Ukrayna Prezidenti Ofisinin keçmiş müşaviri Aleksey Arestoviç diqqət çəkən açıqlamalar verib. O, rusiyalı bloger Nikolay Sobolevə müsahibəsində prezident Vladimir Zelenskini milyardlarla dollar dəyərində “korrupsiya sxemləri” təşkil etməkdə ittiham edib.
“Bütün bunları (korrupsiya sxemlərini-red.) Zelenski təşkil edib. Hələ də sxemləri təşkil etməyə davam edir. Bura ABŞ-dən gələn yardımlarının oğurlanması, ümumilikdə Qərbin yardımları, Ukrayna büdcəsi daxildir. Qərbdə olanlar da bunu çox yaxşı bilirlər. Zelenski Oval kabinetdə Tramp və Vensi ona görə təhqir etdi ki, hər iki siyasətçi Kiyev rəhbərinə bundan sonra nələrin olacağını izah ediblər... Yəni bir müddət sonra bu sxemlər ictimaiyyətə açıqlanacaq",- Arestoviç SOBOLEV kanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, sadə ukraynalılar prezidentin Ukrayna əsgərlərinin qanı üzərindən nə qədər pul oğurladığını görəndən sonra hadisələrin necə inkişaf edəcəyi heç kimə məlum deyil. Arestoviç iddia edib ki, Ukrayna hakimiyyəti “ümumi rifah” anlayışını dərk eləmir və yalnız “mənim xeyrim”i – yəni oğurlanmış milyardlarla dolları düşünür. Keçmiş müşavir bunu “sosial darvinizm” adlandırıb.
Siyasətçi iddia və ittihamlarını təsdiqləyən heç bir sübut təqdim etməyib.
Arestoviç Ukraynadakı münaqişənin “qaynar" mərhələsinin 2025-ci ildə başa çatacağını da deyib: "Hər şey buna doğru gedir. Proseslər üç addım irəli, iki addım geri prinsipi ilə davam edir. Tərəflər müharibənin elə bu gün başa çatmasında həqiqətən də maraqlı görünürlər. Bu o demək deyil ki, onlar qlobal münaqişəyə son qoymaqda maraqlıdırlar. Amma müharibənin bu mərhələsinin 2025-ci ildə bitəcəyinə şübhəm yoxdur".
Qeyd edək ki, Arestoviç 2020-ci il dekabrın 20-dən Ukrayna Prezident Ofisi başçısının müşaviri vəzifəsinə təyin olunub. O, 2023-cü ildə istefa verib.