Tər-tər və Goranboy rayonunda yaşayan bir qrup vətəndaş Goranboy şəhərindəki topdansatış ərzaq mağazasında uzun müddətdir ki, yararlılıq və istifadə müddəti keçmiş ərzaq məhsullarının satılması barədə Baş İdarəyə ərizə ilə müraciət edib. Baş İdarə əməkdaşları Goranboy rayon sakini 28 yaşlı Arif İsayevə məxsus topdansatış mağazasına baxış keçiriblər.
Mağazadan yararlılıq müddəti 2012-ci ildə və 2013-cü ildə bitmiş xeyli sayda ərzaq, şirniyyat və digər qida məhsullarının satılması müəyyən edilib. Mağazanın sahibi Arif İsayev bildirib ki, malların istifadə müddəti bir neçə il əvvəl bitsə də satışdan çıxarmayıb, əksinə mütəmadi olaraq vətəndaşlara satıb.
Topdansatış mağazasının anbarına baxış zamanı isə əlavə olaraq xeyli sayda istifadə müddəti keçmiş ərzaq məhsulları aşkarlanaraq maddi sübut kimi götürülüb. Anbardar vəzifəsində çalışan 39 yaşlı Fuad Məmmədov ifadəsində bildirib ki, mənfəət əldə etmək məqsədi ilə uzun 2-3 il əvvəldən yığılıb qalmış malları gündəlik satışa çıxarıblar.
Faktla bağlı toplanmış materiallar DİN BMCMİ-nin istintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.