Bu ilin ilk Günəş tutulması başlayıb

 Bu ilin ilk  Günəş tutulması  başlayıb
  30 Aprel 2022    Oxunub:1281
Bu gün saat 22:45-də ilin ilk Günəş tutulması başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bu, qismən Günəş tutulmasıdır. Təbii hadisə 3 saat 52 dəqiqə davam edəcək və mayın 1-də saat 02:37-də sona çatacaq. Tutulmanın maksimumu saat 00:41-də olacaq.

İlin ilk qismən Günəş tutulması Cənubi Amerikanın cənubunda, Antarktidanın bir hissəsində, Sakit və Atlantik okeanlarında müşahidə ediləcək, Azərbaycan ərazisində müşahidə olunmayacaq.

Xatırladaq ki, bu il iki Günəş, iki Ay tutulması olmaqla, ümumilikdə dörd tutulma hadisəsi baş verəcək.

İkinci Günəş tutulması isə 25 oktyabrda baş verəcək. Bu tutulma 2022-ci ilin ikinci qismən Günəş tutulmasıdır. Tutulma hadisəsi saat 12:58-də başlayacaq və saat 17:02-də sona çatacaq. Tutulmanın maksimumu 15:00-da olacaq. Tutulma hadisəsi 4 saat 4 dəqiqə davam edəcək. Bu təbiət hadisəsi Avropanın əksər hissələrində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərb hissələrində, o cümlədən ölkəmizdə də müşahidə olunacaq.

Növbəti təqvim ilinin ilk Ay tutulması may ayının 16-da baş verəcək. Bu tutulma hadisəsi tam Ay tutulması olacaq. Tutulma saat 07:29-da başlayacaq, saat 08:53-də isə sona çatacaq. Tutulmanın maksimumu saat 08:11-də qeydə alınacaq.

Bu tam Ay tutulması hadisəsini Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən görmək mümkün olacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda olacağı üçün tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

İkinci Ay tutulması 2022-ci ilin 8 noyabrında baş verəcək. Bu tutulma da tam Ay tutulması olacaq. Tutulma saat 14:16-da başlayacaq, saat 15:41-də isə sona çatacaq. Tutulmanın maksimumu saat 14:59-da qeydə alınacaq.

2022-ci ilin ikinci tam Ay tutulmasını Asiyadan, Avstraliyadan, Şimali Amerikadan, Şimali və Şərqi Avropanın bir hissəsindən və Cənubi Amerikanın çox hissələrindən müşahidə etmək mümkün olacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə tutulmanın əsas mərhələsi (tam tutulma) Azərbaycanda müşahidə olunmayacaq. Yalnız tutulmanın yarımkölgəli fazasının son 25 dəqiqəsi müddətində Şərq tərəfdə üfüqdə yarımkölgəli tutulmanı izləmək mümkün olacaqdır.

AzVision.az



Teqlər: Günəş-Tutulması  





Xəbər lenti