Azərbaycanlılar itkin düşüb

Azərbaycanlılar itkin düşüb
  14 Avqust 2014    Oxunub:1661
Ukraynanın Luqansk vilayətinin Krasnodon şəhərində separatçıların girovluğundan azad olunan Azərbaycan diasporunun iki üzvü, iş adamları Cahangir Əliyev və İkram Ədilov Donetsk istiqamətində itkin düşüb.

İ. Ədilovun qardaşı Rasim Ədilov bildirib ki, hər iki şəxs avqustun 3-də itkin düşdükləri ərazi Ukrayna ordusu tərəfindən separatçılardan azad olunduqdan sonra tapılaraq Xarkov şəhərinə gətirilib: “Xəbər aldıq ki, onlar Ukrayna ordusu tərəfindən azad olunaraq Xarkova gətirilib və buraxılıblar. Lakin sonradan Donetsk istiqamətində itkin düşdükləri xəbəri gəldi. Neçə gündür, heç bir xəbər yoxdur”.

R. Ədilov qeyd edib ki, yerli hüquq-mühafizə orqanlarına göndərilən sorğuların cavabında da İ. Ədilov və C. Əliyev barəsində heç bir məlumat əldə edilmədiyi, onların itkin düşdüyü ərazinin separatçıların nəzarətində olduğu bildirilir.

Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov açıqlamasında bildirib ki, hadisə ilə bağlı araşdırma aparılacaq, lazımı yerlərə müraciətlər göndəriləcək.

Qeyd edək ki, hər iki iş adamı iyulun 30-da biznesləri ilə əlaqədar Rusiya ilə həmsərhəd Krasnodon şəhərinə gedib, həmin ərazi separatçılar tərəfindən bombalandıqdan sonra onlarla əlaqə itib.

Avqustun 3-də isə Ukrayna ordusu tərəfindən keçirilən əməliyyat zamanı onların azad olunaraq Xarkova gətirildikləri, İ. Ədilovun şəxsi silahının sənədləri ilə bağlı yoxlama aparıldıqdan sonra buraxıldıqları bildirilib.

Ukrayna vətəndaşları olan 1964-cü il təvəllüdlü Cahangir Əliyev əslən Azərbaycanın Astara, 1974-cü il təvəllüdlü İkram Ədilov isə Tərtər rayonundandır.apa


Teqlər:  





Xəbər lenti