Ermənistan Rusiyanı məhkəməyə verməkdən qorxdu

 Ermənistan Rusiyanı  məhkəməyə verməkdən qorxdu
  04 Dekabr 2023    Oxunub:866
"Ermənistan haqqı ödənilən silahlara görə Rusiyanı məhkəməyə vermək niyyətində deyil". Bunu Ermənistan müdafiə nazirinin müavini Hraçya Sarkisyan parlamentdə jurnalistlərə bildirib.
O qeyd edib ki, bu silah partiyasının alınmasına dair müqavilə o vəzifəyə başlamazdan əvvəl imzalandığı üçün şəxsən tanış deyil.

"Silahların tədarükü olmayıb, lakin Rusiya məhkəməyə verilməyəcək. Məsələ tərəfdaşlıq çərçivəsində həll olunacaq", - o, brifinqdə bildirib.

Silahların alınacağına ümidin olub-olmadığını soruşduqda o, belə cavab verib: “Ümid həmişə var”.

Ermənistan hökuməti bundan əvvəl bəyan etmişdi ki, Rusiya pulu ödənilən silah və hərbi texnikanı Ermənistana tədarük etməyib. Ermənistanın Rusiyaya ödədiyi vəsaitin dəqiq məbləği rəsmi olaraq açıqlanmayıb, bəzi mənbələrə görə bu, təxminən 250 milyon dollar, bəzilərinə görə isə təxminən 400 milyon dollardır.

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, bu vəsaitin bir hissəsindən Rusiyaya olan borcunun silinməsi məsələsi üzərində iş aparılır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Ermənistan   Rusiya  





Xəbər lenti