Donmamış münaqişənin qığılcımları

// Avropa liderləri yeni gərginliyin qarşısını almağa çalışırlar

   Donmamış münaqişənin qığılcımları
  03 İyun 2023    Oxunub:1376
Kosovonun şimalındakı vəziyyət Avropa Siyasi Birliyinin sammitindəki əsas mövzulardan biri idi. Avropa diplomatiyasının rəhbəri Cosep Borrell sammitə ilk növbədə Serbiya prezidenti Aleksandar Vuçiçlə görüşmək üçün gəlmişdi. Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts da sammitdə Serbiya lideri ilə görüşdülər. Bir gün əvvəl isə Borrell Təhlükəsizlik Problemləri Forumunun keçirildiyi Bratislavada Kosovonun Baş naziri Albin Kurti ilə görüşmüşdü.
Son bir neçə gündə Avropa İttifaqının nümayəndələri Serbiya və Kosovo liderlərini danışıqlar masası arxasında bir araya gətirməyə çalışsalar da, nəticəsiz qalıb. Aleksandr Vuçiç Bratislava səfərini ləğv etdi. Baş nazir Albin Kurti nin yerinə Kişinyova Kosovo prezidenti Vyosa Osmani gəldi. Çərşənbə günü Kosovonun baş naziri ilə danışıqlardan sonra Cozep Borrell Kosovonun şimalındakı vəziyyəti "təhlükəli və qeyri-sabit" adlandıraraq, təcili həllə çağırdı.


Ötən həftə Kosovo xüsusi təyinatlıları bir gün əvvəl vəzifəyə başlayan alban merlərin administrasiya binalarına daxil olmasına mane olmağa çalışan bir qrup serbi xüsusi texnikanın köməyi ilə dağıdandan sonra Kosovoda vəziyyət gərginləşməyə başlayıb. Buna cavab olaraq Serbiya prezidenti Aleksandar Vuçiç ordunun yüksək döyüş hazırlığına gətirilməsini və Kosovo ilə sərhədə doğru hərəkət etməsini əmr edib.

Bu həftənin əvvəlində serblərlə Kosovo polisi arasında qarşıdurma etirazçılarla KFOR-dan olan NATO əsgərləri arasında qanlı toqquşmalara çevrilib, nəticədə 30 NATO üzvü və 50 serb yaralanıb.

Aleksandar Vuçiç Kosovonun baş nazirini “serblərlə NATO arasında qəsdən münaqişə yaratmaqda” ittiham edib. Priştina eskalasiyaya görə “şimalda ekstremistlərə və cinayətkar dəstələrə nəzarət edən” Belqradı günahlandırıb. Sonrakı günlərdə Kosovonun şimalındakı əsasən serblərin yaşadığı şəhərlərdə gərginlik davam edib.


NATO-nun Kosovoda vəziyyətin gərginləşməsinə cavabı 4000 nəfərlik KFOR kontingentini gücləndirmək üçün oraya əlavə 700 hərbçi göndərmək olub. İyunun 1-də isə alyansın xarici işlər nazirlərinin Osloda keçirilən iclasında baş katib Yens Stoltenberq NATO-nun Kosovoya daha da çox qoşun yeritməyə hazır olduğunu bildirib.

ABŞ və aparıcı Avropa ölkələri də Kosovo hadisələrinə operativ reaksiya verdilər. Bəlkə də son illərdə Qərb ilk dəfə olaraq gərginliyin artmasına görə əsas məsuliyyəti Priştinanın üzərinə qoydu. İlkin toqquşmalardan dərhal sonra ABŞ dövlət katibi Entoni Blinken “Kosovo hökumətinin şimalda gərginliyi və qeyri-sabitliyi artıran addımlarını qətiyyətlə pislədi”, Priştinanı “zorakı tədbirləri dərhal dayandırmağa və AB-nin himayəsi altında dialoqa” çağırdı.


Çərşənbə günü ABŞ dövlət katibi konkret tələblər irəli sürdü: “Baş nazir Kurti və hökumət seçilmiş bələdiyyə sədrlərinin müvəqqəti vəzifələrini yerinə yetirmələrini təmin etməlidir. Polis qüvvələri inzibati binalardan kənarda olan alternativ yerlərdən çıxarılmalıdır. Prezident Vuçiç və Serbiya hökuməti Serbiya ordusunun döyüş hazırlığını azaltmalı, serbləri KFOR ilə qarşıdurmanı dayandırmağa və zorakılıqdan çəkinməyə çağırmalıdır”.

Bunun ardınca sanksiyalar tətbiq olundu. Amerikanın Priştinadakı səfiri Jeffri Hovenier Kosovo hökuməti şimaldakı hərəkətlərini ABŞ ilə əlaqələndirmədiyi üçün Priştinanın iki ildir hazırladığı “Defender Europe 2023” hərbi təlimlərində Kosovonun iştirakının ləğv edildiyini açıqladı.

Avropa Birliyi də “yeni seçilmiş merlərin inzibati binalara daxil olmaq cəhdi ilə əlaqədar Kosovonun şimalında Kosovo polisi ilə nümayişçilər arasında baş verən toqquşmaları qətiyyətlə pisləyib”.
Fransa prezidenti Emmanuel Makron bildirib ki, “Güclənən iğtişaşlara görə Kosovo hakimiyyəti məsuliyyət daşıyır”.
Jozep Borrell tələb edib: "İlk addım olaraq, Kosovo səlahiyyətlilərindən polisi inzibati binalardan geri çəkməsini və nümayişçilərdən təmkinli olmağı gözləyirəm".

Kosovonun baş naziri Albin Kurti bu bəyanatları və addımları kifayət qədər ağrılı qəbul etdi. O, ABŞ dövlət katibinin bəyanatlarını “sadəlövh və yanlış”, Priştinanın hərbi təlimlərdən çıxarılmasını “ədalətsiz və fəlakətli” adlandırıb. Bununla belə, ABŞ-ın Kosovo üçün “əvəzolunmaz dost, tərəfdaş və müttəfiq” olaraq qaldığını bildirib.
Serbiya prezidenti Aleksandar Vucic Moldovada keçirilən sammitdə Avropa liderlərinə "deeskalasiya üçün hər şeyi edəcəklərini" vəd edib.

Rusiya da Kosovo ilə bağlı yeni gərginlikdən kənarda qalmayıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu yaxınlarda Kosovoda baş verənləri nəzərdə tutaraq, “Avropanın mərkəzində böyük partlayış yetişir” demişdi. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Moskvanın Serbiya və serbləri dəstəklədiyini bildirib.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Kosova   S  





Xəbər lenti