Bir dəqiqə susacağıq

Bir dəqiqə susacağıq
  14 Fevral 2013    Oxunub:2523
Ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
Azərbaycan Prezident Administrasiyası rəhbərinin sərəncamı ilə "Xocalı soyqırımının iyirmi birinci ildönümünün keçirilməsinə dair tədbirlər planı" təsdiqlənib.
Tədbirlər planında Xətai rayonunda, Naftalan şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərində, nümayəndəliklərində və diaspor təşkilatlarında bu dəhşətli hadisə ilə bağlı mətbuat konfranslarının, anma mərasimlərinin və s. keçirilməsi, xarici KİV və teleradio kanallarında Xocalı soyqırımına həsr olunmuş materialların yayılması nəzərdə tutulub.
Sənədə əsasən, idarə və təşkilatlarda, teatr-konsert müəssisələrində, sərgi salonlarında, ali və orta təhsil ocaqlarında xatirə gecələri, foto-rəsm sərgiləri, şahidlərlə görüşlər və s. keçiriləcək, milli azadlıq uğrunda mübarizəyə həsr olunmuş sənədli və bədii filmlər nümayiş etdiriləcək.
Rəsmi dövlət strukturları rəhbərlərinin, Milli Məclisin deputatlarının və ziyalıların iştirakı ilə xocalılıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Naftalan, Goranboy, Bərdə, Sabirabad, Göyçay, Zaqatala, Oğuz, Balakən) şəhid ailələrinə yardım göstəriləcək.
İldönümü ərəfəsində internet şəbəkəsinə Xocalı soyqırımını əks etdirən məlumatlar daxil ediləcək, ölkə mətbuatında, televiziya və radiolarında, kütləvi informasiya vasitələrində bu soyqırımı ilə bağlı materiallar veriləcək.
Fevralın 25-də təhsil müəssisələrində ilk dərslər bu faciəyə həsr olunacaq, ayın 26-da saat 17.00-da bütün ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.



Teqlər:





Xəbər lenti