“Biz papadan artıq müqəddəs olmayacağıq” – İsrailli hərbçi (Eksklüziv)

   “Biz papadan artıq müqəddəs olmayacağıq” –    İsrailli hərbçi (Eksklüziv)
  14 Noyabr 2023    Oxunub:3410
“İsrail dünyadakı hərbi qanunlara uyğun müharibə aparır. Biz Papadan artıq müqəddəs olmayacağıq”. Bunu AzVision.Az-a İsrail Müdafiə Qüvvələrinin Baş Qərargahının ehtiyatda olan polkovnik-leytenantı Mark Babot Qəzza zolağındakı hərbi əməliyyatları şərh edərkən deyib.
Babot əmindir ki, hərbi qanunlara görə, dinc əhalinin ölümündə məsuliyyəti müharibəni başlayan tərəf daşıyır. Üstəlik, HƏMAS mülki əhalinin Qəzzanın şimalını boşaltmasına mane olur və onlardan canlı qalxan kimi istifadə edir ki, bu da özlüyündə müharibə cinayətidir.

İsrail ordusunun polkovnik-leytenantı hesab edir ki, ölkəsinin özünü müdafiə və düşmənlərini məhv etmək üçün hər cür beynəlxalq və qanuni haqları var. “Saxal” HƏMAS-ın Qəzzada hərbi məqsədlər üçün tikdiyi hər şeyi yerlə bir edəcək. “Ondan sonra biz bütün dünya ilə birlikdə Qəzzanı tam həmassızlaşdırılması, demilitarizasiyası, dərsliklərin, proqramların dəyişdirilməsi üzərində işləyəcəyik. Bütün bunları dünya ilə birlikdə etmək lazımdır. Təbii ki, dünya bu insanların illərdir onlara yoluxan virusdan sağalmasını istəyirsə”,- Babot bildirib.

Hərbi taktikaya gəlincə, ekspertin fikrincə, bu dəfə İsrail ordusu sona qədər getməli, bütün infrastrukturu, bazaları məhv etməlidir: “Yeri gəlmişkən, HƏMAS-ın mülki infrastrukturu yoxdur. Nəzərinizə çatdırım ki, Qəzza terror dövlətidir. Lakin israilli siyasətçilər və zabitlər girovları nəzərə alırlar. Eyni zamanda, HƏMAS-ın bütün hədəfləri sistemli şəkildə məhv edilir. Biz İranın birbaşa dəstəklədiyi “Həmas” və “İslami Cihad”ın komanda məntəqələrinin, tunellərinin, bunkerlərinin və anbarlarının məhv edilməsi istiqamətində işləyirik. İkinci istiqamət İsrailə yönəlmiş bütün raketlərin məhv edilməsidir. Üçüncüsü də oktyabrın 7-də İsrailə hücumda iştirak edən terrorçuların ovudur”.

Hərbi ekspertin sözlərinə görə, HƏMAS terrorçularını 50-60-cı illərdən etibarən Rusiya və Sovet xüsusi xidmət orqanları yetişdirib: “Onlar bu gün də eyni üsulla hərəkət edirlər. Bilirlər ki, əllərində 200-dən çox mülki girov və hərbi əsir var. Onların bəziləri “şəxsi əllərdə”dir. HƏMAS terrorçuları kimi gəldi tutublar. Bu yaxınlarda internetdə HƏMAS terrorçusunun öldürdüyü yaşlı yəhudi qadının telefonundan öz valideynlərinə zəng vurmasının videosu yayılıb. O, anasına bir neçə israillini öldürdüyü üçün fəxr etdiyini deyir. Ana da öz növbəsində oğlunu buna görə tərifləyir və ona növbəti qətllər üçün xeyir-dua verir, yanında olmaq istədiyini bildirir. Siz bu insanları necə mülki şəxs saya bilirsiniz?”

M.Babot bildirib ki, İsrail qurbanların qalıqlarının tanınması prosesini davam etdirir. Bu iş o qədər mürəkkəbdir ki, sözlə təsvir etmək mümkün deyil: “Prosesdə iştirak edən mütəxəssislərimizdən biri əsəb böhranı keçirərək xəstəxanaya yerləşdirilib. Onu da qeyd edim ki, bu adam həyatında çox şey görüb, lakin belə qəddarlıqla ilk dəfədir qarşılaşır”.

Həmsöhbətimiz oktyabrın 7-də törədilən terror aktının heç bir dini əsasının olmadığını qeyd edib: “Ümumiyyətlə, hesab edirəm ki, HƏMAS kimi təşkilatlar İslamın birinci düşmənləridir. HƏMAS dinçi qurum deyil, orta əsrlərdə Şimali Livanda qətllər törədən ideologiyanın daşıyıcısıdır. Onların oktyabrın 7-də etdiklərini təsəvvürə gətirmək mümkün deyil. Terrorçular kibbutlara soxulan zaman orada kimin olduğu, hansı millətdən və ya dindən olduqları ilə maraqlanmayıblar. HƏMAS-a görə, İsrail vətəndaşlarının heç birinin yaşamaq hüququ yoxdur. Ələ keçirilən HƏMAS terrorçuları dindirilmə zamanı özləri də etiraf etdilər ki, onların əməllərinin İslamla heç bir əlaqəsi yoxdur”.

Ekspertin sözlərinə görə, Fələstində böyük müharibəni görməyən yeni nəsil yetişib, amma üsullar olduğu qalır: mülki şəxslərə hücum etmək, girov götürmək...
“Yəhudilərin əsas üstünlüyü ondan ibarətdir ki, bizim gedəcək başqa yerimiz yoxdur. Ona görə də, sona qədər İsrailin keşiyində dayanacağıq”, - M.Babot yekunlaşdırıb.

Seymur Məmmədov
AzVision.az

Bu yazını da oxuyun:
Qəzza testi: Heç kim keçə bilmədi...


Teqlər: İsrail   Qəzza  





Xəbər lenti