Bill Qeytsin 2022-ci il üçün proqnozları

   Bill Qeytsin  2022-ci il üçün proqnozları
  04 Aprel 2022    Oxunub:4075
Planetin ən varlı insanlarından biri, “Microsoft” korporasiyasının həmtəsisçisi və ən böyük səhmdarı, tanınmış xeyriyyəçi Bill Qeyts 2022-ci ilin əvvəlində verdiyi proqnozda bu il pandemiyanın başa çatacağını bildirmişdi.
O, 2021-ci ilin noyabrında “gələn ilin ortalarına qədər insanların COVID-ə nisbətən mövsümi qripdən daha çox öləcəyini” proqnozlaşdırmışdı. Həmçinin bildirmişdi ki, yeni təhlükəli ştamlar meydana çıxmasa, koronavirusa yoluxma tempi mövsümi qrip səviyyəsindən aşağı düşəcək.
Deyəsən, milyarderin bu proqnozu doğrulmağa başlayır. Elə isə maraqlıdır: Bəs o 2022 il üçün başqa nələrin olacağını öngörmüşdü? Gəlin, xatırlayaq.

Günəşin bloklanması

Qeyts Fondu həm də qlobal istiləşmə ilə mübarizə aparır və Harvard Universitetinin günəş geomühəndislərinin hazırladığı SCoPEx (Controlled Stratospheric Disturbance Experiment) layihəsinə sponsorluq edir. Layihənin mahiyyəti dəniz suyunun tərkibində olan kalsium karbonat hissəciklərini hava şarının köməyi ilə İsveçin şimal rayonu üzərində 20 km hündürlükdə atmosferə buraxmaq və səmaya səpələnmiş bulud yaratmaqdan ibarətdir. Nəticədə daha parlaq olan ağ buludlar planetdən kosmosa daha çox günəş işığı əks etdirəcək və “istixana effekti”ni azaltmağa kömək edəcək.

Bu təcrübə alimlərə stratosferdə hissəciklərin bir-biri, eləcə də günəş və infraqırmızı şüalanma ilə necə qarşılıqlı əlaqədə olduğunu anlamağa kömək edəcək. Layihə uğurlu olarsa, bu geomühəndislik texnikasından Günəş şüalarının Yer səthinə təsirini yumşaltmaq və qlobal istiləşmə prosesini dayandırmaq üçün istifadə oluna bilər.


Layihənin müəllifləri təklif edirlər ki, atmosferə hissəcikləri əks etdirən minlərlə şar göndərilsə, Günəş işığının birbaşa Yerə çatmasını qismən əngəlləmək olar. Günəş radiasiyasının bir neçə faizini əks etdirmək belə qlobal istiləşməni yavaşıtmağa və ya hətta geri qaytarmağa kömək edə bilər.

SCoPEx eksperimentini İsveç hakimiyyətinin və Harvarddan olan müstəqil araşdırma qrupunun razılığı alındıqdan sonra 2021-ci ilin iyununda aparmaq planlaşdırılırdı. Lakin fevral ayında İsveçin ekoloji qurumları və Samoa Şurası yerli hakimiyyət orqanlarından eksperimentin təxirə salınmasını xahiş etdilər, çünki onlar bunu riskli sayaraq, hazırlıq və çoxlu sayda mütəxəssisin iştirakı ilə müzakirə tələb etdilər. Hazırda Qeyts sınaq buraxılışının 2022-ci ildə baş tutacağına ümid edir.

Qan analizi ilə Altsheymer diaqnozu

Qeyts bir çox tibbi nailiyyətlərə münasibətdə, o cümlədən qan analizləri vasitəsilə Altsheymer xəstəliyinə diaqnoz qoyulmasında son dərəcə optimistdir. Belə bir testi 2020-ci ildə Amerikanın “C2N Diagnostics” şirkəti hazırlayıb. Bu test adətən Altsheymer xəstələrinin qanında amiloid zülalının artıqlığını aşkar etməyə imkan verir. Beləliklə, xəstəliyi xarakterik əlamətlərin görünməsindən illər əvvəl aşkar etmək və gedişatını izləmək olar. Hazırda xəstəlik adətən inkişaf etmiş mərhələlərdə aşkarlanır.
Qeyts etiraf edir ki, tibb onsuz da bu xəstəlikdən əziyyət çəkən insanların həyatını asanlaşdırmaqdan hələ uzaqdır, çünki hələ effektiv dərmanlar və xəstəliyin gedişatını ləngitmək üçün heç bir yol yoxdur.

Evdə diaqnoz qoyulması

Qeyts yaxın gələcəkdə evinizdən çıxmadan bütün həyat əlamətlərini ölçməyə imkan verən cihazın yaradılacağını proqnozlaşdırır. Xeyriyyəçi əmindir ki, həkimlər xəstələrinin göstəricilərini onların smart saatlarından ala biləcəklər. “Ağıllı saatınızın evdə sağlamlıq monitoruna çevrilməsinə böyük ümid var. Amma düzünü desəm, biz hələ də bir çox yeni proqramların və sensorların meydana çıxmasını gözləyirik”,- o qeyd edir.

Qeytsin sözlərinə görə, gələcəkdə hər kəs ən yaxın aptekdə qan analizi verərək, nəticəni həkiminə ötürə biləcək. O, həmçinin tele-tibbin inkişafına böyük ümidlər bəsləyir ki, bu da xəstələr başqa şəhərə köçdükləri təqdirdə onların həkimlərinin dəyişməməsinə imkan verəcək.

"Texnologiya və məxfiliklə bağlı məhdudiyyətlərdən başqa, rəqəmsal səhiyyənin həqiqi mənada kütləviləşməsindən əvvəl aradan qaldırmalı olduğumuz normativ maneələr də var", - Qeyts etiraf edir. Hazırda ABŞ-da qanunvericiliyin tele-tibblə bağlı tələbləri ştatdan ştata dəyişir.

Poliomielit üzərində qələbə

“Bill & Melinda Gates Foundation” Abu-Dabi şahzadəsinin dəstəyi ilə Nigerdə onxoserkoz (çay korluğu) xəstəliyinin aradan qaldırılmasına nail olub. Xəstəliyə qarşı peyvənd proqramının bütün qitədə yayılması planlaşdırılır.

“Microsoft”un həmtəsisçisi deyir ki, 2022-ci ildə daha iki xəstəliyə – poliomielitə və vərəmə qalib gəlməyə çalışacaq: “Bu, mənim üçün çox böyük və vacib bir şeydir. Əgər Əfqanıstanda sabitlik davamlı olsa, poliomielit xəstələrinin sayını, nəhayət, sıfıra endirə biləcəyik. Biz 20 ildən artıqdır ki, bunun üzərində işləyirik”.

Hələ 2019-cu ildə Qeyts xəbərdarlıq etmişdi ki, Əfqanıstandakı Taliban liderləri “poliomielitin aradan qaldırılması üçün qlobal səylərə mane olurlar”. 2019-cu ildə dünyada cəmi 39 hadisə qeydə alınıb, onlardan 16-sı Pakistanda, 23-ü Əfqanıstanda. Bu iki ölkə dünyada xəstəliyin endemik xarakter daşıdığı sonuncu ölkələrdir.

Hidrogen nəqliyyatının inkişafında irəliləyiş

Qeytsin sözlərinə görə, bu il biz “Breakthrough Energy Ventures, Catalyst və Fellows” layihələri çərçivəsində təmiz enerji sahəsində böyük irəliləyiş əldə edə bilərik. O, ekoloji cəhətdən təmiz və münasib qiymətə hidrogen yanacağı istehsal etmək yollarının tapılmasında real irəliləyişin olacağını proqnozlaşdırır. "Bu irəliyə doğru böyük bir addım olardı, çünki hidrogen yanacağı enerjinin uzun müddət saxlanmasına imkan verəcək və böyük təyyarələri, hətta sənaye proseslərini idarə etmək üçün istifadə edilə bilər", - Qeyts deyir.

Görüş yeri meta-aləmdir

“Mən proqnozlaşdırıram ki, yaxın iki-üç il ərzində əksər virtual görüşlər... metaversə, rəqəmsal avatarlar olan üçölçülü məkana keçəcək”. Qeytsin bu fikirlərini Facebook və Microsoft-un həmin istiqamətdə atdığı addımlar möhkəmləndirir. Onun korporasiyası 2022-ci ildə metaversenin keçid versiyasını buraxmağı planlaşdırır, bu versiyada istifadəçi avatar yaratmaq üçün veb-kameradan istifadə edə biləcək.


Ötən ilin noyabr ayında Microsoft artıq müştərək iş və qarışıq reallıqda əməkdaşlıq üçün “Mesh for Teams”in anons etdi. Texnologiya “Microsoft Mesh”ə əsaslanır və Microsoft Teams platformasına inteqrasiya olunub. İstifadəçi öz rəqəmsal avatarını yarada və veb-kameranı işə salmaq istəmədiyi təqdirdə virtual mühitdə görüşlər zamanı ondan istifadə edə biləcək. Şirkətlər avatarlarla virtual görüşlər təşkil etməklə yanaşı, öz immersiv məkanlarını və ya metaverselərini də yarada biləcəklər.

Yeni normalar

Milyarder etiraf edir ki, pandemiya zamanı həyat tərzi dəyişib, odur ki, pandemiyadan sonra YouTube və abunə olduğu digər kanallarda maarifləndirici videolara baxmaq vərdişini tərgitməyəcək. “Artıq mən şüşə istehsalı, quşların müşahidəsi və Amerika samoalarının tarixi haqqında daha çox şey bilirəm”, - vizioner zarafat edir.

Xeyriyyəçi etiraf edib ki, həyat yoldaşı Melinda ilə boşanması ona ağır zərbə olub. Qeyts cütlüyü 27 illik evlilikdən sonra may ayında ayrıldığını açıqlamışdı. “Bu ilin mənim üçün böyük şəxsi kədərlə müşayiət olunduğunu inkar edə bilmərəm. Nə olursa-olsun, dəyişikliyə uyğunlaşmaq heç vaxt asan deyil. Bu çətin dövrdə yaxınlarımın, xüsusən də uşaqların nə qədər dözümlü olması məni heyran etdi", - Bill Qeyts deyib.

Hazırladı: Nadir Qocabəyli
AzVision.az


Teqlər: Proqnoz   Bill-Qeyts  





Xəbər lenti