“Bələdiyyələrin hüququ yoxdur”

“Bələdiyyələrin hüququ yoxdur”
  15 Fevral 2013    Oxunub:1751
Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirə olunub.
Müzakirələrdə çıxış edən millət vəkili Fazil Mustafa qeyd edib ki, bələdiyyələrin büdcəsində öz işçilərinə maaş vermək üçün belə vəsait yoxdur: “Bələdiyyələr seçildiyi ərazinin insanlarını müdafiə edə bilmir. Əgər hüquq yoxdursa, onlar bunu necə həyata keçirməlidirlər? Onlara verilən hüquqlar artırılmalıdır. Neçə ildir bələdiyyələr yaradılıb. Onların hələ də əllərində xəritələr yoxdur. İdarəçilikdə belə xaos ola bilərmi? İllərdir onlar nə müstəqil şəkildə icarəyə torpaq verə, nə reklam verə, nə müstəqil hərrac keçirə bilir”.
Millət vəkili Elmira Axundova isə qeyd edib ki, son illərdə yerli özünü idarəetmə orqanlarına diqqət artırılıb. Bələdiyyələrin hüquqi maarifləndirilməsi baxımından tədbirləri yüksək dəyərləndirən E. Axundova bu il bələdiyyə rəhbərləri ilə Milli Məclis üzvləri arasında görüşlər keçirilməsini təklif edib: “Çünki biz bələdiyyələrin fəaliyyəti ilə bağlı çoxlu sayda şikayətlər alırıq. Torpaqda çalışan insanlar hələ də bilmək istəmirlər ki, torpaqlar hərrac yolu ilə satılır. Buna görə də rayonlardakı insanlara torpaq və bələdiyyə qanunvericiliyi ilə bağlı məlumatlar verməlidirlər. Bələdiyyələrin əlavə gəlir mənbələri olmalıdır”.
Millət vəkili Əli Məsimli isə təklif edib ki, 2020-ci ilə qədər olan dövrdə bələdiyyələrin inkişaf istiqamətləri ilə bağlı Dövlət Proqramı hazırlansın: “Bələdiyyələrin statusu artırılsın, onlara tam və müstəsna səlahiyyət verilsin. Ötən il bələdiyyələrə verilən vəsait artırılsa da, onları əhalinin sayına böldükdə qəpiklər alınır. Ona görə də bələdiyyələrin gəlirlərinin artırılması məsələsi həll olunmalıdır. Bir sıra dövlət sifarişləri bələdiyyələrə verilməlidir. Azərbaycanda olan 1718 bələdiyyədən 590-nın hələ də torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədi yoxdur. Hər 6 bələdiyyədən birinin isə xəritəsi yoxdur. Artıq çoxdan Bakı şəhər bələdiyyəsinin yaradılmasının vaxtı çatıb. Digər böyük şəhərlərdə də belə böyük şəhər bələdiyyəsinin yaradılması Azərbaycanda bələdiyyə institutunda əsaslı dəyişikliyə səbəb ola bilər”.
Millət vəkili Qüdrət Həsənquliyev də bələdiyyələrə verilən səlahiyyətlərin artırılmasının vacibliyini vurğulayıb: “Prezident son çıxışında yerli və mərkəzi icra orqanlarının rəhbərlərini tənqid etdi. Əhali bu çıxışı gözləyirdi. Rayonlarda icra başçılarına həddən artıq səlahiyyətlər verilib. Onlara demək olar ki, bütün icra qurumları tabe etdirilib. Ona görə də bəzi hallarda bu səlahiyyətlərdən düzgün istifadə edilmir. İcra hakimiyyətlərinin səlahiyyətləri azaldılmalı və bu səlahiyyətlər bələdiyyələrə verilməlidir. Biz bələdiyyələrlə əlaqədar islahatlar aparılmasında gecikirik. Bakı şəhərinin böyük bələdiyyəsi yoxdur. Ona görə də ictimai nəzarət və şəffaflıq da yoxdur”.
Millət vəkili Zahid Oruc isə bələdiyyə sədrini yerli əhalinin seçməsini təklif edib.
Deputat, YAP icra katibinin müavini Səyavuş Novruzov isə deyib ki, Türkiyədə kəndə bir muxtar seçilir və bu, kifayət edir: “Azərbaycanda da kənddə bələdiyyədə bir nəfərin olması kifayətdir. Rayonlarda hazırda bələdiyyənin 18 üzvü var. Bu, nəyə gərəkdir? 3 nəfər rayon üçün kifayətdir”.
Ədliyyə nazirinin müavini Vilayət Zahirov çıxışında qeyd edib ki, ölkə prezidenti tərəfindən qəbul edilən “Açıq hökumət üzrə milli fəaliyyət planı”nda əsas məsələlərdən biri də bələdiyyələrdə qulluğa qəbulun müsabiqə yolu ilə keçirilməsidir: “Artıq bununla bağlı iş başlanıb. Bütün bələdiyyələrə müsabiqə ilə əlaqədar tövsiyə məktubu hazırlanıb. Bir neçə bələdiyyədə müsabiqənin keçirilməsinə başlanılıb. 2015-ci ilə qədər bu proses həyata keçiriləcək”.
Müzakirələrdən sonra məruzə parlament tərəfindən qəbul edilib.
(apa)


Teqlər:





Xəbər lenti