Bakıda keçiriləcək I Avropa Oyunlarının idman növlərinin ilkin siyahısı

 Bakıda keçiriləcək I Avropa Oyunlarının idman növlərinin ilkin siyahısı
  30 Aprel 2013    Oxunub:7581
İyunun 12-28-də baş tutacaq ilk Oyunlarda 19 növ üzrə 6351 idmançı qüvvəsini sınayacaq.
2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarında idman növlərinin ilkin siyahısı və tarixi açıqlanıb. AzVision.az xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov bildirib. O bildirib ki, iyunun 12-28-də baş tutacaq ilk Oyunlarda 19 növ üzrə 6351 idmançı qüvvəsini sınayacaq.

“Bunlar kamandan oxatma (128 idmançı), su idman növləri (üzgüçülük, su polosu, suyatullanma – 1000), atletika (800), badminton (160), basketbol (3X3, 160), boks (300), kanoe (350), velosiped (BMX, dağ velosipedi, şosse - 350), çimərlik futbolu (256), gimnastika (bədii gimnastika, idman gimnastikası, tamblinq və akrobatika – 406), cüdo (350), karate (96), atıcılıq (stend və güllə (350), stolüstü tennis (128), taekvondo (128), triatlon (125), voleybol (zal və çimərlik - 464), güləş (450) və qılıncoynatma (350) növləridir”.

Avropa Olimpiya Komitəsinin Koordinasiya Komissiyasının sədri Spiros Kapralosun sözlərinə görə, bu, hələ yekun siyahı deyil. Hazırda siyahının tamamlanması üçün danışıqların son mərhələsi gedir: “Atletika və boksla bağlı hələ tam qərar verməmişik. Amma müsbət nəticələr əldə olunacağını gözləyirik. Dəyişiklik olduqca məlumat verəcəyik. Əlavə idman növlərini daxil etmək baxımından Bakının da imkanlarını nəzərə almalıyıq”.

İdman növlərindən yalnız kanoe Bakıdan kənarda – Mingəçevirdəki “Kür” Təlim-Tədris İdman Mərkəzində təşkil olunacaq. Nazirin sözlərinə görə, komissiya üzvləri həmin idman qurğusu ilə tanış olublar və çox bəyəniblər.

İdman növlərindən çimərlik futbolu, 3X3 və karate qeyri-olimpiya, qalanları isə olimpiya təmayüllüdürlər. Bir neçə federasiya yarışların lisenziya xarakteri daşıyacağını bildirib. Avropa Oyunlarına təsnifat yarışları isə sonradan müəyyənləşdiriləcək. Hər hansı ölkənin təsnifatdan keçmiş idmançıları olmasa da, onlara 2 kişi və 2 qadın idmançı üçün güzəştli vəsiqə veriləcək. Ev sahibliyi edən dövlət isə bütün növlərdə təmsil olunmaq hüququna malikdir.
Rəhimov hazırda əksər növlər üzrə yığma komandalarımızın formalaşdırıldığını bildirib. O, yalnız triatlonun Azərbaycanda əhatə olunmadığını deyib: “Bu növ üzrə də çox vacib addımlar atmalıyıq. Triatlon üzgüçülük, velosiped idmanı və qaçışdan ibarətdir. Digər idman növləri üzrə yığmalarımız da var, bəzilərində yüksək nəticələrimiz də. Elə kamandan oxatma üzrə komandamız da formalaşır, onlar iştirak etdikləri son yarışlarda nəticələrini də yaxşılaşdırıblar. Basketbol Azərbaycanda yaxşı inkişaf yolu keçib, Avropanın yüksək divizionunda iştirak edirlər. Bu növə də ümidlərimiz çoxdur. Çünki 3X3 növü olacağından, nəticə qazanmaq olar. Velosiped növündə böyük inkişaf müşahidə olunur. İlk dəfə “Tur dAzerbaidjan” yarışı keçirilir. Stolüstü tennisdə yığmamız zəifdir, bu növə daha çox fikir verməliyik. Atletikanın bəzi növlərində də nəticələr göstərsəydik, yaxşı olardı”.

Azad rəhimov həmçinin bildirib ki, hazırda təşkilat komitəsi sədri tərəfindən Bakıda Avropa Oyunlarının Əməliyyat şirkətinin fəaliyyətə başlaması barədə əmr imzalanıb.

“Təşkilat Olimpiya kəndində yerləşir. Əməliyytat şitkəti öz fəaliyyətinə başlayıb. Hal-hazırda müxtəlif ölkələrdən ekspertlər dəvət olunurlar. Bu gün ən əsas məsələhətçi vəzifəsini Dak Arno dəvət olunub. O, London Olimpiya Oyunlarının yüksək vəzifəli rəhbərlərindən olub. Digər vəzifələrə insanlar baxılır və onlarla kontranktlar bağlanacaq”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti