Məlumdur ki, Ermənistan Ordusunun arsenalında keçmiş SSRİ və Rusiya istehsalı silah-sursatın payı daha çoxdur. II Qarabağ müharibəsinin İrəvan üçün ağır nəticəsi bu nisbəti dəyişdirmək zərurətini meydana gətirdi. Hökumət və ordu rəsmiləri "papaqlarını qabaqlarına qoyub fikirləşərək" qərara gəldilər ki, onlara daha "Rusiya istehsalı köhnə silahlar yox, yüksəkkeyfiyyətli müasir silahlar" lazımdır.
(Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının sədr müavini Armen Xaçatryan)
"Bu silahları hansı ölkələrdən ala biləcəyimizi araşdırdıq. İndi məhz həmin ölkələrlə əməkdaşlıq aparırıq", - Xaçatryan deyib.
Doğrudur, Moskva II Qarabağ müharibəsindən sonra Ermənistana silah ixracını müvəqqəti dayandırsa da, Ermənistandakı nüfuzunu qorumağa və onun silah təminatını digər ölkələrin əlinə verməməyə çalışır. Halbuki artıq ikinci ildir Ukraynada müharibə apardığı üçün bütün hərbi gücünü oraya cəmləşdirən Rusiyanın İrəvanın silah-sursat tələbini hansı dərəcədə qarşılaya biləcəyi sual altındadır. Ona görə də İrəvan Moskvanın hərbi sahədə əməkdaşlıq müqavilələrinə "səhlənkar yanaşdığını", məsələn, 2021-ci ildəki razılaşmaya əsasən, 400 milyon dollarlıq sursat (həmçinin "Smerç" reaktiv yaylım atəş sistemi üçün raketlər) tələbini bu yaxınlarda "qismən" yerinə yetirdiyini dilə gətirib.
(9K58 "Smerç" (BM-30) - Rusiya istehsalı reaktiv yaylım atəşi sistemi)
Digər tərəfdən, Moskvanın İrəvandakı səfiri Sergey Kopırkin hazırda iki ölkə arasında hərbi-texniki əməkdaşlıqla bağlı danışıqlar aparıldığını diqqətə çatdırsa da, aydın görünür ki, Ermənistan, əksinə, Rusiyanın silahlarını "yararsız" adlandırır. Bu çərçivədə Fransa və Hindistanla silah idxalı üzrə razılığa gəlib.
(Moskvanın İrəvandakı səfiri Sergey Kopırkin)
Hindistandan Ermənistana özüyeriyən və yedəyə alınan artilleriya qurğuları, tank əleyhinə raketlər, əks-batareya radarları, tank əleyhinə sistemlər, reaktiv yaylım atəş sistemləri, zenit-raket kompleksləri və s. növdə silahların satışı üçün 2022-ci ildə 250 milyon dollar dəyərində müqavilə bağlanıb. Bu müqavilələrə əsasən, Bəndər Abbas limanı vasitəsilə İrana çatdırılan külli miqdarda silah, o cümlədən artilleriya qurğuları və "Pinaka" çoxbarrelli raketatanlarının ilk partiyası ötən il "Nurduz" sərhəd-keçid məntəqəsindən Ermənistana çatdırılıb.
(Ermənistan və Hindistan Baş nazirləri Nikol Paşinyan və Narendra Modi)
Ermənistan həmçinin Hindistandan qanadlı, hipersəs "BrahMos" və 600 kilometr uçuş məsafəsinə malik "Pralay" raketləri almaq üçün də danışıqlar aparır.
Ölkənin digər "məlum" silah ixracatçısı isə Fransadır. Paris İrəvana kiçikölçülü hava hücumundan müdafiə sistemləri və radarlarının, o cümlədən "CAESAR" özüyeriyən artilleriya qurğularının satışında ötən ilin oktyabrında razılığa gəlib. Razılaşmaya əsasən, 50 ədəd "Bastion" yüngül zirehli transportyor noyabrda Gürcüstanın Poti limanı vasitəsilə İrəvana göndərilib. Yeri gəlmişkən, əhalinin müəyyən qisminin revanşist əhval-ruhiyyəsindən faydalanmaqla erməni siyasi dairələrində nüfuz qazanan Paris Qafqazda münaqişənin həllində maraqlı deyil. Regionda kəşfiyyat fəaliyyətini gücləndirərək, tərəfləri əlverişli məqamda yenidən toqquşdurmaq üçün Ermənistana silah satır.
(Fransa prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan)
“Erməni kilsəsi sülh müqaviləsinə qarşıdır” – Moldovalı politoloq |
Halbuki Ermənistan Hindistan və Fransanın "hərbi yardımları" ilə kifayətlənmir, odur ki özünə qəyyum kimi "alternativ fövqəldövlət" tapmağa çalışır. İstər Armen Xaçatryanın, istər müdafiə naziri Suren Papikyanın, istərsə də Baş nazir Nikol Paşinyanın bu, ya digər açıqlamaları göstərir ki, sözügedən fövqəldövlət məhz ABŞ-dir.
Xaçatryan öz müsahibəsində bu ehtimala belə eyham vurub:
"İrəvan təkcə Hindistan və Fransa ilə deyil, bu sahədə böyük qüvvəyə malik digər ölkələrlə də hərbi-texniki əməkdaşlıq və silah-sursat idxalı ilə bağlı çox ciddi müqavilələr bağlayıb. Son bir-iki il ərzində daha böyük həcmdə işlər aparılıb və yaxın gələcəkdə nəticələri görünəcək".
Baş nazir Nikol Paşinyanın isə ötən günlərdə Britaniyanın "The Telegraph" qəzetinə müsahibəsi ehtimalı dolayı sübuta yetirir:
"ABŞ, Fransa, Hindistan və ya Avropa İttifaqı ilə təhlükəsizlik üzrə əməkdaşlığımız, əlbəttə, Rusiyaya qarşı yönəlməyib. Sadəcə bu sahədə (Rusiya ilə - red.) keçmiş əlaqələrimiz ehtiyaclarımızı ödəmir".
(Paşinyan "The Telegraph"ın müxbiri Roland Olifanta müsahibə verərkən)
Son illər iki ölkə arasında hərbi sahədə artan məsləhətləşmələr, tərəflərin Müdafiə Nazirliyi nümayəndələrinin qarşılıqlı səfərləri də bu ehtimalı təsdiqləməyə əsas verir. Siyasi ekspertlərin fikrincə, ABŞ-nin Ermənistana kadrların təlim-tədrisi üzrə başlayan hərbi dəstəyi daha ciddi şəkildə - müasir silah-sursat təminatı ilə əvəzlənə bilər.
Beləliklə, vurğuladığımız kimi, Ermənistan öz tarixi xislətini qoruyaraq, özünə qəyyum axtarır. Bu, təkcə hərbi-texniki sahə ilə məhdudlaşmır: İrəvan öz varlığını da hansısa fövqəldövlətin təminatına vermək istəyir. II Qarabağ müharibəsində ağır məğlubiyyətindən dərs çıxarmadan, Qərbə arxalanaraq regionda münaqişə ocağını yenidən qızışdırmağa çalışır. Nəzərə alanda ki Rusiya kimi ABŞ-nin də Ermənistana dəstəyi regiondakı vəziyyətdən bilavasitə asılıdır, rəsmi İrəvanın bu avantürası da gec-tez boşa çıxacaq...
Firudin Həmidli
AzVision.az