Ynet: "Netanyahu atəşkəsin ikinci mərhələsindən boyun qaçırır"

   Ynet:    "Netanyahu atəşkəsin ikinci mərhələsindən boyun qaçırır"
  17 Fevral 2025    Oxunub:1008
"İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza HƏMAS təşkilatı ilə üçmərhələli atəşkəs və əsir mübadiləsi üzrə sazişin ikinci mərhələsinin həyata keçirilməsinin qarşısını almağa çalışır".
Bu sözləri İsrailin təhlükəsizlik sisteminin adı açıqlanmayan ali rütbəli nümayəndəsi "Ynet" xəbər saytına açıqlamasında dilə gətirib. O deyib ki, "Netanyahu öz siyasi karyerasını əsirlərin həyatından üstün tutur".

Xatırladaq ki, İsrailin Baş nazirinin sözçüsü ötən həftə verdiyi açıqlamada "sazişin ikinci mərhələsi ilə əlaqədar qarşı tərəflə danışıqlar aparılmadığını" diqqətə çatdırmışdı.

"Nəzərə alsaq ki, ikinci mərhələ 2 həftə qabaq, yəni fevralın 3-də başlamalı idi, bu, sazişin açıq-aşkar pozulması deməkdir. İsrail bu yanaşmasını dəyişsə, danışıqlara başlasa belə, həmin danışıqları martın 2-də birinci mərhələnin sonunadək başa çatdırmaq üçün kifayət vaxt qalmayıb", - saytın müsahibi söyləyib.

Onun sözlərinə görə, hökumət nümayəndələri "ölkədən kənarda, xarici aləmdə baş verənlərə əhəmiyyət vermirlər".

"Əslində, Netanyahu danışıqların aparılmadığını şəxsən dilə gətirmir, digər tərəfdən, bu məsələdə HƏMAS-ı da günahlandırmır, çünki belə addım atarsa, danışıqlara maraqlı olduğunu deməyə əsas verər", - o vurğulayıb.

Xatırladaq ki, yanvarın 19-da Qəzza zolağında İsrail ilə Fələstinin HƏMAS təşkilatı arasında üçmərhələli atəşkəs və əsir mübadiləsi üzrə saziş qüvvəyə minib.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   HƏMAS   Qəzza   atəşkəs  





Xəbər lenti