22 nəfər dövlət qulluqçusu olmaq şansı qazandı

 22 nəfər dövlət qulluqçusu olmaq şansı qazandı
  15 May 2022    Oxunub:2265
Dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.
AzVision.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, imtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub.

İmtahanda 95 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AB2 altqrupu üzrə 1 nəfər, AC1 altqrupu üzrə 1 nəfər AC2 altqrupu üzrə 3 nəfər, AC3 altqrupu üzrə 7 nəfər, AC4 altqrupu üzrə 10 nəfər olmaqla, ümumilikdə 22 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün mayın 16-dən 27-dək DİM-in portalında müraciət formasını doldurmalıdır.

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası 16-18 may tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək.

***
09:01
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçirir.

Bu barədə AzVision.az - a DİM-dən məlumat verilib. Məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında təşkil ediləcək imtahan kompüter vasitəsilə aparılacaq. İmtahan vermək üçün 93 nəfər qeydiyyatdan keçib.

İmtahan saat 11:00-da başlayacaq və 3 saat davam edəcək.

Namizədlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

-Şəxsiyyəti təsdiq edən sənədin əsli;

-İmtahana buraxılış vərəqəsi.

Göstərilən sənədlərdən hər hansı biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun sertifikat veriləcək. Sertifikat 5 il qüvvədə olur. Sertifikatı olan şəxs burada nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

AzVision.az


Teqlər: DİM  





Xəbər lenti