“Füzulidə yay məktəbi”nin açılışı olub

“Füzulidə yay məktəbi”nin açılışı olub
  15 Avqust 2024    Oxunub:2417
Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq yaradıcılıq mərkəzində “Füzulidə yay məktəbi” layihəsinin açılış mərasimi keçirilib.
Bu barədə AzVision.az -a Mədəniyyət Nazirliyindən bildirilib. Qeyd edilib ki, Layihənin məqsədi yay tətili müddətində doğma yurda qayıtmış Füzuli məktəblilərinin asudə vaxtının maraqlı və əyləncəli təşkilidir.

Avqustun 18-dək davam edəcək layihə Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Ağdam, Füzuli və Xocavənd üzrə Prezidentin xüsusi nümayəndəliyinin dəstəyi ilə gerçəkləşir.

Açılış mərasimində əvvəlcə Dövlət Himni səsləndirilib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mədəniyyət Nazirliyinin əməkdaşı və yay məktəbinin koordinatoru Rəfiqə Baxşiyeva layihənin məqsədi, nəzərdə tutulan fəaliyyətlər barədə söz açıb. O, yay məktəbinin keçirilməsinə dəstək göstərən bütün qurumlara təşəkkürünü bildirib.

Daha sonra Kurmanqazı adına Uşaq yaradıcılıq mərkəzinin kollektivi Azərbaycan və qazax dillərində əbədi-bədii kompozisiyalarla çıxış ediblər. Füzuli məktəblilərinin ifasında Azərbaycan muğamları, qazax folklor nümunələri dinlənilib, hər iki xalqın rəqsləri nümayiş olunub, həmçinin mərkəzin xor kollektivi tərəfindən musiqi nömrələri səsləndirilib.

Gün ərzində məktəblilər üçün rəsm dərsləri, taxta üzərində oyma üzrə ustad dərsi və əyləncəli oyunlar keçirilib. Sonda tədbirin təəssüratlarını öyrənmək üçün məktəblilərlə sorğu sessiyası təşkil olunub.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti