Deputatlarımız da “Səni axtarıram”a baxır? - SORĞU

Deputatlarımız da “Səni axtarıram”a baxır? - SORĞU
  07 May 2014    Oxunub:1669
ATV telekanalında efirə gedən “Səni axtarıram” verilişi xeyli populyarlıq qazanıb. Verilişin əsas missiyası bəllidir: illərdir müxtəlif səbəblərdən yaxınlarından uzaq düşən insanların axtarışı, onların qovuşmasıdır.

Xoşqədəm Hidayətqızının timsalında bu kimi missiyanı yerinə yetirən bir veriliş seyrçilərin diqqətini cəlb edir və onlar hər həftənin bazar günü səbirsizliklə gözləyirlər.


Bəs görəsən, həftənin asudə vaxtını bu verilişə baxmaqla keçirən deputatlarımız varmı?

AzVision.az bununla bağlı Milli Məclisin deputatları arasında sorğu keçirib.

Deputat Zahid Oruc verilişin populyarlıq qazanmasını Xoşqədəm Hidayətqızının jurnalistlik fəaliyyəti ilə əlaqələndirib:

“Xoşqədəm xanım tanınmış jurnalistdir. Vaxtilə mediada populyarlıq qazanıb və mühüm bir qəzetin baş redaktoru olub. O zamanlar da kifayət qədər aktiv bir çalışmaları var idi. Sonrakı dövrdə ATV kanalında işini dəyişərək orada bu mühüm proqrama başladı. Həmin proqramın tələblərinə uyğun olaraq daha geniş məkanda arzularını germəkləşdirmək istədi və məqsədli, davamlı bir iş apardı. Ona görə də, Xoşqədəm Hidayətqızının bu verilişi Azərbaycan cəmiyyətində də belə populyarlıq qazandı”.

Millət vəkili işlərinin çoxluğu və zaman baxımından verilişlərə çox baxa bilmədiyini desə də, cəmiyyətdə bu verilişə rəğbətin böyük olduğunu bildirib.

“Siyasi işlərim və zaman baxımından verilişlərə çox baxa bilmirəm. Amma, deputatların bu verilişə dəvət olunduğunu və seyrçilərin verilişə böyük rəğbət bəslədiyini bilirəm”.

Xanım millət vəkili Jalə Əliyeva qeyd edib ki, “Səni axtarıram” yaxşı işlərə xidmət edir və alqışlanası bir missiyadır.

“Digər millət vəkilləri ilə yanaşı, mən də “Səni axtarıram” verilişinin bir neçə dəfə qonağı olmuşam. Verilişə müxtəlif sahələrdə sözünü demiş peşəkar insanlar- ictimai xadimlər, alimlər, sənət adamları ekspert kimi dəvət olunur və onlar gəlib fikirlərini bölüşürlər. Qaldı ki, “Səni axtarıram”ın populyarlığına, bu veriliş ətrafına çox seyrçini toplaya bilib və tamaşaçı marağına səbəb olan bir verilişdir. Düşünürəm ki, missiyası da maraqlıdır, humanist bir missiyadır. İnsanları bir-birinə qovuşdurmaq, uzun illər öz axtarışları fayda verməyən, təkbaşına əzizini axtaran insanlara kömək olub. Bir komanda şəklində insanların əzizlərini tapıb, ortaya çıxarmaq, onları əzizlərinə qovuşdurmaq yaxşı işdir. Mənə elə gəlir ki, “Səni axtarıram” yaxşı işlərə xidmət edir və alqışlanası bir missiyadır”.

Jalə Əliyeva vaxtı olan kimi bu verilişə baxdığını vurğulayıb.

“Məni bir nəfərin taleyi maraqlandırırsa, çalışıram ki, həmin taleyi sona kimi izləyim. Hər işin bəyənilən və bəyənilməyən tərəfi mütləq var. Amma bu veriliş insanlarımıza yaxşılıq etmək hisslərini aşılamaq üçün ərsəyə gələn bir verilişdir. Ona görə də, kiminsə gözündə müəyyən çatışmazlıqlar varsa, onları keçirilən böyük missiyanın, atılan yaxşı addımların xatirinə görməmək olar. Verilişə bədii, yaradıcı baxımdan yanaşılsa, tamaşaçının daha şçx marağına səbəb ola bilər”.

Deputat Mübariz Qurbanlı isə “Səni axtarıram” verilişini şou xarakterli hesab edir.

“Bu verilişə baxmıram. Ümumiyyətlə, “Səni axtarıram” tipli şou verilişlərinə baxmıram”.

Milli Məclisin digər deputatı Aqil Abbas isə heç kimi axtarmadığını deyir: “Mən o verilişə baxmıram. Kimisə axtarmıram ki, o verilişə baxım da”.

Millət vəkili Fazil Mustafa isə bu tipli verilişlərin cəmiyyətə faydalı olduğunu hesab edir: “Çox yaxşı bir proyektdir, mən bunu təqdir edirəm. Belə verilişlərə adətən baxmıram, sosial şəbəkələrə üstünlük verirəm. Amma insanlardan eşidirəm ki, onlara faydası dəyən bir verilişdir. Normaldır, yəni cəmiyyətdə bu tipli verilişlərin olmasının cəmiyyətə xeyri var. Müəyyən insanların problemləri ilə bağlı, müəyyən axtarılan insanların tapılması ilə bağlı müsbət bir impulslar varsa, deməli verilişə normal yanaşmaq lazımdır”.

Parlamentin digər deputatı Siyavuş Novruzov isə SSRI zamanı itən insanların axtarılması istiqamətində verilişin missiyasını yüksək qiymətləndirib: “Bir də görürsən ki, Rusiyada, Türkiyədə azərbaycanlıların öz qohum-əqrəbasını axtarmağa imkanı yoxdur. Vaxtilə Sovetlər birliyində yaşamışıq, istər-istəməz biri Qazaxıstana gedib düşüb, biri Özbəkistana, biri Rusiyaya. Ona görə düşünürəm ki, insanların öz yaxınları ilə əlaqə yaratmaq üçün, ələxsus insanlara kömək etmək üçün “Səni axtarıram” verilişi maraqlı bir verilişdir”.

Deputat Aydın Mirzəzadə da “Səni axtarıram” tipli verilişlərin çox olmasının tərəfdarıdır: “Xüsusi olaraq izləmirəm, amma arada baxıram. Və verilişin formatı, verilişdə təbliğ edilən Azərbaycan adət-ənənələri, vətənpərvərlik, insanları qovuşdurmaq əlbəttə ki xoşagələndir. Arzulayardım ki, belə verilişlər çox olsun”.

Mirvari Nəcəf



Teqlər:  





Xəbər lenti