Roma: “NATO-nun 5-ci maddəsi Ukraynaya şamil olunsun”

“Bu, NATO-ya qoşulmaqla eyni deyil. 5-ci maddənin tətbiqi Ukrayna üçün yeganə “sabit, uzunmüddətli və effektiv” təhlükəsizlik zəmanətidir”, - “Euractiv” portalı Corca Melonidən sitat gətirir.
İtaliyanın baş naziri Ukrayna ərazisinə Avropa sülhməramlı qüvvələrinin göndərilməsi ideyasına şübhə ilə yanaşır. O, qoşunların yerləşdirilməsini “ən çətin və ən az təsirli” həll yolu adlandırıb: “Prioritet Atlantik Alyansı çərçivəsində təhlükəsizlik zəmanətləri ilə sülh prosesini təşviq etməkdir”.
“Bloomberg” agentliyi İtaliyanın baş nazirinin ilk dəfədir ki, Ukraynanın NATO ilə qarşılıqlı əlaqəsi haqqında bu qədər aydın danışdığını diqqətə çatdırır. Siyasətçi Avropa ilə ABŞ prezidenti Donald Tramp arasında potensial vasitəçi kimi nəzərdən keçirilsə də, Trampın bu təşəbbüsü dəstəkləyəcəyi inandırıcı görünmür.
Sahil İsgəndərov
AzVision.az