Bakıda əhalinin tibbi müayinəsi ilə bağlı yeni qeydiyyat sistemi yaradılıb

Bakıda əhalinin tibbi müayinəsi ilə bağlı yeni qeydiyyat sistemi yaradılıb
  18 Oktyabr 2023    Oxunub:1289
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) mövcud və ya yeni salınan şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin əhalisinin sayının artması ilə bağlı ilk olaraq pilot layihə kimi Bakı şəhəri üzrə ilkin səhiyyə xidmətinin optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə əhalinin tibb müəssisələrinə təhkim olunmasına başlayıb.
TƏBİB-dən verilən məlumata görə, paytaxt əhalisi haqqında tibbi məlumatların toplanmasına, gələcəkdə xəstəliklərin vaxtında aşkarlanmasına, risk qrupuna daxil olan xəstələrin müəyyənləşdirilməsinə və vaxtında müayinələrin aparılmasına xidmət edən bu proses nəticəsində Bakı şəhəri üzrə artıq 2 milyona yaxın vətəndaşın tibb müəssisələrinə təhkim olunması üçün qeydiyyatı aparılıb.

“E-tabib” mobil tətbiqində bu məqsədlə yeni qeydiyyat sistemi yaradılıb. Bakı şəhərində proses başa çatdıqdan sonra respublikanın ayrı-ayrı rayonları üzrə də əhalinin tibb müəssisələrinə təhkim olunmasına başlanılacaq.

Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli 92 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığortaolunanların ilkin tibbi-sanitariya yardımı üzrə dövlət tibb müəssisəsinə təhkimolunma Qaydası”na əsasən aparılan proses yeni yaşayış yerləri və əhalinin sayı üzrə xidmət əlçatanlığını təmin etmək, yaşayış yerləri üzrə ehtiyacı müəyyənləşdirərək tibbi xidmət şəbəkəsinin qurulması, dispanser qeydiyyatında olan xəstələrin, tibbi xidmətə ehtiyac duyan həssas əhali qrupunun dəqiq sayının müəyyənləşdirilməsi, dispanser müşahidəsinin təşkili, vətəndaşların tibbi sənədlərinin toplanması və sistemləşdirilməsi məqsədi daşıyır.

Bu proses eyni zamanda uşaq əhalisinin vaksinasiya planının daha dəqiq tərtib olunmasına və həmin təqvim planına əsasən peyvənd preparatlarının alınmasına, risk qrupunda olan uşaqların və eləcə də böyüklərin müayinəsinin aparılmasının asanlaşmasına imkan verəcək. İlin sonuna qədər TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən Bakı şəhərində bu prosesin yekunlaşdırılması planlaşdırılır.

Bu proses həmçinin gələcəkdə həkimlərin qiymətləndirilməsini, onların iş yükünün müəyyən olunmasını və xəstə sayı haqqında məlumatları da əlçatan edəcək.
AzVision.az



Teqlər:





Xəbər lenti