“Şir”lər sahiblərini tapdılar

// Pedro Almodovar Venesiya festivalının qalibi oldu

   “Şir”lər sahiblərini tapdılar
  08 Sentyabr 2024    Oxunub:2366
81-ci Venesiya Kinofestivalının əsas mükafatı olan “Qızıl şir”i “Qonşu otaq” filminə görə məşhur ispan rejissoru Pedro Almodovar qazanıb. Filmdə baş rolları Tilda Suinton, Culiana Mur və Con Turturro ifa edirlər. Bu, rejissorun ingilis dilində çəkdiyi ilk filmdir.
Filmin süjetinə görə, həyatının son günlərini yaşayan jurnalist (Tilda Suinton) köhnə rəfiqəsi olan yazıçı ilə münasibətlərini bərpa etməyə çalışır və ondan xahiş edir ki, evtanaziya həbini içərkən qonşu otaqda olsun.

Tənqidçilərin fikrincə, Almodovarın filmi “Qızıl şir”ə tamamilə layiq idi. Çoxlu aktual mövzulara toxunan filmdə obrazlar olduqca canlı alınıb, insanın ölümə münasibəti, taleyilə bağlı qərar vermək haqqı ustalıqla açılıb.



Festivalın ikinci mükafatı olan “Gümüş şir” isə ən yaxşı rejissor işinə görə amerikalı Breydi Korbetə verilib. Onun “Brutalist” filmində aktyor Edrian Broudi ən yaxşı bacardığı obrazı – müharibə dövründəki yəhudi qaçqını oynayıb. Filmdə həmçinin Felisiti Cons, Qay Pirs kimi məşhur aktyorlar çəkiliblər. Yada salaq ki, ekran işi Kann festivalında da mükafat qazanmışdı.

Venesiya festivalının jürisinin “qran-pri” mükafatına isə Mauro Delpyeronun “Dağ gəlini” filmi layiq görülüb. Film İkinci Dünya Müharibəsi ilərində Alp kəndlərinin birində yaşayan qızla cəbhədən qaçmış fərari əsgərin sevgisindən bəhs edir.

Münsiflər heyətinin xüsusi mükafatını gürcüstanlı rejissor Deya Kulumbeqaşvilinin ekran işi olan “Aprel” filmi qazanıb. Film dağ kəndində abort etdirən gənc qadının üzləşdiyi çətinliklər haqqındadır.

Samir Quliyev
AzVision.az


Teqlər: Kino   Venesiya-Festivalı   Qızıl-şir  





Xəbər lenti