Rafael Qrossi: “İran əməkdaşlıqla bağlı gözləntiləri doğrultmur”

   Rafael Qrossi:    “İran əməkdaşlıqla bağlı gözləntiləri doğrultmur”
  07 İyun 2023    Oxunub:1102
İranın nüvə silahı əldə etmək səylərini son vaxtlar xeyli gücləndirməsi dünya ictimiyyətində ciddi narahatlıq doğurur. Tehran isə bu həyəcanın aradan qaldırılması yönündə əməkdaşlıq təkliflərindən bu və ya digər şəkildə yayınmağa çalışır.
AzVision.az xəbər verir ki, zənginləşdirilmiş uranın miqdarını artırmaqda davam edən İran bu sahədə Beynəlxalq Atom enerjisi agentliyi (MAQATE) ilə razılaşmaya uyğun şəkildə nəzarətin həyata keçirilməsində irəliləyişi əngəlləyir. MAQATE-nin baş direktoru Rafael Qrossi Agentliyin Rəhbərlər şurasının rüblük iclasında bildirib ki, bu istiqamətdə irəliləyiş qurumun gözlədiyi səviyyədə deyil və Tehran nüvə təftişi tələblərinin yalnız “bir hissəsi” ilə əməkdaşlıq edir.

“İranla razılaşmaların həyata keçirilməsində irəliləyiş əldə olunub, lakin mənim ümid etdiyim qədər deyil. İndi baş verməli olan şey, birgə bəyanatda əksini tapan bütün öhdəliklərin daha gecikmədən yerinə yetirilməsinə gətirib çıxaracaq davamlı və fasiləsiz prosesdir. İranın zənginləşdirilmiş uran ehtiyatları son üç ayda dörddə birdən çox artıb”, - Qrossi deyib.

MAQATE-nin baş direktoru İran mediasının Abadə nüvə obyektindən qeyri-müəyyənliklərin aradan qaldırıldığı barədə xəbərini rədd edərək, agentliyin müfəttişlərinin bu yerlə bağlı qiymətləndirməsi işinin hələ də getdiyini bildirib. İran hökumət mediasının bəzi mübahisələrin “həllini tapdığı” ilə bağlı iddiasını da təkizb edən Qrossi Fordu və Nətənz nüvə obyektlərində kameraların və monitorinq cihazlarının quraşdırılması məsələsinin qurumun nəzərdə tutduğu prosedurların bir hissəsi olduğunu vurğulayıb.

Tehranla MAQATE-nin bu ilin fevralında gəldikləri razılığa əsasən İran MAQATE-yə bəyan olunmayan üç obyektdə təbii uranın tapılması məsələsini aydınlaşdırmaq üçün qurumun müfəttişlər ilə əməkdaşlıq etməlidir.

Keçən həftə İranın dövlət mediası məlumatlı mənbəyə istinadən Abadə ərazisi kimi tanınan elan olunmamış nüvə sahəsinə afentliyin girişinə Tehranın icazə verdiyini bildirdi. İran mediasının yaydığı xəbərdə habelə Fordu ərazisində 84%-ə yaxın zənginləşdirilmiş uranın tapılması məsələsinin də İranın texniki izahatları ilə həll edildiyi deyilirdi.

Lakin bundan cəmi bir neçə saat sonra MAQATe-nin baş direktoru İranın dövlət mediasının bu iddiasına rəğmən, agentliklə Tehran arasında mübahisəli məsələlərin “mürəkkəb” olduğunu və hələ də heç bir yekun nəticəyə gəlinmədiyini açıqladı.
AzVision.az


Teqlər: MAQATE   İran  





Xəbər lenti