Uitkoff: "Kiyev seçkilər keçirməyə razılaşıb"

“Seçkilər olacaq. Bəli. Onlar bununla razılaşdılar. Ukraynada seçkilər olacaq”, - Uitkoff bildirib.
Donald Trampın xüsusi nümayəndəsi həmçinin bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski və onun ofisinin rəhbəri Andriy Yermak böyük mənada Ukraynanın NATO-ya üzv olmayacağı ilə razılaşıblar. Lakin, onun sözlərinə görə, Ukraynaya Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinə bənzər müdafiə formatının verilməsini müzakirə etmək hələ də mümkündür. Həmin maddəyə əsasən, NATO üzvlərindən birinə hücum hamıya bloka daxil olan ölkələrin hamısına qarşı hücum kimi qiymətləndirilir.
Uitkoff, eyni zamanda, tərəflər arasında atəşkəs danışıqlarının təfərrüatları ilə də bölüşüb. Onun sözlərinə görə, hazırda Qara dənizdə gəmilərin atəşə tutulmasına moratorium qoyulması müzakirə olunur.
Xatırladaq ki, növbəti Kiyev-Vaşinqton və Vaşinqton-Moskva danışıqları martın 23-ü və 24-də Səudiyyə Ərəbistanında keçiriləcək. Kreml martın 24-də ABŞ nümayəndələri ilə məsləhətləşmələrdə Qara dənizdə naviqasiya təhlükəsizliyinin təminatının müzakirə ediləcəyini açıqlayıb.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Uitkoff Ukrayna seçkilər