İranda zaminə buraxılan etirazçılar yenidən həbs olunurlar
İrandakı teokratik rejim etirazçılara qarşı repressiya siyasətində ikibaşlı taktiladan da istifadə edir. Məhkəmənin qərarı ilə zaminə buraxılan adamlar tezliklə, hətta bir neçə saatdan sonra belə, həbsxanalara atılır və onlar yeni “cinayət əməlləri”nə görə mühakimə olunurlar.
“Martın 4-də zaminə buraxılan Mahmud Mehrabi cəmi bir neçə saatdan sonra SEPAH kəşfiyyatçıları tərəfindən İsfahanın Mübarəkə şəhərində atasının evində yenidən həbs edilib. İsfahandakı Dəstgərd həbsxanasındakı SEPAH kəşfiyyat bölməsində dörd aylıq məhbəsdən sonra o, hələ də vəkillə görüşməkdən məhrumdur. Onun fiziki vəziyyəti də müstəntiqlərin işgəncə və təqibləri nəticəsində aldığı xəsarətlər səbəbindən çox əlverişsizdir. Uzun sürən döyülmə və işgəncələr nəticəsində onda qarın yırtığı əmələ gəlib və məhkəmə orqanları, xüsusən də Mübarəkə prokurorluğunun ikinci şöbəsinin müstəntiqi SEPAH kəşfiyyatının təzyiqi ilə onun tibbi xidmətlərdən istifadəsinə qeyri-qanuni yollarla tamamilə mane olurlar”, - məlumatda deyilir.
Həmçinin SEPAH kəşfiyyatının Mahmud Mehrabiyə qarşı geniş miqyaslı iş başlatdığı və buna təxminən 50-yə yaxın şəxsi iddiaçını, ümumilikdə şəhərin nüfuzlu adamlarını da qatdığı bildirilir. Halbuki, Mahmud, sadəcə, kiberməkanda fəallığı ilə seçilən etirazçıdır.
AzVision.az