MOSSAD-ın filmlərə çevrilən əməliyyatı: Eyxman necə oğurlanmışdı – TAM MƏXFİ

      MOSSAD-ın filmlərə çevrilən əməliyyatı:    Eyxman necə oğurlanmışdı –    TAM MƏXFİ
  10 Dekabr 2021    Oxunub:4828
Eyxmanın yeri müəyyənləşdiriləndən sonra əməliyyata ümumi hazırlıq 1959-cu ilin axırlarında, birbaşa həyata keçirilməsi isə 60-cı ilin aprelində başladı. "Mossad" əməliyyatçıları müxtəlif vaxtlarda ayrı-ayrı ölkələrdən Argentinaya gəldilər. Bu səfərləri təşkil etmək üçün "Mossad" hətta saxta səyahət şirkəti də yaratmışdı.
Əməliyyatın keçirilməsi İsrail nümayəndə heyətinin Argentinanın müstəqilliyinin 150 illiyini qeyd etmək üçün Buenos-Ayresə rəsmi səfəri ilə üst-üstə düşürdü. İsrailin Argentina ilə müntəzəm hava əlaqəsi olmadığından Eyxmanın nümayəndə heyətinin rəsmi təyyarəsində aparılması qərara alındı. "El Al" aviaşirkətinin rəhbərliyi gizli əməliyyat barədə məlumatlandırıldı. Təyyarənin mayın 19-da Buenos- Ayresə uçması və mayın 20-də geri qayıtması lazım idi.

Aprelin 26-da ilk əməliyyat qrupu Eyxmanı izləməyə başladı, aprelin 29-da isə Harel əməliyyata birbaşa rəhbərlik etmək üçün Argentinaya uçdu. Ümumilikdə əməliyyatda 30 nəfər iştirak edirdi, onlardan 12-si xüsusi hazırlıqlı şəxslər idi, qalanları isə digər kömək və təminatla məğul olacaqdı.

Buenos-Ayresdə "Mossad" əməkdaşları bir neçə ev və avtomobili icarəyə götürdülər, rabitə sistemi quruldu, işin uğursuz nəticələnəcəyi halda təcili evakuasiya və əlavə tədbirlər də daxil olmaqla gələcək əməliyyat ən kiçik detallarına qədər düşünüldü. Ələkeçirmə əməliyyatı zamanı qrupun sərəncamında yeddi ev var idi, o cümlədən, iki mənzil əməliyyatdan bir neçə gün əvvəl icarəyə götürülmüşdü.

"Un momentito, señor!"

Mayın 11-də iki maşın və yeddi nəfər Eyxmanın işdən dönməsini gözləyirdi. Əməliyyatı sonradan "agent yeddi qırx" və ya "Eyxmanı tutan adam" kimi tanınan Piter Malkin şəxsən həyata keçirdi. Eyxman adətən avtobusla axşam saat 7-də evə gəlirdi. Amma bu dəfə avtobusda deyildi. O, yalnız saat 20:05-də göründü, fənəri yandırdı və evə tərəf addımlamağa başladı. Pusquya 10 metr yaxınlaşanda Malkin arxadan ona ispan dilində "Un momentito, señor!" ("Bir dəqiqə gözləyin, cənab!") deyə müraciət etdi və sonra "nelson" fəndi ilə boğazından tutaraq, yerə sərdi. Avraham Şalom dərhal maşından çıxdı və Eyxmanın ayaqlarından tutdu. Rafi Eytan o biri tərəfdən yaxınlaşdı və üçü də Eyxmanı maşının içinə soxdular.


Malkinin sözlərinə görə, ələkeçirmə 20 saniyədən bir qədər çox çəkib. Yaxınlıqda hadisəni görə biləcək heç bir şahid yox idi. Rafi Eytan Eyxmanın heç bir müqavimət göstərə bilmədiyini söyləyirdi.
Maşında Eyxmanın əl-ayağını bağlamış, gözlərinə qara eynək taxmış, üstünü yorğanla örtmüşdülər. Zivi Aaroni alman dilində ona "Sakit dur, yoxsa səni öldürəcəyik!" demişdi. Eyxman isə tərpənmirdi. Sonra hər iki avtomobil "Mossad"ın icarəyə götürdüyü gizli evlərdən birinə yola düşdü.

Villadakı VİP-məhbus

Qaçırıldıqdan sonra Eyxman agentlər tərəfindən Buenos-Ayres şəhərinin ətrafında icarəyə götürülmüş villaya aparıldı. Qısa sorğu-sualdan sonra mayın 3-də agentlər İsrail hökumətinə nasist canisinin tutulması barədə məlumat verdilər.
Əməliyyatın sonrakı gedişatına rəhbərlik etmək üçün Harel "mobil qərargah" yaratdı. Qrupun üzvləri müəyyən bir saatda görüşlərin keçirildiyi kafelərin siyahısını aldılar. Beləliklə, hər məkana yalnız bir dəfə baş çəkilirdi.

Eyxman villadakı 9 günü gecə-gündüz mühafizə altında keçirdi. Günün çox hissəsində mühafizəçilərin üzlərini görməməsi üçün gözlərinə qaranlıq eynək taxılaraq, yatağa qandallanırdı. Mühafizəçilərdən biri daim Eyxmanla birgə otaqda olur və onu diqqətdə saxlayırdı. İkinci gözətçi qapısı daim açıq olan qonşu otaqda idi. Eyxmanın mühafizəçilərinə onunla danışmaq qəti qadağan edilmişdi və Rafi Eytan əmrin ciddi şəkildə icrasına nəzarət edirdi. Gecələr həyətdə mühafizə üçün adam qoyulurdu.


Mühafizəçiləri köməyə çağırmaq üçün Eyxmanın otağına həyəcan zəngi quraşdırılmışdı. Həyətdə təhlükə anında qaçmaq üçün hazır avtomobil gözləyirdi.

Villada saxlanıldığı müddətdə bu və ya digər şəkildə Eyxman ilə əlaqə quranların hamısı ona hər hansı təcavüz etməmək üçün özlərini və biri-birlərini nəzarətdə saxlayırdılar. Harel yazır ki, villada yemək hazırlayan yeganə qadın əsiri zəhərləməkdən özünü güclə saxlayırdı.

Əgər evə polis basqını olardısa, bu halda Eyxman nəyin bahasına olursa-olsun, başqa yerə aparılmalı idi. Bu mümkün olmadığı halda, Rafi Eytan özünü Eyxmana qandallamalı və açarı ataraq, polisə məhbusun kimliyini bildirməli idi. "Mossad"a üzvlük qəti şəkildə etiraf olunmamalı idi. Polis tərəfindən tutulduqları təqdirdə əməliyyatçılar özlərini İsrail könüllüləri kimi təqdim etməli idilər.

“Mən, Adlof Eyxman…”

Villada Eyxmandan intensiv ifadələrin alınması davam edirdi. Harel onu cinayətləri yazılı şəkildə etiraf etdiyini və İsraildə mühakimə olunmasına razılıq verdiyini iddia edir.

“Mən, aşağıda imza atmış Adolf Eyxman könüllü olaraq bildirirəm ki, həqiqi kimliyim aşkara çıxdığından, artıq məhkəmədən qaçmağa cəhdin mənası yoxdur. Mən İsrailə getməyə və müvaffiq səlahiyyətli məhkəmənin qarşısına çıxmağa hazıram. Sözsüz ki, hüquqi yardım alacağam və Almaniyada xidmətimin son illəri ilə bağlı faktları, heç nəyi gizlətmədən söyləyəcəyəm ki, gələcək nəsillər bu hadisələrin əsl mənzərəsini bilsinlər. Bu ərizəni könüllü olaraq imzalayıram. Mənə heç nə vəd etmir və hədələmirlər. Nəhayət, dinclik tapmaq istəyirəm. Keçmişi artıq bütün təfərrüatları ilə xatırlaya bilmədiyimdən, baş verənlərin mənzərəsini bərpa etməyə yardım göstərəcək sənədlər və şahidlər təqdim etməyinizi xahiş edirəm".
Adolf Eyxman. Buenos-Ayres, 1960-cı il may ayı.

(İsser Harel. "Cəlladın qaçırılması". 27-ci hissə)

“Cəllad” İsraildə

Mayın 19-da "El Al" təyyarəsi Buenos-Ayres hava limanına endi. Mayın 20-də anestezioloq Yona Elian Eyxmana trankvilizator tərkibli iynə vurdu və onun əyninə İsrail pilotu paltarı geyindirildi. Bundan sonra cinayətkar Argentinanın müstəqilliyinin 150 illiyini qeyd etmək üçün Buenos- Ayresə uçan "El Al" təyyarəsinin xəstə heyət üzvü qiyafəsində hava limanına gətirildi və Argentina sərhədçilərinə pilot Rafael Arnonun adına olan pasport təqdim edildi. Bundan əvvəl Arnonun iştirakı ilə uydurma bir avtomobil qəzası təşkil edilmiş və mayın 20-də guya xəstəxanadan "xəstənin uçuşu həkim nəzarəti altında keçirə biləcəyini" ifadə edən sənəd düzəldilmişdi. Sərhədçilər israilliləri nəzarət məntəqəsindən buraxdılar. Eyxman anlaqsız olduğundan, etiraz edə bilmədi. Gecə yarısı göyərtəsində Eyxmanın olduğu "El Al" təyyarəsi İsrailə tərəf havaya qalxdı...


Eyxman itkin düşdükdən sonra alman icmasının təxminən üç yüz üzvü bir həftə ərzində Buenos-Ayresdə axtarış apararaq, dəmiryolu stansiyalarını, dəniz limanlarını və aerodromları nəzarətdə saxlamağa çalışdılar. Ancaq heç bir şübhəli şey aşkarlaya bilmədilər. Nə Argentina polisi, nə də Eyxmanın qohumları onun yerini heç cür müəyyənləşdirə bilmədi.
Mayın 22-də baş nazir David Ben-Qurion "Adolf Eyxmanın İsraildə olduğunu və tezliklə məsuliyyətə cəlb ediləcəyini" açıqladı.

Beynəlxalq reaksiya

1960-cı il iyunun 8-də Argentina rəsmi olaraq Eyxmanın geri qaytarılmasını tələb edərək, iyunun 15-də İsrailin hərəkətlərindən BMT-yə şikayət verdi.
Bu hadisəni müzakirə etmək üçün BMT-də xüsusi iclas çağırıldı. İsrailin xarici işlər naziri Qolda Meir qanunsuz hərəkətlərə görə Argentinadan rəsmi şəkildə üzr istədi, ancaq bu vəziyyətdə haqlı olduqlarını bildirdi. İsrailin irəli sürdüyü versiyaya görə, Eyxman dövlət xidmətində olmayan bir sıra "yəhudi könüllüləri" tərəfindən qaçırılmışdı. Argentinanın xüsusi xidmət orqanları İsrail kəşfiyyatının bu işdə iştirakını sübut edə bilmədi.

Nasistlərə rəğbət bəsləyən ərəb mətbuatı Eyxmanı açıq şəkildə müdafiə edirdi. Xüsusilə, ingilisdilli İordaniya qəzeti "The Jerusalem Times" 24 aprel 1961-ci il tarixli nömrəsində yayımladığı məktubda Eyxman vasitəsilə "bəşəriyyətə bir xeyir gəldiyini" və "məhkəmənin qisas almaq üçün 6 gün ərzində çıxardığı qərarın qalan altı milyon yəhudinin məhvi ilə sona çatacağına" inandığını bildirirdi.

Məhkəmə

Eyxman Yerusəlimdə polisə təhvil verildi. Onun fəaliyyəti alman dilini mükəmməl bilən 8 zabitdən ibarət xüsusi qurulmuş "006 saylı idarə" adlı polis bölməsi tərəfindən araşdırılırdı. Məhkəmə prosesində Holokostdan sağ çıxanlar şahid qismində çıxış edirdi.


Eyxman insanlığa qarşı cinayətlərdə, yəhudi xalqına qarşı cinayətlərdə, cinayət təşkilatlarına (SS və SD, Gestapo) üzvlükdə ittiham olunurdu. Yəhudi xalqına qarşı cinayətlər milyonlarla yəhudinin həbs edilməsi, ölüm düşərgələrinə göndərilməsi, qətllər və əmlaklarının müsadirə olunması da daxil olmaqla, bütün repressiya növlərini əhatə edirdi.

İttiham aktı təkcə yəhudi xalqına qarşı deyil, digər xalqların nümayəndələrinə qarşı cinayətlərlə də əlaqələndirildi. Milyonlarla polyakın sürgünü, on minlərlə qaraçının həbsi və ölüm düşərgələrinə göndərilməsi, çex partizanları tərəfindən Reynxard Qeydrixin öldürülməsinə qisas olaraq Çexiyanın Lidiçe kəndindən 100 uşağın Lodz gettosuna göndərilərək, məhv edilməsi və digər dəhşətli faktlar daxil idi.

1961-ci il dekabrın 15-də yəhudi xalqına və bəşəriyyətə qarşı insanlığa sığmayan vəhşiliklərdə günahkar bilinən Adolf Eyxmana ölüm hökmü oxundu.

İblisin edamı

İsrail prezidenti İshak Ben-Sivi onun əfv müraciətini rədd etdi. Beləliklə, Eyxman 1962-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Ramla həbsxanasında asılaraq, edam edildi. Bu, məhkəmənin hökmü ilə İsraildə baş tutan ikinci və son ölüm cəzasıdır. Edam zamanı gözlərinə qara parça bağlanmasından imtina edən Eyxman o dünyada hər kəslə yenidən görüşəcəyini və allaha inanaraq, ölümü qəbul etdiyini söylədi.

Asıldıqdan sonra Eyxmanın cəsədi yandırıldı və külü İsrailin ərazi sularından kənarda Aralıq dənizinə səpildi.

“Mossad”ın etirafı

Eyxmanı qaçıran şəxslərin bəzi "yəhudi könüllüləri" yox, məhz "Mossad" agentləri olduğu 2005-ci ilin fevral ayında rəsmən etiraf edildi. 2007-ci ilin yanvarında əməliyyat iştirakçılarının tam siyahısı dərc edildi. Həmin il, iyunun 26-da İsrail Prezidentinin səlahiyyətlərini icra edən Dalia İtsik əməliyyat iştirakçılarına fəxri diplomlar və xatirə hədiyyələrini təqdim etdi. Əməliyyatın birbaşa iştirakçılarından üçü (Piter Malkin, Moşe Tavor və Şalom Dani) artıq həyatda deyildilər.


2011-ci il dekabrın 12-də İsrailin baş naziri Benyamin Netanyahunun iştirakı ilə Adolf Eyxmanın qaçırılması əməliyyatına həsr edilən sərgi açıldı. Sərgidə dövlət arxivindən ilk dəfə "Mossad" tərəfindən Argentinada Eyxmanın qaçırılması ilə əlaqədar, habelə İsraildəki məhkəmə işinə aid unikal eksponatlar və sənədlər nümayiş etdirildi. Bu eksponatlar arasında Ben-Qurionun Eyxmanın tutulması barədə əmri, cinayət işinin hökmü, oğurluq zamanı istifadə olunan anesteziya üçün xüsusi şpris, "Mossad" agentlərinin pasportları, biletləri və əlcəkləri, Eyxmanın məhkəmə salonunda saxlanıldığı şüşə qəfəs də vardı.

“Eyxman əməliyyatı” filmlərdə

Adolf Eyxmanın həm şəxsi həyatı və fəaliyyətinə, həm də qaçırılmasına aid bir neçə əsər yazılıb, bədii və sənədli filmlər çəkilib. Onun qaçırılması və məhkəməsi bütün dünyada məşhurlaşdığından, dərhal yazıçıların və jurnalistlərinin diqqətini cəlb etmişdi. Ancaq bu hekayənin vizuallaşdırılması yalnız 1968-ci ildə mümkün oldu: aktyor və ssenarist Robert Şou bu barədə roman yazdı və Broadveydə "Şüşə qəfəsdəki adam" pyesini səhnələşdirdi.

1975-ci ildə bu roman və pyes əsasında rejissor Artur Hiller bir neçə ay ərzində Eyxmanın məhkəməsinin materialları və Hanna Arendtin məqalələri ilə tanış olaraq, Maksimilian Şellin baş rolda oynadığı "Şüşə qəfəsdəki adam" bədii filmini çəkdi.

1961-ci ildə Eyxman hələ də İsrail həbsxanasında olarkən, ABŞ-da rejissor R.J.Sprinqstin tərəfindən çəkilmiş "Eyxman əməliyyatı" bədii filmi ekranlara çıxdı. Eyxman obrazını Verner Klemperer canlandırmışdı.


İsser Harelin "Qaribaldi küçəsindəki ev" əsəri əsasında 1979-cu ildə Haim Topol və Martin Balsamın baş rollarda oynadığı eyniadlı bədii filmi çəkilmişdi. 1996-cı ildə Harry Stein ilə Piter Malkinin yazdığı "Eyxman əlimizdədir" kitabı əsasında "Eyxmanı tutan adam" telefilmi çəkilib. Filmdə Eyxman rolunu Robert Duvall, Malkin obrazını isə Arlis Hovard canlandırıb.

2006-cı ildə Rusiyada Tuvia Fridmanın fəaliyyətinə həsr olunmuş "Nasist Ovçuları" 4 epizodlu sənədli film ekranlara buraxıldı. 2007-ci ildə İsrail məhkəməsinin sənədlərinə əsaslanan bioqrafik "Eyxman" ingilis-macar filmi ortaya çıxdı.
2007-ci ildə yayımlanan "Borc" bədii filmində üç gənc "Mossad" agentinin sağ qalan nasist cinayətkarlarından birini axtarmaq üçün Avropaya yola düşdüyü əks olunurdu. 2009-cu ildə "Miramax" studiyası əsas rolların birində Helen Mirrenin çəkildiyi eyni adlı filmin remeykini buraxdı. Film 2011-ci ilin avqustunda studiyanın bağlanmasından sonra yayımlandı.

2018-ci ilin avqustunda baş rolda Ben Kinqslinin oynadığı Eyxmanın tutulmasından bəhs edən "Final əməliyyatı" filmi nümayiş olundu. 2019-cu ildə F.Dikin "Yüksək qüllədəki adam" romanının motivləri əsasında çəkilən teleserialda Eyxman obrazını aktyor Timoti V. Mörfi canlandırıb.

Şəlalə Göytürk
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: MOSSAD   Eyxman  





Xəbər lenti