5G təyyarələrə qarşı: Aviaşirkətlər nədən qorxur?

// Yeni nəsil rabitə şəbəkəsi ABŞ-da uçuşların ləğvinə səbəb oldu

   5G təyyarələrə qarşı:   Aviaşirkətlər nədən qorxur?
  26 Yanvar 2022    Oxunub:6594
Bu həftə onlarla aviaşirkət Boston, Çikaqo, Dallas, Mayami, San-Fransisko da daxil olmaqla ABŞ-ın bir sıra şəhərlərinə uçuşları ləğv etməli olacağını açıqladı. Siyahıda digərlərilə yanaşı, United Airlines, American Airlines, Delta Air Lines, Emirates, Japan Airlines, Lufthansa, British Airways da var. Səbəb “AT&T” və “Verizon” telekommunikasiya şirkətlərinin bu şəhərlərdə 5G şəbəkələrini işə salmaq planlarıdır.
Aviaşirkətlərin və tənzimləyicilərin fikrincə, 5G şəbəkələri aviasiya cihazlarının, ilk növbədə radio hündürlükölçənlərinin işinə mane ola bilər. Bu cihazlardan təyyarənin enişi zamanı (xüsusən də pis hava şəraitində) istifadə olunur.

Bir çox müasir radio hündürlükölçənlər 1960-1970-ci illərin layihəsinə əsaslanır. O zaman mümkün müdaxilələr daha az idi. Bu səbəbdən indi bu cihazlar müasir müdaxilələri süzgəcdən keçirə bilmirlər.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) və Beynəlxalq Aviaşirkət Pilotları Assosiasiyaları Federasiyasının (IFALPA) 2020-ci ildə yaydığı birgə bəyanatda deyilir: “Radio hündürlükölçənlərin işində hər hansı fasilələr çoxsaylı qurbanlarla müşayiət olunan ağır qəzalara səbəb ola bilər. Bir neçə gün əvvəl American Airlines, Delta Air Lines və United Airlines daxil olmaqla, on ən böyük ABŞ aviaşirkəti də 5G şəbəkələrinin aviasiya sənayesinə böyük ziyan vuracağını bəyan ediblər.

Niyə məhz ABŞ-da?

5G şəbəkələri artıq bir çox ölkələrdə mövcuddur və hava trafikinə mane olmur. Məsələn, bu tipli şəbəkələr Avropanın bir çox şəhərlərində işə salınıb. Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) bildirir ki, “Aİ-dəki istehsalçılardan alınan texniki məlumatlar hazırda narahatlıq yarada biləcək inandırıcı sübutlar təqdim etmir”. EASA-ya 5G səbəbilə baş vermiş hər hansı insident məlum deyil. Böyük Britaniyanın Mülki Aviasiya İdarəsi də eyni şeyi bəyan edib: "Aviasiya sistemlərində 5G səbəbiylə nasazlıqlara və ya gözlənilməz hadisələrə səbəb olan heç bir təsdiqlənmiş müdaxilə nümunəsi yoxdur".


Məsələ burasındadır ki, ABŞ-da 5G şəbəkələri 3,7 GHz-dən 3,98 GHz-ə qədər olan radiotezlik diapazonundan istifadə edirlər. Bu, C diapazonudur. Avropada isə 5G şəbəkələri üçün daha “ləng” radiotezlik diapazonundan istifadə olunur - 3,4 GHz-dən 3,8 GHz-ə qədər. Bu vacibdir, çünki ABŞ-da 5G şəbəkələri üçün istifadə olunan diapazon 4,2 GHz-dən 4,4 GHz-ə qədər radio hündürlükölçənlər və digər təyyarə cihazlarında istifadə olunan diapazonlara çox yaxındır.

Bundan başqa, bəzi ölkələrdə 5G qüllələrinin hava limanlarının yaxınlığında yerləşdirilməsini yasaqlayan, eləcə də təyyarə cihazlarına müdaxilə potensialını azaltmaq üçün qüllələri əyməyi tələb edən xüsusi məhdudiyyətlər var. Məsələn, Fransada qüllənin hündürlüyü və siqnalının gücü hava limanına yaxınlıqdan asılıdır. Yaxınlıqda hava limanı varsa, göstəricilər daha aşağı olmalıdır. Fransa Milli Tezlik Bürosunun Spektr Planlaşdırılması və Beynəlxalq Kommunikasiyalar üzrə direktoru Erik Furnyenin sözlərinə görə, Fransada 17 böyük hava limanının yaxınlığında yerləşən 5G qüllələri müdaxilə ehtimalının qarşısını almaq üçün qaydalara əsasən uçuş trayektoriyalarından kənara meyillənməlidir. ABŞ-da bunun üçün heç bir xüsusi tələb yoxdur.

Eyni zamanda, bəzi ekspertlər hesab edirlər ki, problem şişirdilib, çünki əksər enişlərdə hündürlükölçənlərdən ümumiyyətlə istifadə edilmir, əlavə olaraq, müasir hündürlükölçənlərin əksəriyyəti artıq əsas maneəni süzgəcdən keçirə bilir.

Həll yolları

“AT&T” və “Verizon” artıq bəyan ediblər ki, hava limanlarının iki mil (3,2 km) radiusunda olan 5G-lərin yayımını dayandıracaqlar “FAA-nın (ABŞ Federal Aviasiya Administrasiyası) dünyanın təxminən 40 ölkəsinin artıq etdiyini, yəni 5G texnologiyasını təhlükəsiz şəkildə, uçuşlara mane olmadan tətbiqini bacarmaması bizi məyus edir”, - AT&T nümayəndələri bildiriblər.

Lakin bu, problemin həlli deyil, yalnız fasilədir - telekommunikasiya şirkətləri 5G şəbəkələrini hələ də bu diapazonlarda yerləşdirməyə hazırlaşırlar.

Dekabr ayında ABŞ Federal Aviasiya Administrasiyası (FAA) öz növbəsində pilotlara 5G şəbəkələrinin mənfi təsirindən qorxaraq, aşağı hündürlükdə radio hündürlükölçənlərdən istifadə etməyi qadağan edib. Bu səbəbdən təyyarələr bir sıra hava limanlarına və müəyyən hava şəraitində enə bilməyəcəklər, digər cihazlardan alınan məlumatlar isə bunun üçün kifayət etməyəcək. Avropa tənzimləyicisi EASA da hava yollarına tövsiyə edib ki, pilotları bu cihazların kəsinti ilə işləməsinin mümkünlüyü barədə məlumatlandırsınlar və radio hündürlükölçəndə nasazlıq baş verdiyi halda onlara necə davranmağı öyrətsinlər.


Problemin həlli yollarından biri də radio hündürlükölçənlərini yeniləməkdir ki, onlar maneəni süzgəcdən keçirə bilsinlər. Ekspertlərin sözlərinə görə, bunu həll etmək texniki baxımdan çox asandır. Mövcud çətinliklərin səbəblərindən biri FAA ilə ABŞ Federal Rabitə Komissiyası (FCC) arasında standartlarla bağlı razılıq və ümumiyyətlə, birgə işləməyə həvəsin olmamasıdır. Hələ 2020-ci ildə FAA aviasiya sənayesi ilə telekommunikasiya şirkətləri arasında münaqişənin aradan qaldırılması yollarını axtarmalı olan ekspertlər qrupu yaratdı, lakin tezliklə bu qrup dağıldı.

FAA həmçinin bəyan edir ki, 5G konstruksiyasının dizayn xüsusiyyətləri haqqında kifayət qədər məlumatı olmadığından radio hündürlükölçən istehsalı üçün yeni standartlar təqdim edə bilməz. Oktyabr ayına qədər tənzimləyicilər və aviasiya sənayesinin nümayəndələri hündürlükölçənlər üçün yeni standartlar hazırlamalıdırlar, lakin onlar yalnız yeni qurğulara şamil olunacaq.

Bundan əlavə, hündürlükölçənlərin təkmilləşdirilməsi kifayət qədər bahadır: “The New York Times” yazır ki, müxtəlif hesablamalara görə, bu, aviaşirkətlərə yüz milyonlara, hətta bir neçə milyard dollara başa gələ bilər. Təbii olaraq belə bir sual yaranır ki, yenilənmənin pulunu kim ödəməlidir - aviaşirkətlər, telekommunikasiya korporasiyaları, yoxsa hökumət bunun üçün vəsait ayırmalıdır? Mütəxəssislərin fikrincə, cihazların yenilənməsi illərlə çəkə bilər. Buna görə də, yaxın gələcək üçün ən real həll yolu, çox güman ki, hava limanlarının ətrafında 5G qüllələrinin olmaması və ya ən azından belə yerlərdə onların gücünün azaldılması ola bilər.

Hazırladı: Nadir Quliyev
AzVision.az


Teqlər: 5G   Aviasiya  





Xəbər lenti