırılır. Bunun əsas məqsədi metronun mövcud şəbəkəsinin genişləndirilməsidir. Bunun üçün, ilk növbədə, yeni xətlər inşa olunmalıdır. Bu isə ictimai nəqliyyat növlərinin yükünün azaldılmasına kömək edəcək. Əsas məqsədlərə metropolitenin vaqon parkının mütəmadi modernləşdirilməsi, qatarların hərəkət təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərə maksimum rahatlıq yaradılması daxildir. Yeni proqram sayəsində metro digər ictimai nəqliyyat vasitələri ilə uzlaşdırılacaq və inteqrasiyası təmin ediləcək. Bu isə əsasən, metropoliten şəbəkəsinin təkmilləşdirilməsi nəticəsində baş verəcək.
2015-ci ilə qədər qarşıda dayanan vəzifələr də müəyyən olunub. 2015-ci ilə qədər olan dövr üçün yeni xəttin 5 stansiyasının inşası nəzərdə tutulub. Yaxın 3 ildə xəttin “Avtovağzal” və şərti adı “Memar Əcəmi-2” olan stansiyaların təhvil verilməsi planlaşdırılır. Bu stansiyaların və Dərnəgül Elektrik Deposu -nun tikintisi hazırda davam etdirilir. Bundan əlavə Yaşıl xəttin "Həzi Aslanov-2" stansiyasının inşasına, xəttin Köhnə Günəşli yaşayış massivi istiqamətində tunel qazıntısı da başlanılıb. Bu istiqamətdə yaxın 3 il ərzində Köhnə və Yeni Günəşli yaşayış sahələrində də stansiyalar inşa olunacaq. Yeni xətlərdə sərnişin rahatlığını təmin etmək üçün platformaların uzunluğu artırılacaq və bunun hesabına alınacaq qatarlar ən müasir texnologiyalarla təchiz olunmaqla yanaşı, vaqonlarının sayı 5-dən 7-yə çatdırılacaq. Bakı metropolitenin 20 illik inkişaf proqramı çərçivəsində daha 40 yeni stansiyanın inşası planlaşdırılır
Ölkə başçısının Bakı Metropoliteni haqqında sərəncamı
Azərbaycan respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla “Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqram” təsdiq olunduqdan sonra metro tikintisi daha da intensivləşib. Buna isə xüsusi texnologiyalarsız nail olmaq mümkün deyil. Məhz dövlət proqramı çərçivəsində ölkəyə daha bir texnoloji yenilik - tunelqazma kompleksləri gətirilir. Bunun nəticəsində metro tikintisinin sürətləndirilməsi və tikintinin maya dəyərinin aşağı salınması təmin olunacaq. Vaxtilə sınansa da, tətbiqinə imkan verilməyən bu avadanlıqlar indi əsas qazma vasitələrinə çevriliblər. Yeni - Bənövşəui xəttin inşasına cəlb olunmuş Almaniya istehsalı olan «Herrenknext» və ABŞ istehsalı olan «Robins» tunelqazma kompleksləri da cəlb edilib. Bu avadanlıqlar Bakı metropoliteninin inşaat tarixində tamamilə yeni, müasirlik və texnoloji üstünlük səhifəsini açır.
Bakı metrosunda baş verən faciə "Ginnesin Rekordlar Kitabı"na düşüb
28 oktyabr 1995-ci ildə "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 300 adam həlak olub, 400 nəfər isə xəsarət alıb. Bu qəza "Ginnesin Rekordlar Kitabı"na ən dəhşətli metro qəzası kimi düşüb. Prezident Heydər Əliyevin göstərişi ilə ölkədə 3 gün matəm elan edilib. Beləliklə, ilk dəfə 1967-ci ildə "Ginnesin Rekordlar Kitabı"na Şərqdə ilk metro kimi düşən Bakı metropoliteni, bu dəfə faciənin böyüklüyünə görə tarixə düşdü. Birinci göstərici dəyişməyən rekordlar siyahısına daxildir. Üçüncü rekord da müstəqillik dövrünə təsadüf edir. Bakı Metrosu bu dəfə dünyada ən ucuz dəmiryol nəqliyyatı şəbəkəsi kimi böyük bir "uğura" imza atıb və təqribən 15 ilə yaxın müddətdə "keçici bayrağı" heç kimə verməyib.
Anar Kəlbiyev
Teqlər: