“Xocalı şəhidləri 613” kitabının təqdimatı keçirilib

“Xocalı şəhidləri 613” kitabının təqdimatı keçirilib
  22 İyun 2023    Oxunub:1462
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Heydər Əliyev Fondunun “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində nəşr etdirdiyi “Xocalı şəhidləri 613” kitabının təqdimatı keçirilib.
Təqdimatda alimlər, ictimai xadimlər, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Xocalı sakinləri, şəhid ailə üzvləri, media nümayəndələri iştirak ediblər.

Öncə müasir Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

MEK-in baş direktoru professor Məmməd Əliyev tədbiri giriş nitqi ilə açaraq qonaqları salamlayıb, onları kitabxanada görməkdən məmnun olduğunu bildirib. Baş direktor Xocalı soyqırımının təkcə Azərbaycan tarixinin deyil, bəşər tarixinin ən dəhşətli faciələrindən biri olduğunu vurğulayıb.

“Azərbaycan tarixən etiqadından, irqi mənşəyindən asılı olmayaraq bir çox etnik qrupların dinc şəkildə yaşadığı bir ölkə olub. Lakin 1992-ci ilin fevral ayından Xocalı sakinləri tolerantlıqdan uzaq olan faciə ilə üzləşdilər. Həmin gün Ermənistan silahlı qüvvələri tərəfindən yüzlərlə dinc əhali amansızcasına qətlə yetirilmiş, yaralanmış, işgəncələrə məruz qalmışdır. Dünya ictimaiyyəti, xüsusilə Azərbaycan gəncləri həmin gecəni, bu cinayətləri unutmamalı, soyqırım qurbanlarının və sağ qalanların xatirələrini əziz tutmalıdır. Bu baxımdan faciənin canlı şahidi, 8 gün erməni əsirliyində qalan Dürdanə Ağayevanın “Xocalı şəhidləri 613” kitabı xüsusi əhəmiyyət daşıyır. Mərkəzi Elmi Kitabxana şəhidlərimizi, Azərbaycanın şanlı tarixini, qəhrəmanlıq salnaməsini yazmış insanlar haqqında nəşrlərin toplanmasına xüsusi diqqət yetirir”, - deyə baş direktor vurğulayıb və faciənin beynəlxalq arenada tanıdılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın xidmətlərindən danışıb.

Çıxışı zamanı baş direktor daha geniş auditoriyaya çatdırılması üçün sözügedən kitabın bir neçə dillərə tərcüməsinin önəmini də diqqətə çatdırıb.

Millət vəkili Vüqar İskəndərov çıxışında Dürdanə xanımın bu qanlı hadisələri ictimaiyyətləşdirmə fəaliyyətini yüksək qiymətləndirib və gələcək işlərində uğurlar arzulayıb.

Təqdimat mərasimində çıxış edən müəllif Dürdanə Ağayeva öncə kitabın təqdimatında yaradılan şəraitə görə MEK-in rəhbərliyinə dərin təşəkkürünü bildirib və nəşrin ərsəyə gəlməsi haqqında danışıb. Bildirib ki, kitab Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində nəşr olunub. Müəllif qeyd edib ki, kitabda Xocalının işğaldan əvvəlki vəziyyəti, şəhərin ermənilər tərəfindən mühasirəyə alınması, keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə işğal edilməsi haqqında danışılır. Dürdanə Ağayeva Xocalı faciəsi şəhidlərinin bir çoxunu şəxsən tanıdığı üçün onun qələmə aldığı xatirələr xüsusi təsir qüvvəsinə malik olduğunu da diqqətə çatdırıb.

AMEA Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir Eynulla Mədətli çıxışı zamanı düşmənlə bütün cəbhələrdə mübarizə aparmalı olduğumuzu, Dürdanə Ağayevanın cəsarətlə başladığı bu əsərin olduqca dəyərli bir mənbə kimi istifadə ediləcəyini diqqətə çatdırıb.

Tədbirdə iştirak edən AMEA-nın Tarix İnstitutunun Qərbi Azərbaycan şöbəsinin rəhbəri Cəbi Bəhrəmov ermənilərin tarixən işğalçı siyasətindən danışıb.

Yasamal rayon İcra Hakimiyyətinin nümayəndəsi Emin Babayev, Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədr müavini Əminə Yusifqızı, Xocalı şəhər 2 saylı tam orta məktəbin direktoru Fiqurə Rüstəmova, şəhid Ramin Yusifzadənin anası və digərləri çıxış edərək Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı aktı kimi təsbit olunduğunu, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın mərd oğullarının qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan Zəfər nəticəsində şəhidlərimizin qanının yerdə qalmadığını ifadə ediblər.

AzVision.az

Qalereya




Teqlər: MEK  





Xəbər lenti