BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edilib

BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edilib
  22 Mart 2025    Oxunub:773
Martın 21-də BMT-nin Qadınların Statusu Komissiyasının (CSW) 69-cu sessiyasında Azərbaycanının təşəbbüsü ilə “Silahlı münaqişələr zamanı girov götürülmüş, o cümlədən davamında həbs edilmiş qadınların və uşaqların azad edilməsi” adlı qətnamə qəbul olunub.
AzVision.az Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinə istinadən xəbər verir ki, iki ildən bir 1994-cü ildən irəli sürülən bu qətnamədə silahlı münaqişələrdə qadın və uşaqlara xüsusi diqqət yetirilməklə, girov götürülmə məsələsinə toxunulur. Qətnamə bu cür əməllərin mahiyyət etibarı ilə qanunsuz və əsassız olduğunu təsdiqləyir.

Sənəd silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüququ pozaraq mülki əhaliyə qarşı törədilən bütün zorakı hərəkətləri pisləyir və təsirli cavab tədbirlərinin görülməsinə, xüsusilə də girov götürülmüş qadın və uşaqların dərhal azad olunmasına çağırır.

Daha sonra silahlı münaqişələrin bütün tərəflərini beynəlxalq humanitar hüquqa tam hörmət etməyə və mülki əhalinin müdafiəsi üçün bütün lazımi tədbirləri görməyə çağırış edilir.

Qətnamə, həmçinin dövlətləri girov götürülmüş qadın və uşaqların taleyini və harada olduqlarını müəyyənləşdirmək üçün operativ tədbirlər görməyə səsləyir, məsuliyyətin artırılmasının zəruriliyini və beynəlxalq hüquqa uyğun şəkildə hərbi cinayətlərə görə təqsirli bilinən şəxslərin araşdırılmasını, təqib və ya məsuliyyətə cəlb edilməsi üçün bütün dövlətlərin öhdəliyini vurğulayır.

Nəticədə, qətnamə beynəlxalq əməkdaşlığı gücləndirməyə, girovların təhlükəsizliyini və ləyaqətini qorumağa, onların azad edilməsinə, reabilitasiyası və cəmiyyətə reinteqrasiya mexanizmlərini təkmilləşdirməyə çalışır.

BMT-nin Baş katibi Qadınların Statusu Komissiyasının 71-ci sessiyasında qətnamənin icrası ilə bağlı geniş hesabat təqdim edəcək.

AzVision.az



Teqlər: Azərbaycan   BMT   Qətnamə  





Xəbər lenti