Moskva: “Azərbaycanla Rusiyanın arasını vurmaq cəhdləri var”

      Moskva:    “Azərbaycanla Rusiyanın arasını vurmaq cəhdləri var”
  14 Fevral 2025    Oxunub:528
Azərbaycanın AZAL aviaşirkətinin təyyarəsinin faciəsindən Rusiya ilə Azərbaycan arasında münasibətləri pisləşdirmək üçün istifadə etmək cəhdləri uğursuzluğa məhkumdur.
AzVision.az xəbər verir ki, Rusiyanın Xarici İşlər nazirliyinin Mətbuat və İnformasiya departamentinin direktoru Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə belə bəyanat səsləndirib.

“Biz çox gözəl başa düşürük ki, həm Azərbaycan vətəndaşlarının, həm də ölkə vətəndaşlarının həyatına son qoyan təyyarə qəzası ilə bağlı faciə həm orada, həm də burada çox ağrılı şəkildə yaşanır. Biz başa düşürük ki, bütün bunlar boşluqda baş vermir, bir çox insanlar bu işdə bir növ uğur qazanmaq istəyirlər. Lakin bu, uğur gətirməyəcək. Çünki belə ümumi tarixə və məsuliyyət sahəsinə, o cümlədən regional, bu cür inkişaf perspektivlərinə malik olan xalqlar, ölkələr arasında təpki yaratmaq cəhdləri uğursuzluğa məhkumdur”, - Mariya Zaxarova vurğulayıb.

"AZAL hər şeyi düz edib" | Hesabat
Qeyd edək ki, bir müddət əvvəl Qazaxıstanın Nəqliyyat nazirliyinin AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı açqıladığı ilkin hesabatda təyyarənin kənar müdaxilələrə məruz qaldığı və onun heyətinin addımlarının düzgün olduğu ehtiva olunub.

Bununla belə, Rusiya tərəfinin, xüsusilə də Rosaviasiya Dövlət Xidmətinin daha çox ictimai rəyi həqiqətdən yayındırmağa çalışan ümumi sölərdən ibarət bəyanatları bəzi dairələrin spekulyativ manevrləri üçün ciddi zəmin yaradır ki, bundan da məharətlə istifadə etmək istəyənlər kifayət qədərdir.

Bu baxımdan, Moskvanın faciə ilə bağlı səmimi etirafı və Azərbaycanın beynəlxalq hüquqa söykənən haqlı tələblərini yerinə yetirməsi, günahkarların qanun çərçivəsində cəzalandırılması ən düzgün addımdır. Beləliklə də, Kreml Azərbaycanla Rusiya arasında ədavət toxumu səpmək istəyənlərə sözdə yox, əməldə tutarlı cavab vermiş olar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Zaxarova   Azərbaycan   Rusiya  





Xəbər lenti