Vyetnamın ilk barbekü festivalında Azərbaycan mətbəxi təqdim olunur

Vyetnamın ilk barbekü festivalında Azərbaycan mətbəxi təqdim olunur
  22 Mart 2025    Oxunub:739
Vyetnamın ən iri şirkətlərindən olan “VinGroup”un təşkilatçılığı və tanınmış azərbaycanlı kulinariya ustası, Dünya Barbekü Assosiasiyasının vitse-prezidenti David İsrafilovun əsas qonaq qismində iştirakı ilə Hanoyda Vyetnamın ilk barbekü qida festivalı keçirilir.
AzVision.az xəbər verir ki, şirkətin inşa etdiyi “Ocean city” şəhərciyində təşkil olunan festivalda David İsrafilovun dəvəti ilə beynəlxalq aşpazlarla yanaşı, yerli ekspertlər və ölkənin bölgələrini təmsil edən kulinariya mütəxəssisləri iştirak edir.

Vyetnam ictimaiyyətinin, diplomatik korpus nümayəndələrinin qatıldığı açılış mərasimində çıxış edən festivalın təşkilat qrupunun rəhbəri David İsrafilov (Don David) bildirib ki, Vyetnamda ilk dəfə təşkil olunan barbekü festivalı təkcə bir kulinariya tədbiri deyil, həm də mədəni mübadilə, ölkələrin milli mətbəxinin tanıdılması baxımından əhəmiyyətlidir.

Üç gün davam edəcək festival çərçivəsində tanınmış aşpazlar ustad dərsləri keçəcək, peşəkar və yarımpeşəkar aşpazların müsabiqəsi təşkil ediləcək. Bundan başqa, milli mətbəxlərin təqdimatı, müxtəlif mədəni və şou proqramlar təşkil olunacaq. Təxminən 60 min nəfərin festivala qatılacağı gözlənilir.


Vyetnamla yanaşı Asiya (Yaponiya, Koreya, Çin, Tailand, Monqolustan), Avropa (Almaniya, Fransa, İtaliya) və Amerika (ABŞ və Latın Amerikası) bölmələrində 60-dan çox pavilyonda müxtəlif çeşiddə barbekü, kabab, qrill yeməkləri təqdim olunur.

Festivalın xüsusi zonasında Azərbaycan pavilyonu yerləşir. Vyetnamdakı səfirliyimizin hazırladığı pavilyonda milli suvenirlər, Ulu Öndər Heydər Əliyevin 1983-cü ildə Vyetnama və bu ölkənin lideri Ho Şi Minin 1959-cu ildə Bakıya tarixi səfərlərini özündə əks etdirən fotolar, digər təbliğat materialları, Novruz atributları nümayiş etdirilir. Tədbirdə səfirliyimizin tərəfdaşı olan Hanoy Ticarət və Turizm Kollecinin kulinariya ixtisası üzrə tələbələri Azərbaycan pavilyonun fəaliyyətinə kömək göstərirlər.

Festival iştirakçılarının Azərbaycan mətbəxinə böyük maraq göstərir. Qeyd edək ki, milli pavilyonumuzda hazırlanan yeməklər üçün məhsulların bəziləri Azərbaycandan idxal edilib.

AzVision.az


Teqlər: Azərbaycan   Vyetnam   Festival  





Xəbər lenti