AP: “Tramp Konstitusiyanı pozur”

      AP:    “Tramp Konstitusiyanı pozur”
  15 Fevral 2025    Oxunub:436
“Associated Press (AP)” jurnalistlərinin Ağ Evə girişini məhdudlaşdıran ABŞ prezidenti Donald Tramp administrasiyasının hərəkətləri Amerika Konstitusiyasına söz azadlığına zəmanət verən Birinci Düzəlişi pozur.
AzVision.az xəbər verir ki, “AP” agentliyinin redaksiyasının yaydığı bəyanatda ABŞ hökumətinin “qisas təhdidi altında xəbər şirkətinin nə dərc etməli olduğunu diktə etməyə” çalışdığı bildirilir.

Dünən Ağ Evin aparat rəhbərinin müavini Teylor Badoviç “AP”-nin akkreditasiyadan keçmiş əməkdaşlarının Oval kabinetə və ABŞ prezidentinin təyyarəsinə daxil olmasına icazə verilmədiyini bildirib. O, bunu redaksiyanın Meksika körfəzinin yeni adından istifadə etməmək barədə qərarı ilə əlaqələndirib. Badoviç belə siyasəti “AP”-nin "dezinformasiyaya sadiq qalması" kimi qiymətləndirib. Xatırladaq ki, bir müddət əvvəl Donald Tramp Meksika körfəzinin adının Amerika körfəzinə dəyişdirilməsi haqqında fərman imzalayıb.

Lakin agentlik bu ittihamları rədd edir. “AP”-nin nümayəndəsi Loren İston deyib ki, agentliyin istifadə etdiyi coğrafi adlara görə jurnalistlərin prezidentin qatıldığı hadisələri işıqlandırmasına qadağa qoyulması “ABŞ Konstitusiyasında bütün amerikalılar üçün təsbit olunmuş söz azadlığı hüququnu" pozur. Onun sözlərinə görə, agentlik öz materiallarında Meksika körfəzi ifadəsini işlədir, lakin eyni zamanda, Trampın fərmanına əsasən ABŞ-də bura “Amerika körfəzi” deyildiyini də yazır.

USAID-in ən gülünc xərclərinin siyahısı açıqlanıb
Qeyd edək ki, bu həftə agentliyin jurnalistlərinə Ağ Evdə bir sıra tədbirləri, o cümlədən Trampın Hindistanın baş naziri Narendra Modi ilə keçirdiyi mətbuat konfransını və prezidentin Oval kabinetdəki brifinqini işıqlandırmaq qadağan olunub.

Bundan əlavə, Tramp bu həftə “Fox News” telekanalına verdiyi müsahibədə müsahibədə bildirib ki, bir sıra nəşrlər Hökümət Effektivliyi Departamentinin (DOGE) milyarder rəhbəri İlon Maskı prezident adlandırmaqla, onların “arasını vurmağa” çalışırlar.

1846-cı ildə ABŞ-də yaradılmış və mənzil-qərargahı Nyu-Yorkda yerləşən “Associated Press (AP)” agentliyi dünyanın ən böyük və ən nüfuzlu xəbər təşkilatlarından biridir. Onun jurnalistləri 100-dən çox ölkədə işləyir və siyasət, iqtisadiyyat, müharibə, fəlakətlər, idman və mədəniyyəti işıqlandırır.

Bununla belə, ABŞ-nin Beynəlxalq İnkişaf agentliyinin (USAID) qlobal miqyasda cinayətkar əməlləri ilə bağlı yaşanan qalmaqalda “AP”-nin də adının hallandırılması agentliyin media fəaliyyətindən daha çox siyasi sifarişləri yerinə yetirdiyindən xəbər verir.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   AP   Tramp   Konstitusiya  





Xəbər lenti