Füzuli şəhərində yay məktəbi təşkil olunacaq

Füzuli şəhərində yay məktəbi təşkil olunacaq
  14 Avqust 2024    Oxunub:2083
15-20 avqust tarixlərində Füzuli şəhərinin məktəbliləri üçün yay məktəbi təşkil olunacaq.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Ağdam, Füzuli və Xocavənd üzrə Prezidentin xüsusi nümayəndəliyinin dəstəyi ilə həyata keçiriləcək.
Məqsəd Qazaxıstan Respublikası tərəfindən tikilib istifadəyə verilən Kurmanqazi adına Uşaq yaradıcılıq mərkəzində yay tətili müddətində doğma yurda qayıtmış Füzuli məktəblilərinin asudə vaxtının maraqlı və əyləncəli təşkilidir.

“Füzulidə yay məktəbi” adlı layihədə Özbəkistan Respublikası Prezidentinin hədiyyəsi olan Uluqbəy adına 1 nömrəli tam orta məktəbin şagirdləri də iştirak edəcək. Yay məktəbi çərçivəsində 200-dək şagird maraqlı proqramla vaxtlarını səmərəli keçirə biləcək. Aksiya müddətində tanınmış təhsil, sənət, idman xadimləri müxtəlif təqdimatlarla çıxışlar edəcək, əyləncəli məzmunlu proqram təşkil olunacaq.

Yay məktəbinin ikinci günündə Qarabağ bölgəsi musiqi məktəblərinin şagirdləri Əməkdar artist, xanəndə Təyyar Bayramovun müşayiəti ilə “Qarabağ bülbülləri" Füzulidə” adlı konsert proqramı ilə çıxış edəcəklər.

Digər günlərdə Xalq artistləri – opera müğənnisi Samir Cəfərov və aktyor Vidadi Həsənov, yazar, ədəbiyyatşünas Ramil Əhmədin müvafiq sahələr üzrə ustad dərsləri təşkil olunacaq. Yay məktəbi müddətində şagirdlərin valideynləri ilə müxtəlif məkanlarda görüşlərin keçirilməsi, məsləhət saatlarının təşkili, eləcə də açıq məkanda əyləncəli yarışmaların keçirilməsi nəzərdə tutulur.

AzVision.az


Teqlər:





Xəbər lenti