105 yaşlı Dövlət Təhlükəsizlik Xidməti: Kimlər rəhbərlik edib?

   105 yaşlı Dövlət Təhlükəsizlik Xidməti:    Kimlər rəhbərlik edib?
  28 Mart 2024    Oxunub:1118
Azərbaycanın təhlükəsizlik orqanlarının əməkdaşları bu gün peşə bayramlarını qeyd edirlər. AzVision.az -ın məlumatına görə, təhlükəsizlik orqanları 105 illiyini qeyd edir.
Azərbaycanda ilk təhlükəsizlik orqanı 1919-cu il martın 28-də yaradılıb. Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə nazirlik tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi (kvartirmeyster) təşkil edilib. Sovet dövründə qurum əvvəlcə Fövqəladə Komissiya ("ÇK") adlanıb, bir müddət Daxili İşlər Xalq Komissarlığının ("NKVD") tərkibində fəaliyyət göstərib, sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunub.

1967-ci ilədək respublikanın təhlükəsizlik orqanlarına qeyri-azərbaycanlılar rəhbərlik ediblər. Həmin il Heydər Əliyev Azərbaycan DTK-nın sədri təyin olunub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1991-ci il noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyi yaranıb. Mərhum prezident Heydər Əliyevin 1997-ci il 23 mart tarixli fərmanı ilə 28 mart – Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü elan olunub.

Azərbaycan təhlükəsizlik orqanlarının tarixini üç dövrə bölmək olar: Azərbaycan Demokratik Respublikası dövrü, Sovet dövrü və müstəqil Azərbaycan Respublikası dövrü.

Azərbaycanda təhlükəsizlik orqanının ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra onun qardaşı Nağı Şeyxzamanlı təyin edilib. Sovetləşmədən sonra təşkilatın üzvləri repressiyalara məruz qalıb, M.Şeyxzamanlı başda olmaqla əksər rəhbər heyət güllələnib.

İndiyədək milli təhlükəsizlik naziri olmuş şəxslər kimlərdir?

Məmmədbağır Şeyxzamanlı (1919 iyun-avqust) Azərbaycan Demokratik Respublikasının milli hökuməti tərəfindən təsis edilən "Əksinqilab ilə mübarizə təşkilatı"nın ilk rəisi olub. M.Şeyxzamanlı bir müddət bu vəzifədə işlədikdən sonra, Azərbaycan Demokratik Respublikasının ilk parlamentində "Müsavat" fraksiyasının üzvü kimi siyasi fəaliyyəti ilə əlaqədar, 1919-cu ilin avqust ayında öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. Müstəqillik uğrunda ardıcıl mübarizə apardığına və barışmaz siyasi mövqeyinə görə, M.Şeyxzamanlı Azərbaycanın Rusiya tərəfindən işğalından sonra, bolşeviklər tərəfindən həbs edilib və 1920-ci ilin may ayında güllələnib.

Məmmədbağır Şeyxzamanlı öz ərizəsi ilə bu vəzifədən istefa verdikdən sonra Nağı Şeyxzamanlı 1919-cu ilin avqust ayında "Əksinqilab ilə mübarizə təşkilatının" rəisi təyin edilib. O və 1920-ci ilin mart ayında təşkilat buraxılana qədər onun rəhbəri kimi fəaliyyət göstərib. 1920-ci il aprel ayının 28-də Azərbaycanın Rusiya tərəfindən istilasından sonra mühacir həyatı keçirməyə məcbur olan N.Şeyxzamanlı bir müddət Türkiyədə, sonralar isə Almaniya və ABŞ-da yaşayıb. Nağı bəy Şeyxzamanlı 1967-ci ildə İstanbulda vəfat edib.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra təhlükəsizlik orqanı ayrı-ayrı adlar altında müxtəlif şəxslər tərəfindən idarə olunub.

Seymon Andreyeviç Pankrtaov 1920- ci ilin may ayından iyun ayına kimi kimi quruma rəhbərlik edib.

Daha sonra 1920-ci ilin aprelində XI Qırmızı ordunun tərkibində Bakının işğalında iştirak etmiş Baba Əliyev , 1920-ci ilin iyun ayından həmin ilin oktyabr ayının 19-na qədər Azərbaycan Fövqəladə Komissiyasının sədri olub.

1920-ci ilin oktyabr ayından 1921-ci ilin fevralına qədər isə hökumətçi bolşevik olan Eyyub Xanbudaqov Azərbaycan Fövqəladə Komissiyasının sədri təyin edilib.

Sonra bu postu 1921-ci ilin fevralından -1927-ci ilin may ayına qədər Mircəfər Bağırov tutub.

Novruz Rzayev 1927-ci il mayın 22-dən Fövqəladə Komissiyaya, sonra adını dəyişərək Dövlət Siyasi İdarəsi kimi fəaliyyət göstərmiş təhlükəsizlik orqanına başçılıq edib. Lakin dəyişən yalnız forma idi, məzmun isə dəyişməmişdi və bu orqanlar dövlətin yürütdüyü ideoloji xəttə qulluq edən repressiya aləti idi. Novruz Rzayev siyasi mövqeyinə görə 1929-cu ilin oktyabrında Dövlət Siyasi İdarəsinin rəhbərliyindən kənarlaşdırılır.

Mircəfər Bağırov 1929-cu ilin oktyabrından 1930-cu ilin avqust ayına qədər yenidən quruma rəhbərlik edib.

Frinovski Mixail Petroviç 1930-cu ilin avqust ayından 1933-cu ilin aprel ayına, Aqrba Aleksey Sergeyeviç 1933-cü ilin martından -1934 cü ilin martına kimi Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin sədri olublar.

Bu vəzifələri icra edənlər sırasında Sumbatov Yuvelian Davıdoviç (1934 mart - 1938 yanvar), Rayev-Kaminski Mixail Qriqoryeviç (1938 yanvar – noyabr),Yemelyanov Stepan Federoviç (1939 fevral - 1953 avqust), Quskov Anotoli Mixayloviç (1953 avqust - 1956 aprel), Kopliov Fyodor İvanoviç (1956 sentyabr -1959 avqust), Kardaşov Aleksandr Vasilyeviç (1959 avqust -1963 oktyabr), Sviqun Kuzmiç (1963 oktyabr - 1967 iyun) kimi şəxslər də var.

Azərbaycanın görkəmli dövlət xadimi, Azərbaycan Respublikasının üçüncü Prezidenti Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, birinci müavini, 1967-ci ildən 1969-cu ilin iyuluna qədər isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib.

Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri postunda 1969-cu ilin oktyabr ayından 1980-ci ilin iyununa kimi Krasilnikov Vitali Sergeyeviç , ondan sonra isə 1980-1988-ci illərdə Ziya Yusifazdə çalışıb.

Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinə 1988-ci ilin avqust ayından 1989-cu ilin avqustuna kimi İvan Qorolevski İvanoviç rəhbərlik edib.

16 avqust 1989-cu ildən 13 sentyabr 1991-ci ilə qədər Azərbaycan SSR DTK-nın sədri Vaqif Hüseynov olub. Qeyd edək ki, Vaqif Hüseynov bu vəzifəyə gəlməmişdən öncə jurnalist kimi bir sıra mətbu orqanlarda - "Sport", "Molodyoj Azerbaydjana" "Olimpiyskaya Panorama" qəzetlərində, o cümlədən televiziyada fəaliyyət göstərib və Kommunist Partiyasının fəallarından olub, müxtəlif dövlət hakimiyyəti vəzifələrində çalışıb. O, Azərbaycan milli azadlıq hərəkatına qarşı çıxıb, 20 yanvar hadisələri zamanı Moskvanın apardığı siyasət və tədbirlərdə yaxından iştirak edib.

Azərbaycan müstəqilliyə qədəm qoyduqdan sonar isə 1991-ci ilin sentyabrından 1992-ci ilin may ayına qədər Azərbaycan SSR DTK-nın sədri vəzifəsində İlhüseyin Hüseynov işləyib. Xidməti dövründə bir sıra dövlət mükafatları – "Qırmızı Bayraq" ordeni, "Döyüş xidmətlərinə görə" medalı və digər 14 medala, eləcə də "Kəşfiyyat xidmətlərinə görə" döş nişanı ilə təltif olunub. İ.Hüseynov təhlükəsizlik orqanlarından general-mayor hərbi rütbəsində silahlı qüvvələrin ehtiyatına buraxılıb.

Daha sonra Azərbaycan Respublikasının xüsusi xidmət orqanı Milli Təhlükəsizlik Nazirliyi adlanıb. 1992-1993-cü illərdə nazir postunda Fəxrəddin Təhməzov çalışıb. F.Təhməzov 1993-cü ilin iyununda tutduğu vəzifədən azad edilib. Həmin ildə baş vermiş Gəncə qiyamının yatırılmasında iştirakına görə qısa müddətli həbs cəzası alıb.
Nəriman İmanov isə Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri kimi 1993-1994-cü illərdə çalışıb. 1994-ci il dekabrın 21-də bir qrup şəxsin Nazirliyin təcridxanasından qaçırılmasını təşkilinə görə, vətənə xəyanət ittihamı ilə ömürlük məhrum edilib. 2002-ci ildə əfv fərmanı ilə azadlığa buraxılıb.

1995-ci ilin mart ayından 2004-cü ilin iyulunadək milli təhlükəsizlik naziri vəzifəsini Namiq Abbasov icra edib və general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.

Ölkə Prezidentinin 23 iyul 2004-cü il tarixli 320 nömrəli sərəncamı ilə Eldar Mahmudov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri təyin olunub . O bu vəzifədə 2015-ci ilə qədər qalıb.

Dövlət başçısı İlham Əliyevin imzaladığı 14 dekabr 2015-ci il tarixli 706 nömrəli Fərman ilə xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi postunda 2015-ci ildən 2019-cu ilə qədər Azərbaycan Respublikasının Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev olub.

2019-cu il iyunun 20-də Prezident İlham Əliyevin sərəncamı ilə Mədət Quliyev DTX-nın rəisi vəzifəsindən azad edilib və onun yerinə general-polkovnik Əli Nağıyev gətirilib.

Əli Nağıyev 1958-ci il noyabrın 8-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. 1981-ci ildə Azərbaycan Pedaqoji İnstitutunda (indiki ADPU) ali təhsil alıb. Əmək fəaliyyətinə 1975-ci ildə başlamışdır. 1986-cı ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali kurslarını bitirdikdən sonra Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat strukturlarında məsul vəzifələrdə xidmət edib. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini təyin olunub.

Azərbaycan Respublikası Prezidentinin 27 mart 2006-cı il tarixli Sərəncamı ilə Əli Nağıyevə general-mayor ali hərbi rütbəsi verilib. 2011-2019-cu illərdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində işləyib.

Dövlət başçısının 27 iyun 2019-cu il tarixli Sərəncamı ilə ona general-leytenant ali hərbi rütbəsi, 07 dekabr 2020-ci il tarixli Sərəncamı ilə isə general-polkovnik ali hərbi rütbəsi verilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: DTX  





Xəbər lenti