Əvvəlcə tədbir iştirakçıları universitetin foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər. Məzun Günü torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Məzunları təbrik edən AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, bu il bakalavriat və magistratura səviyyələri üzrə ümumilikdə 2500-dən çox tələbə məzun olur. Məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayan rektor AzTU-da görülən işlər, beynəlalq əlaqələr, ikili diplom proqramları, həyata keçirilən yeni layihələr barədə də məlumat verib. Bildirib ki, universitetin əsas hədəflərindən biri əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı mühəndis kadrları hazırlamaqdır.
Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov, Yasamal rayon icra hakimiyətinin başçısının 1-ci müavini Hüseyn Əfəndiyev və millət vəkilləri məzunları təbrik edib, onlara uğurlar arzulayıb.
Çıxışlardan sonra AzTU-nu fərqlənmə ilə bitirən, həmçinin universitetin ictimai-sosial həyatında fəal iştirak edən məzunlara fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
Tədbirin növbəti hissəsində ilk dəfə olaraq Azərbaycan və Türkiyə universitetlərinin Məzun Günü tədbirlərinə videobağlantı vasitəsilə keçid edilib. Belə ki, AzTU, Bakı Dövlət Universiteti və İstanbul Texniki Universitetinin rektorları videobağlantı zamanı məzunları salamlayıb, onlara ən xoş arzularını bildirib. Qeyd olunub ki, bu təşəbbüs Azərbaycan və Türkiyənin növbəti dəfə əməkdaşlıq və qardaşlıq nümunəsini ortaya qoyur.
Məzun Günü konsert proqramı ilə davam edib.
AzVision.az